PDF Oxu

Sosial

  • 43

Azərbaycanla Gürcüstan arasında ictimai mühit daha da zənginləşir

Azərbaycanla Gürcüstan arasında ictimai mühit daha da zənginləşir

Millət vəkili Əflatun Amaşov Gürcüstanda görüşlər keçirib

Gürcüstanda səfərdə olan Milli Məclisin deputatı, Azərbaycan-Gürcüstan Parlamentlərarası Əlaqələr üzrə İşçi Qrupunun rəhbəri Əflatun Amaşov bir sıra görüşlər keçirib. Ə.Amaşov öncə gürcüstanlı soydaşımız, jurnalist və şair mərhum Fikrət Mursaqulovun rus dilində çapdan çıxmış "Uteşeniye" ("Təsəlli") şeirlər kitabının təqdimat mərasiminə qatılıb. F.Mursaqulovu tələbəlik illərindən parlaq istedada malik yaradıcılıq adamı kimi tanıdığını vurğulayan Ə.Amaşov onun qısamüddətli həyat yolunda əsl mübarizlik keyfiyyətləri nümayiş etdirdiyini bildirib: "Bu keyfiyyətlər Fikrəti cəmiyyətə və insanlara yaxınlaşdırırdı. Tanıyanların hamısı ona rəğbətlə yanaşırdı. Şeirləri daim yaşamaq ruhlu idi. Üslub və dil xüsusiyyətləri baxımdan olduqca səlist və ahəngdar yazırdı. Bacarığı ilə təəccübləndirirdi. Ən əsası isə Fikrət mərhum olduğu göz işığını şeirlərinə daşıyaraq sanki nur saçırdı".

Çıxış edənlərdən yazıçı-publisist Binnət Əlioğlu, professor Mahmud Hacıxəlilov, şair Abbas Əli və başqaları F.Mursaqulovun şeirlərində Vətənə, xalqa, millətə, torpağa məhəbbətin tərənnüm olunduğunu vurğulayıblar, mərhum şairi xarakterizə edən cəhətləri yada salıblar, onunla bağlı xatirələrini bölüşüblər. Təqdimat mərasiminə toplaşanlar belə tədbirlərin Gürcüstan azərbaycanlıları arasında ictimai mühitin zənginləşməsinə böyük töhfə olduğunu da dilə gətiriblər.

Mərasimdən sonra iştirakçılar F.Mursaqulovun məzarını ziyarət ediblər.

Ə.Amaşov, həmçinin bildirib ki, hazırda Gürcüstanda yaşayan azərbaycanlı gənclərin Bakıda güzəştli şərtlərlə təhsil almalarının təmin edilməsinə yönələn söhbətlər aparıb. Əsasən də, Azərbaycan dili və ədəbiyyatı, filologiya, tarix, mədəniyyətşünaslıq, turizm və digər ixtisaslar üzrə bu mexanizmin tətbiqi nəzərdə tutulur. Burada başlıca şərt odur ki, həmin gənclər Azərbaycanda təhsil aldıqdan sonra qayıdıb Gürcüstanda işləməlidirlər.

Görüşdə çıxış edən Marneuli rayon icra hakimiyyətinin başçısı Merab Topçişvili də bildirib ki, belə tədbirlər iki ölkə arasında isti münasibətin olmasına müsbət təsir edir. Həmçinin, bildirilib ki, bu ölkənin ərazi bütövlüyünün müdafiəsində minlərlə azərbaycanlı döyüşüb, onlardan bir neçəsi şəhid olub. Gürcüstan hökuməti bunları yaxşı bilir və qiymətləndirir.

Ə.Amaşov Gürcüstana səfəri çərçivəsində Marneulidə Azərbaycanlıların Mədəniyyət Mərkəzində də olub. O, rəhbərlik etdiyi Azərbaycan Mətbuat Şurası ilə Azərbaycan Naşirlər və Poliqrafçılar İctimai Birliyinin birgə həyata keçirdikləri layihəyə əsasən, nəzərdə tutulan kitablarin az bir hissəsini mərkəzə təqdim edib. Qeyd edək ki, sözügedən layihədən məqsəd Gürcüstandakı Azərbaycan məktəblərini və mədəni mərkəzlərini kitablarla, müxtəlif tədris vəsaitləri ilə təmin etməkdir.

R.HÜSEYNOVA

Digər xəbərlər