Dünən nikahdan əvvəl tibbi müayinələrin may ayına qədər nəticələrinə dair Respublika Qan Bankında KİV nümayəndələri üçün "Dəyirmi masa" keçirilib.
Tədbirdə məlumat verilib ki, nikahdan əvvəl məcburi tibbi müayinə sisteminin tətbiqi Səhiyyə Nazirliyinin səyləri ilə Azərbaycanda sağlam nəslin formalaşdırılmasına böyük təkan vermişdir. "Ailə Məcəlləsində dəyişikliklərin edilməsi haqqında" Qanunun tətbiqi ilə bağlı, 1 iyun 2015-ci il tarixindən etibarən nikaha daxil olmaq istəyən vətəndaşlar mütləq tibbi müayinədən keçməlidirlər.
Nazirlər Kabineti tərəfindən nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçmə qaydaları təsdiqlənib, tibbi müayinə olunmalı xəstəliklərin siyahısı müəyyənləşdirilib. Bu məqsədlə səhiyyə müəssisələrində zəruri şərait yaradılıb.
Ölkədə nikaha daxil olmaq istəyənlərin icbari tibbi müayinəsi tətbiq olunduğu andan cari ilin may ayının əvvəlinə qədər müayinədən 139 700 nəfər keçib.
1 iyun 2015-ci il - 30 may 2016-cı il tarixlərindən müayinələrdən keçmiş şəxslərdən bəzilərində müxtəlif xarakterli infeksiyalar aşkar olunsa da, ümumilikdə müayinədən keçən və nakaha daxil olmaq istəyən şəxslərin əksəriyyətinin sağlamlıq durumunun qənaətbəxş olduğu aşkar olunub. Müayinədən keçmiş 7171 nəfərdə talassemiya daşıyıcılığı, 458 nəfərdə sifilis, 85 nəfərdə isə QİÇS aşkarlanıb.
Tibbi müayinə və məsləhətlər nikaha daxil olmaq istəyən şəxslərin və ya onlardan birinin yaşayış yeri üzrə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilmiş dövlət və bələdiyyə tibb müəssisəsində həyata keçirilir. Tibbi müayinənin keçirilməsi və məsləhətlərin verilməsi pulsuz aparılır.
NƏZAKƏT