Azərbaycan müstəqillik əldə etdikdən sonra xarici ölkələrdə yaşayan azərbaycanlıların təşkilatlanması, onların ölkəmizin ümumi maraqlarının müdafiəsi işinə cəlb edilməsi əsas məsələrdən biri olaraq diqqətdə idi. XX əsrdə Azərbaycan xalqının yetirdiyi nadir Şəxsiyyət olan Ümummilli Lider Heydər Əliyev ötən əsrin sonlarında cəmiyyətin bütövləşməsi, azərbaycançılıq ideologiyasının milli həmrəyliyin aparıcı amilinə çevrilməsi istiqamətində mühüm işlərə imza atdı. Ulu Öndər azərbaycançılıq ideologiyasının real müstəqilliyə nail olmaq, vahid, bölünməz Azərbaycanı qoruyub-saxlamaq və möhkəmləndirmək üçün vasitə olduğunu vurğulayırdı. Ulu Öndər Heydər Əliyevin fəlsəfi baxışlarına görə, azərbaycançılıq milli mənsubiyyəti, milli-mənəvi dəyərləri qoruyub-saxlamaq, eyni zamanda, onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnmək deməkdir.
1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı digər sahələrdə olduğu kimi, diaspor quruculuğu işində də əsaslı dönüş yaratdı. Ümummilli Liderimiz Heydər Əliyev bütün xarici səfərlərində Azərbaycan diasporunun nümayəndələri ilə görüşür, onların problem və qayğıları ilə maraqlanır, həmvətənlərimizi yenicə müstəqillik qazanmış respublikamızın tarixi mənafelərinin reallaşdırılması prosesində fəal iştirak etməyə çağırırdı.
Zaman keçdikcə diaspor quruculuğu dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan bu siyasətin məqsədi dünya azərbaycanlılarını bir araya gətirmək və əlaqələri inkişaf etdirmək, soydaşlarımızın milli özünəməxsusluğunu qoruyub-saxlamaq, diasporun potensialından milli maraqlarımızın daha etibarlı şəkildə qorunması istiqamətində faydalanmaq, diasporlararası əlaqələri genişləndirmək, onların mədəni-siyasi hüquqlarını müdafiə etməkdən ibarət idi. Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsihaqqında 2001-ci ilin may ayının 23-də Ümummilli Lider Heydər Əliyevin məlum Sərəncamı bu möhtəşəmideologiyanıngerçəkləşməsinə istiqamətləndi. Qurultay Azərbaycan tarixinə böyük bir prosesin başlanğıcı kimi daxil oldu. Qurultay milli ideologiyamız olan azərbaycançılıq ideyası ətrafında soydaşlarımızın birlik və həmrəyliyini nümayiş etdirdi. Dünya Azərbaycanlılarının I Qurultayında çıxış edən Ümummilli Lider Heydər Əliyev Azərbaycan diasporuna böyük ehtiyac olduğunu vurğulamışdır. Azərbaycan icmalarının, diasporunun yaşadıqları ölkələrdə formalaşmasının əhəmiyyətini qeyd etmişdir: "Hamımız - siz də, biz də çox iş görməliyik ki, Azərbaycanın güclü diasporu yaransın. Müxtəlif ölkələrdə yaşayan azərbaycanlılar daha da güclənsinlər. İqtisadi cəhətdən daha da möhkəmlənsinlər, yaşadıqları ölkələrin ictimai-siyasi həyatında fəal iştirak edə bilsinlər. O ölkələrin həyatına öz təsirlərini göstərə bilsinlər. Beləliklə də, müxtəlif ölkələrdə Azərbaycanın müstəqilliyini, onun xarici siyasətini təbliğ etməklə yanaşı, Azərbaycanın problemlərinin həll olunmasına yardım etsinlər. Hesab edirəm ki, dünya azərbaycanlıları bu yol ilə getməlidir və bu yolda hələ istifadə olunmamış böyük imkanlar vardır".
Azərbaycan diasporunun məskunlaşma coğrafiyasının miqyası genişdir. Dünyanın 5 qitəsində məskunlaşan soydaşlarımızın siyasi, iqtisadi və sosial-mədəni fəaliyyəti yaşadıqları ölkələr, oradakı şərait, mənəvi dəyərlər kimi müxtəlifdir. Lakin problemlərə və çətiniklərə baxmayaraq, azərbaycanlılar hər zaman öz milli mənsubiyyətini, adət-ənənələrini, mənəvi-əxlaqi dəyərlərini qayğı ilə qoruyub-saxlayıb, tarixi Vətənlə əlaqələrini itirməyiblər. Bu gün dünyanın müxtəlif ölkələrində diasporumuzun mövcudluğu da, məhz bu amillə bağlıdır. Azərbaycanlılar Amerika qitəsinin şimal, mərkəzi və cənub hissəsində daha çox məskunlaşıblar. Onların sayı Birləşmiş Ştatlarda 1 milyona, Argentinada 12 minə, Braziliyada 75 minə, Kanadada 170 minə, Meksikada isə 27 minə çatır. Amerika qitəsində məskunlaşan azərbaycanlıların əksəriyyəti İrandan miqrasiya etmiş soydaşlarımızdır. Azərbaycan diasporunun yayılma coğrafiyası və say tərkibinə görə geniş olduğu ikinci qitə Avropadır. Digər Qərb ölkələrində məskunlaşmış azərbaycanlıların sayı müvafiq olaraq hər bir ölkədə 2-10 min nəfər arasındadır. Azərbaycan diasporunun üçüncü böyük hissəsi Asiya qitəsində məskunlaşmışlar. Sözsüz ki, bu qədər sayda həmvətənimizin xarici ölkələrdə məskunlaşması Azərbaycan həqiqətləri ilə bağlı reallıqların geniş bir şəkildə diqqətə çatdırılmasında mühüm rola malikdir. Müstəqil Azərbaycan dövlətinin mövcudluğu dünya azərbaycanlıları arasında milli birliyin daha da güclənməsinə geniş imkanlar yaradır. Eyni zamanda, xaricdə yaşayan soydaşlarımız da ölkəmizin inkişafına, qarşıya çıxan problemlərin həllinə yaxından kömək göstərməyə çalışırlar. Bu köməyin səmərəli olması, məhz həmvətənlərimizin möhkəm birliyi, mütəşəkkilliyi və yaxşı təşkilatlanması sayəsində mümkündür. Ona görə də Azərbaycan dövləti diaspor quruculuğu işinə böyük əhəmiyyət verir və bu prosesə hərtərəfli yardım göstərir.
Müasir dövrümüzdə Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi diaspor siyasəti uğurlarla nəticələnir. Belə ki, xarici ölkələrdə yaşayan azərbaycanlıların təşkilatlanması, cəmiyyətə inteqrasiyası, soydaşlarımızın ictimai-siyasi həyatda iştirak səviyyəsinin artırılması, diaspor təşkilatları arasında səmimi əməkdaşlıq münasibətlərinin yaradılması istiqamətində bir sıra tədbirlər həyata keçirilib. Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, xarici ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatlarının təbliğat sahəsində fəaliyyətin daha da gücləndirilməsi, Ermənistanın Azərbaycana təcavüzü ilə bağlı beynəlxalq aləmin məlumatlandırılması, bu faktın dünya dövlətlərinin parlamentlərinin və siyasi dairələrinin müzakirəsinə çıxarılması ilə bağlı görülün faktlar da kifayət qədərdir.
Xarici ölkələrdə yaşayan azərbaycanlıların təşkilatlanması istiqamətində bir sıra mühüm tədbirlər həyata keçirilməkdədir. İndiyədək əldə olunan təcrübə diaspor təşkilatlarımızın daha yetkin və nəzərəçarpacaq fəaliyyət göstərməsinə imkan verir. Diasporumuzun gördüyü işlər yaşadıqları ölkələrin siyasi həyatına təsir edəcək səviyyəyə yüksəlir. Bu da, öz növbəsində Diasporla İş üzrə Dövlət Komitəsinin qarşısında mühüm vəzifələr qoyur. Müasir dövrdə diaspor quruculuğu konkret zamanla məhdudlaşmayan, daimi fəallıq və zəhmət tələb edən uzunmüddətli prosesdir. Reallıq göstərir ki, xaricdəki Azərbaycan diasporunun imkanlarından geniş istifadə olunması, ölkə həyatının müxtəlif sahələrində meydana çıxan problemlərin həllində onun fəal iştirakının gerçəkləşdirilməsi yolunda mühüm işlər görülür. Prezident İlham Əliyevin bu sahədə ardıcıl və qətiyyətli, məqsədyönlü və prinsipial siyasət aparması deməyə əsas verir ki, Azərbaycan diasporu güclənib, doğma Vətənin taleyüklü problemlərinin həllində yaxından iştirak edir.
Son illər Azərbaycan xalqı keyfiyyətcə yeni, daha yüksək tarixi inkişaf mərhələsinə qədəm qoyub. Bu, milli ideologiyanın tamamilə formalaşdığı, hüquqi və demokratik dövlət quruculuğu prosesinin sürətləndiyi bir mərhələdir. Azərbaycan dövlətinin ilbəil artan iqtisadi və siyasi qüdrəti dünya azərbaycanlıları arasında birlik və həmrəyliyin daha da möhkəmlənməsinə, diaspor hərəkatının güclənməsinə əlverişli şərait yaradıb. Bu baxımdan, 2011-ci ildə Azərbaycanda keçirilən Dünya Azərbaycanlılarının III Qurultayı ictimai-siyasi həyatda əks-səda doğurdu. Bu, bir sıra amillərlə yadda qaldı. Dünyanın müxtəlif ölkələrində məskunlaşan soydaşlarımızın qarşısında yeni vəzifələr qoydu. Bildiyimiz kimi, III qurultayda dövlət başçısı İlham Əliyev diaspor fəaliyyəti ilə bağlı konkret vəzifələr irəli sürdü. Bu vəzifələr sırasında diaspor təşkilatlarının güclənməsi və birliyi, onların dövlət strukturları ilə daha sıx əlaqəsinin təmin olunması, xüsusilə əhəmiyyətlidir. Ötən dövr ərizində qarşıya qoyulmuş vəzifələrin uğurla yerinə yetirilməsi nəticəsində Azərbaycanın xarici ölkələrdəki səfirlikləri ilə diaspor təşkilatları arasında əlaqələr daha da möhkəmlənib. Qurultayda Dünya Azərbaycanlılarına müraciət qəbul olundu. Bu müraciət soydaşlarımızın qarşısında duran ən mühüm vəzifələrin müəyyənləşməsinə yönəldi.
Qeyd edək ki, Dünya Azərbaycanlılarının III Qurultayından keçən dövrdə ölkə həyatının bütün sahələrində əldə olunmuş nailiyyətlər, Azərbaycanın keçdiyi yol xalqın şərəfli dövlətçilik tarixinə, zəngin mədəniyyətə və insan potensialına, yüksək milli şüura və saf mənəviyyata malik olduğunu bir daha təsdiqlədi. Son illər Azərbaycan Respublikasında milli mədəniyyətin özünəməxsusluğunun qorunub- saxlanmasına, elmin və təhsilin inkişafına xidmət edən dövlət proqramları həyata keçirildi. Ötən dövrdə əhalinin rifahının daha da yaxşılaşdırılması, aztəminatlı ailələrə dövlət qayğısının artırılması, cəmiyyətdə sosial ədalətin bərqərar edilməsi dövlətin diqqət yetirdiyi prioritet məsələlər sırasında oldu. Azərbaycan Respublikası sülhün və sabitliyin qorunub-saxlanmasına yönəlmiş birgə tədbirlərdə iştirak etməklə, beynəlxalq və regional təhlükəsizliyə töhfə verməyə çalışır. Ötən dövrdə Azərbaycan Respublikasının müdafiə qüdrəti daha da artmış, silahlı qüvvələr ən müasir texnika ilə təchiz edilmişdir. Bu gün Azərbaycan Ordusu dövlət müstəqilliyinin qorunması, ərazi bütövlüyünün bərpa edilməsi və bütün sərhədlər üzərində nəzarətin təmin olunması kimi vəzifələrin öhdəsindən gəlməyə qadirdir. Bu müddət ərizində xaricdə yaşayan soydaşlarımız digər xalqların diaspor təşkilatları ilə də sıx əməkdaşlıq əlaqələri qurmağa müvəffəq olmuşlar. Dünyanın müxtəlif ölkələrində güclü mövqelərə malik olan qardaş türk diaspor qurumları ilə fəaliyyətin əlaqələndirilməsi hər iki icmanın gücünü xeyli artırır, onların ictimai rəyə daha çox təsir imkanları qazanmasına şərait yaradır. Azərbaycanın türk dünyasının mədəni və siyasi mərkəzlərindən birinə çevrilməsi ilə də əlamətdar olmuşdur. III qurultay diaspor cəmiyyət və təşkilatlarının möhkəmlənməsində, eləcə də vətənlə əlaqələrin genişlənməsində mühüm rol oynadı. Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın bir araya gəlməsində, mühüm məsələlərin həllində bir-birinə yardımçı olmaq kimi missiyanın həyata keçirilməsində əhəmiyyət kəsb etdi. Eyni zamanda, bu qurultay Azərbaycanın xarici ölkələrdəki səfirlikləri ilə diaspor təşkilatları arasında əlaqələrin daha da möhkəmlənməsinə səbəb oldu. Soydaşlarımız yaşadıqları ölkələrdə fəaliyyət göstərən siyasi partiyalar, qeyri-hökumət təşkilatları və kütləvi informasiya vasitələri ilə əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi baxımından daha fəal mövqedədirlər. Hər bir azərbaycanlı icması milli-mənəvi dəyərlərini, dilini, milli kimliyini qorumaqla yanaşı, cəmiyyətə daha yaxından inteqrasiya edərək, baş verən hadisələrə prinsipial münasibət bildirir.
Xarici ölkələrdəki azərbaycanlı icmaları yaşadıqları ölkələrdə baş verən mühüm hadisələrə dair öz mövqeyini bildirir, seçkilərdə fəal iştirak edir, siyasi partiyalarda və qeyri-hökumət təşkilatlarında təmsil olunur, bir sıra ölkələrdə isə parlament üzvlüyünə seçilirlər. Bütün bu uğurların əsasında doğma Vətənə sevgi.
Bu gün Bakıda Dünya Azərbaycanlılarının IV Qurultayı öz işinə başlayır. Qurultayda 49 ölkədən 500-dən çox diaspor nümayəndəsi və qonaq iştirak edəcək. Qonaqların içərisində xarici ölkələrin Azərbaycana dost münasibəti ilə tanınan nüfuzlu siyasətçiləri, ictimai xadimləri, elm adamları və bir neçə ölkənin yüksək vəzifəli şəxsləri, parlament üzvləri də var. Xaricdən dəvət edilən qonaqlarla yanaşı, qurultayın işində Azərbaycanın müxtəlif dövlət və hakimiyyət strukturları, qeyri-hökumət təşkilatları, elm, təhsil, mədəniyyət və digər yaradıcı qurumların, siyasi partiyaların təmsilçilərindən ibarət 360 nəfərlik nümayəndə heyəti də işitirak edəcək. Qurultayda priotitet məsələlər Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması sahəsində qarşıda duran vəzifələr, təbliğat işində müasir metodların və informasiya texnologiyalarının tətbiqi, soydaşlarımızın hüquq və azadlıqlarının qorunması istiqamətində mövcud olan problemlər və onların həlli yolları, eləcə də digər məsələlər olacaq.
Qurultaya toplaşan azərbaycanlılar ümumxalq ideologiyamız olan azərbaycançılıq məfkurəsi ətrafında sıx birləşərək həmrəylik nümayiş etdirəcklər.
ZÜMRÜD