"Müstəqilliyi əldə etmək onu qoruyub saxlamaqdan, möhkəmləndirməkdən daha asandır"
Heydər Əliyev
Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasından 98 il ötür. Azərbaycan xalqının həyatına böyük və əlamətdar hadisə kimi daxil olan bu gün Şərqdə ilk demokratik dövlət quruluşu olub. Həmin gün Azərbaycan Xalq Cümhuriyyəti istiqlaliyyətimizi elan edərək, xalqımızın müstəqillik əzmini nümayiş etdirdi. 1918-ci il mayın 28-də Tiflisdə qəbul edilmiş "İstiqlal Bəyannaməsi"ndən, "Əqdnamə"dən də göründüyü kimi, bu möhtəşəm tarix xalqımızın müstəqillik amalını daha da gücləndirib.
Azərbaycan Xalq Cümhuriyyəti gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə cəmi 23 ay fəaliyyət göstərsə də, sonrakı nəsillərin yaddaşında xalqımızın tarixinin ən parlaq səhifələrindən biri kimi əbədi yer tutub. Belə ki, 1918-ci il mayın 28-də Şərqdə qurulan ilk demokratik respublika - Azərbaycan Xalq Cümhuriyyəti 23 aylıq ömrü ərzində bir çox sahələrdə həyata keçirdiyi islahatlarla Azərbaycan tarixində mühüm bir mərhələnin əsasını qoydu. XX əsrin əvvəlində Azərbaycan dövlətinin xarici siyasət prinsipləri formalaşdı və bu prinsiplər dostluq və əməkdaşlığa söykəndi. Bunlar Azərbaycan Milli Şurasının qəbul etdiyi İstiqlaliyyət Bəyannaməsində də əksini tapdı. Azərbaycan Xalq Cümhuriyyəti millət, məzhəb, sinif və cins fərqi görmədiyini və bütün vətəndaşların siyasi hüquqlarını təmin etdiyini bütün dünyaya bəyan etdi.
Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı bu şərəfli tarix ölkəmizdə 28 May Respublika Günü kimi qeyd edilir.
Bu gün Cümhuriyyət dövrünə bir daha nəzər salınır, onun tariximizdəki yeri və rolu ətraflı təhlil edilir, dövlət quruculuğu təcrübəsi hərtərəfli öyrənilir.
XX əsrin 90-cı illərində Azərbaycanda da daxil olmaqla bütün İttifaq respublikalarında başlanan və Sovet İttifaqının dağılması ilə nəticələnən milli azadlıq hərəkatı ilə Azərbaycan ikinci dəfə öz müstəqilliyinə qovuşdu. Yenidən müstəqilliyinə qovuşan Azərbaycan suverenliyini qoruyub saxlamağı bacardı. Xalqımız yeni tarixi şəraitdə öz dövlət müstəqilliyini bərpa etdikdən sonra Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi altında müstəqil Azərbaycan dövlətini yaratdı. Lakin Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətindən fərqli olaraq, mürəkkəb vəziyyətdə öz müstəqilliyini və suverenliyini qorumağı və möhkəmləndirməyi bacardı, dövlətçiliyin qorunması üçün qətiyyətli tədbirlər görüldü, ölkədə davamlı ictimai-siyasi sabitlik bərpa edildi. Ulu Öndər Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycan dövləti sürətli inkişaf yoluna qədəm qoydu. Ümummilli Lider müstəqilliyi ən böyük sərvət, ən böyük dəyər kimi qiymətləndirirdi: "Müstəqilliyi əldə etmək onu qoruyub saxlamaqdan, möhkəmləndirməkdən daha asandır. Bu gün Azərbaycan, sözün əsl mənasında, müstəqil ölkədir, biz həm daxildə, həm də xaricdə müstəqil siyasət aparırıq. ...Bizim siyasətimiz Azərbaycan xalqının maraqlarına xidmət göstərir. Azərbaycan xalqının maraqlarının qorunması, Azərbaycan dövlətinin möhkəmləndirilməsi, Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi mənim üçün və bilirəm ki, hər bir Azərbaycan vətəndaşı üçün ən başlıca vəzifədir, ən başlıca məqsəddir".
Ulu Öndər Heydər Əliyevin malik olduğu güclü iradə, uzaqgörən siyasət və digər mühüm keyfiyyətlər Azərbaycan dövlətçiliyini məhv olmaq təhlükəsindən xilas etdi və beləliklə, ölkədə dövlətçiliyin yeni inkişaf mərhələsi başladı. Bu mərhələ beynəlxalq miqyasda balanslaşdırılmış xarici siyasətin yürüdülməsi, milli sərvətləri xalqın mənafelərinə yönəltmək kimi ali prinsipləri ehtiva etdi. Ulu Öndərin müəllifi olduğu yeni neft strategiyası "Əsrin Müqaviləsi"nin imzalanması, müstəqilliyimizin ən mühüm simvollarından olan Bakı-Tbilisi-Ceyhan neft kəmərinin çəkilməsi ilə tarixə qovuşdu. Ulu Öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən Azərbaycan Prezidenti Cənab İlham Əliyev Azərbaycanın beynəlxalq nüfuzunun möhkəmləndirilməsinə, beynəlxalq təşkilatlarda səmərəli fəaliyyətə, dünya ölkələri ilə ikitərəfli və çoxtərəfli platformada əməkdaşlıq əlaqələrini qurulmasına nail oldu. Prezident İlham Əliyev milli mənafelərlə bağlı problemlərin həllində həssas və fəal yanaşma nümayiş etdirdi. Azərbaycan dünyanın maraq dairəsinə əbədi daxil oldu və geosiyasi platformada ölkəmiz güc və nüfuz sahibinə çevrildi.
Bu gün möhtərəm Prezidentimiz Cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikasında demokratik, hüquqi, dünyəvi dövlət, vətəndaş cəmiyyəti quruculuğu prosesi uğurla davam etdirilir. Bu sahədə qazanılmış nailiyyətlər qürur doğurur. Respublikamızda siyasi, iqtisadi və sosial islahatlar uğurla həyata keçirilir, ölkə iqtisadiyyatı inkişaf etdirilir, əhalinin sosial müdafiəsinin gücləndirilməsi üçün təsirli tədbirlər görülür.
Bu gün Azərbaycan yerləşdiyi bölgədə əsas inkişaf məkanı olmaqla nəhəng infrastruktur layihələrini icra edir, heç bir regional layihə Azərbaycanın iştirakı olmadan reallaşmır, ölkəmiz Avropanın enerji təhlükəsizliyində son dərəcə vacib faktora çevrilib. Beləliklə, Azərbaycanda bütün istiqamətlərdə böyük inkişafın müşahidə olunması, ölkəmizin bölgədə və dünyada mövqelərini gücləndirməsi ilə müşayiət olunur. Müstəqilliyimizin və ideoloji dayaqlarımızın daha da möhkəmləndirilməsinin, vətəndaş həmrəyliyinin bərqərar olmasının təməlində isə Azərbaycan dövlətinin milli maraqlarının qorunması, tarixi irsə bağlılıq kimi müqəddəs prinsip dayanır.
Böyük çətinliklə əldə olunan azadlığı və müstəqilliyi qoruyub saxlamaqda hər bir Azərbaycan vətəndaşı məsuliyyətlidir. Azərbaycan dövlətinin bayrağı daim dalğalanmalıdır. Azərbaycan Prezident Cənab İlham Əliyevin dediyi kimi, bizim bayrağımız qürur mənbəyimizdir, canımızdır, ürəyimizdir:"Bu gün Azərbaycanın hər bir yerində dövlət bayrağı dalğalanır...Bizim bayrağımız Dağlıq Qarabağda, Xankəndidə, Şuşada dalğalanacaq. O günü biz hər an öz işimizlə yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq. Eşq olsun Azərbaycan bayrağına! Yaşasın Azərbaycan!"
Azərbaycanın müstəqilliyi əbədidir və üçrəngli bayrağımız bir daha enməyəcək, daim uca zirvələrdə dalğalanacaqdır.
Nəzakət ƏLƏDDİNQIZI