Bu gün ölkənin elə bir sahəsi yoxdur ki, onun dinamik inkişafı üçün böyük imkanlar yaradılmasın. İqtisadi tərəqqisinə görə nəinki MDB-də, hətta dünyada lider dövlətlərdən olan Azərbaycan bu uğuru məhz ölkə başçısının düzgün və düşünülmüş siyasi-iqtisadi kursunun sayəsində qazanıb. İqtisadi inkişaf templərinə görə dünyada qabaqcıl yerlərdən birində qərarlaşan Azərbaycanda ölkənin prioritet sahələrindən biri olan nəqliyyat sektorunda da ötən illər ərizində mühüm işlər həyata keçirilib. Belə ki, nəqliyyatın bütün sahələrində - mülki, hava, su, dəmir yolları, avtomobil nəqliyyatında, avtomobil yollarının tikintisində və yenidən qurulması istiqamətində işlər mütəmadi olaraq həyata keçirilib və bu iş bu gün də davam etdirilir. Bu, dünya miqyasında iqtisadi inkişaf baxımından ən sürətlə inkişaf edən ölkə olan Azərbaycanın gücünü göstərir. Belə bir inkişaf dövrünü yaşayan Azərbaycanda bu gün mülki aviasiya işçiləri peşə bayramlarını qeyd edirlər. Azərbaycan Prezidenti İlham Əliyevin 2006-cı il 18 may tarixli Sərəncamı ilə hər il 2 iyun Mülki Aviasiya İşçilərinin peşə bayramı kimi qeyd olunur. Bayramın məhz iyunun 2-də keçirilməsi isə Azərbaycanda ilk aviasiya qrupunun həmin gün yaradılması ilə əlaqədardır. Gecə-gündüz bilmədən səmanın ənginliklərini fəth edən, uzaq yolları qısaldan milli aviatorlarımız peşə bayramlarını iş başında qeyd edirlər.
Azərbaycanda ilk mülki hava reysi 1921-ci ildə poçt-sərnişin təyyarəsində həyata keçirilmişdir. Ölkəmizdə ilk hava limanı 1931-ci ildə Binə qəsəbəsinin yaxınlığında tikilmiş və 2 ildən sonra istifadəyə verilmişdir.
Adları aviasiya tarixinə düşmüş ilk azərbaycanlı təyyarəçilərin fəaliyyəti isə 1915-1920-ci illərə təsadüf edir. Fransada aviamühəndis təhsili almış, 1916-cı ildə Beynəlxalq Aviasiya Federasiyası tərəfindən pilot-aviator diplomuna layiq görülmüş Əli bəy Verdiyevin, ilk hərbi təyyarəçi - Birinci Dünya müharibəsində rus aviasiyasının tərkibində hərbi əməliyyatlarda iştirak etmiş "İlya Muromets-16" tipli bombardmançı təyyarənin pilotu Fərrux ağa Qayıbovun adlarını qürurla çəkə bilərik.
Böyük Vətən müharibəsinin qanlı-qadalı illəri aviasiyamız üçün də ciddi sınaq oldu. İstər ön cəbhədə döyüşən, istərsə də arxa cəbhədə çalışan azərbaycanlı hərbi təyyarəçilər, aviatorlar, hərbi və mülki aviasiya sənayesi mütəxəssisləri faşizm üzərində qələbəyə dəyərli töhfələr verirdilər.
1970-ci illərdə Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə respublikada mülki aviasiyanın inkişafı üçün böyük işlər görüldü. O illərdə 11 rayonda, həmçinin Naxçıvanda, Gəncədə, Lənkəranda və Dağlıq Qarabağda YAK-40 reaktiv təyyarələrinin qəbul edilməsi üçün süni örtüklü uçuş-enmə zolaqları istifadəyə verildi. Ümummilli Lider Heydər Əliyevin yenidən Azərbaycanda siyasi hakimiyyətə qayıdışı mülki aviasiyamızın tarixində yeni eranın başlanğıcı oldu. Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində görülən tədbirlər, xarici aviaşirkətlərlə bağlanan müqavilələr Azərbaycan aviasiyasının sonrakı inkişafını təmin etdi. Aviasiya xətlərinin miqyasının sürətlə artması Azərbaycanın dünyaya çıxışını asanlaşdırdı. Xüsusən, düşmən blokadasında qalıb, yalnız hava əlaqəsinə ümid bağlayan Naxçıvan Muxtar Respublikası böyük təhlükədən xilas oldu.
Azərbaycanın dövlət müstəqilliyinin açdığı üfüqlər Ümummilli Lider Heydər Əliyevin milli aviasiyamızla bağlı arzularını bütünlüklə reallaşdırmasına imkan yaratdı. Ulu Öndərin rəhbərliyi ilə "1998-2003-cü illər üçün Respublika Mülki Aviasiyasının İnkişaf proqramı" hazırlanıb uğurla həyata keçirildi. Bu illərdə əldə edilən nailiyyətlərin ən bariz nümunəsi Bakı Hava Limanında dünya standartları səviyyəsində yeni Aerovağzal Kompleksinin tikilməsi oldu. 1999-cu il oktyabrın 2-də Heydər Əliyevin iştirakı ilə Yeni Aerovağzal Kompleksinin təntənəli açılış mərasimi keçirildi və bir il sonra isə Bakı Hava Limanına ilk "Boeinq" təyyarəsi endi.
Mülki aviasiyamızın sürətli inkişafı onun yüksək ixtisaslı milli kadrlarla təminatını da ön plana çıxarmışdır. Bu işdə Milli Aviasiya Akademiyası əvəzolunmaz rola malikdir. Müasir müstəqil Azərbaycanın aviasiyasının kadrlara olan ehtiyacını yüksək səviyyədə ödəyən bu akademiya milli aviatorların yeni nəslinin yetişməsinə öz dəyərli töhfəsini verməkdədir.
Müasir dövrümüzdə respublikamızın hava nəqliyyatının modernləşdirilməsi istiqamətində görülən işlər öz töhfəsini verir. Azərbaycan Prezidenti Cənab İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində mülki aviasiyamız 2003-cü ildən etibarən inkişafının keyfiyyət və miqyası etibarı ilə yeni bir mərhələsinə qədəm qoyub. Həmin zamandan bu günə qədər ölkəmizin bir neçə şəhərində yeni aeroportlar Bakı, Gəncə, Naxçıvan, Lənkəran, Qəbələ, Zaqatala və s. aeroportları tikilib istifadəyə verilib ki, onlardan 5-i beynəlxalq statusa malikdir.
Müstəqil Azərbaycanın mülki aviasiyasının öncülü olan "Azərbaycan Hava Yolları" mövcud fəaliyyəti dövründə daxili və xarici aviadaşımaların həyata keçirilməsində özünü etibarlı tərəfdaş kimi tanıtmışdır. Bu gün dünyanın 30-dan yuxarı aeroportuna uçuşlar təşkil edən AZAL dünya miqyasında böyük şirkətlərdən biri olaraq tanınır. Dünyanın hava məkanlarına yol açan AZAL-ın coğrafiyası günü-gündən genişlənir. Belə ki, milli aviadaşıyıcımız son zamanlar beynəlxalq uçuş miqyasına yeni ölkələrin adını da əlavə edib. "Azərbaycan Hava Yolları"na məxsus "Aerobus-340" təyyarəsinin Nyu-York şəhərinin Con Kennedi Beynəlxalq Aeroportuna uğurlu enişi Bakı-Nyu-York-Bakı reysinin açılması müasir Azərbaycanın dinamik inkişafının göstəricisidir. Dünya ölkələrinə birbaşa reyslər açan "AZAL" Azərbaycanın işgüzar mühitinin nümayəndələrinə və turistlərə səfər etmək üçün gözəl imkan yaradır. Aviaşirkət bütün kateqoriyadan olan sərnişinlərin tələbatını ödəməyə çalışır. Yeni açılan marşurutlar - reyslər "Azərbaycan Hava Yolları"nın inamlı inkişafının və Avropaya uçuşların marşrut şəbəkəsinin genişləndirilməsinin növbəti bariz nümunəsidir. Bu gün Azərbaycanın aviasiya işçiləri Bakını dünyanın müxtəlif qitələri ilə birləşdirən hava marşrutlarında sərnişinlərə nümunəvi xidmət göstərirlər. Azərbaycan dünya miqyasında imkanlarını ortaya qoyur. Dünyada nəqliyyatın elitar və yüksək texnologiyalara əsaslanan seqmenti kimi tanınan mülkü aviasiya sahəsində də Azərbaycanın kifayət qədər uğurları var. Bu nailiyyətlər ölkənin gücündən və onun nüfuzdan xəbər verir.
Hazırda AZAL-ın təyyarələri dünyanın onlarla ölkəsinə uçuşlar həyata keçirir. Göründüyü kimi, Azərbaycanın dünyanın inkişaf etmiş ölkələri sırasında layiqli mövqe tutmasını başlıca prioritetlərdən biri kimi qarşıya məqsəd qoyan Prezident İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi inkişaf proqramları mülki aviasiyanın yüksəlişində də mühüm rol oynayıb. Beləliklə, aviasiya tariximizin keçmişinə, bu gününə və yaxın gələcəyinə qısa ekskurs edir ki, Azərbaycanın zəngin ənənələrə malik mülki aviasiyası hazırda inkişafının keyfiyyətcə yeni mərhələsini yaşayır. Ümumilikdə, görülən işlər, ölkəmizin hava qapısı Azərbaycanın inkişafını və gücünü göstərir.
ZÜMRÜD