Hazırda dünyada ekoloji və ətraf mühitin qorunması məsələsi, olduqca qlobal və aktual temaya çevrilib. Xüsusi ilə sənaye sektorunun inkişafı, dünya iqtisadiyyatında sürətli yeniliklər diqqəti ətraf mühitin, fauna və floranın qorunmasına yönəldir. Çünki yeni texnologiyalar, ilk növbədə özü ilə yeni-yeni problemlər, ətraf mühit üçün təhlükəli və zərərəli vərdişlər yaradır. Bir sıra hallarda yeni texnologiyaların, kimyəvi şüalanma vasitəsi ilə ekologiyaya, ətraf mühitə vurduğu amansız və miqyasagəlməz dəhşətli zərərli, daha çox insanların sağlamlığında, gələcək nəsillərin həyatına dəyən mənəvi zərbələrdə aydın görmək olur. Yeni iqtisadiyyat qurarkən, dünya ölkələrində fauna və floraya, ətraf mühitə vuracağı zərbələri, təəssüf ki, bir çox hallarda nəzərə almırlar. Bir çox ölkələrdə təbiətə vurulan dəhşətli ziyanlar, iqtisadi gəlir və əldə edilən milyonlarla dollar qazanclar qarşısında ikinci plana keçib. Dünya ekoloqları isə son onilliklərin yaratdığı ekoloji fəsadları barədə hələ keçən əsrdən həyəcan təbili çalmağa başlayıblar...
Alimlər və ekoloqlar həyəcan təbili çalmağa başladılar
XIX əsrin sonlarından başlayan elmi–texniki tərəqqi, sənayenin sürətli inkişafı nəticəsində ətraf mühitə edilən təsirlər XX əsrin ortalarında öz mənfi nəticələrini büruzə verməyə başladı. Artıq insanlar təbiətə münasibətlərini dəyişməyəcəkləri, onun ehtiyatlarından səmərəsiz istifadəyə son qoymayacaqları təqdirdə, bu prosesin onların özlərinə qarşı çevriləcəyini və arzuolunmaz nəticələrə gətirib çıxaracağını anladılar. Bu problemin gələcəkdə qlobal kataklizmlərə səbəb olacağını başa düşən alimlər, ekoloqlar öz etiraz səslərini ucaltmağa, həyəcan təbili çalmağa başladılar. Problemin ciddiliyini dərk edən beynəlxalq təşkilatlar, tərəqqipərvər dünya ictimaiyyəti də, öz növbəsində məsələni daim diqqət mərkəzində saxlamağa çalışırdı. Nəhayət, 1972–ci ildə Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin İsveçin paytaxtı Stokholmda keçirilən iclasında 5 iyun tarixinin Dünya Ətraf Mühitin Mühafizəsi Günü kimi qeyd olunmasına qərar verilmişdir. O vaxtdan etibarən hər il bu gün bütün dünyada təntənəli şəkildə qeyd olunur.
Ətraf mühitin mühafizəsi Azərbaycanda da daim diqqət mərkəzindədir
Dünya Ətraf Mühitin Mühafizəsi Gününün hər il geniş tədbirlərlə qeyd edildiyi Azərbaycanda da ətraf mühitin mühafizəsi və ekoloji problemlər daim diqqət mərkəzindədir. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə, bütün sahələrdə olduğu kimi, ekoloji problemlərin həlli, ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpa edilməsi istiqamətində də mühüm işlər görülür. Ekoloji cəhətdən dayanıqlı sosial-iqtisadi inkişafa, meşələrin bərpa edilməsi və artırılmasına dair milli proqramlar, həmçinin Azərbaycanda hidrometeorologiyanın inkişafına dair Dövlət Proqramı uğurla yerinə yetirilir. Beynəlxalq ekoloji proqramların həyata keçirilməsi, təbii sərvətlərin bərpasının təmin edilməsi və mühafizəsi, milli parkların təşkili və ekoloji şəbəkənin yaradılması istiqamətində görülən işlər də bu qəbildəndir. Prezident İlham Əliyevin 2010-cu ili ölkədə "Ekologiya ili"" elan etməsi bu sahəyə diqqəti daha da artırmışdır. "Ekologiya ili"" çərçivəsində, eləcə də sonrakı illərdə ölkəmizdə milyonlarla ağacın əkilməsi, yeni parkların salınması və dövlətimizin başçısının özünün bu kampaniyalarda iştirakı ətraf mühitin qorunmasına xüsusi diqqətin göstəricisi sayıla bilər. Heydər Əliyev Fondunun ekologiyanın və ətraf mühitin qorunmasına xidmət edən "Hərəmiz bir ağac əkək"" layihəsi də bu sahəyə böyük töhfələr vermişdir. Fondun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən bu layihə çərçivəsində ölkəmizdə hektarlarla sahə yaşıllaşdırılmışdır. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2011-ci il iyulun 12-dən fəaliyyətə başlayan İDEA – Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Kampaniyası çərçivəsində ölkəmizdə ətraf mühitin qorunması sahəsində görülən işlər Azərbaycanda ekoloji problemlərə verilən önəmin göstəricisidir. Bu gün ölkəmizdə ekoloji problemlərin həllinə, ətraf mühitin mühafizəsi məsələlərinə daha çox diqqət yetirilir. Milli parkların yaradılması işi uğurla davam etdirilir, təbii ehtiyatların qorunması üçün uzunmüddətli dövlət planları nəzərdə tutulmuşdur.
Ekoloji maarifləndirmə çox zəruridir
Ekologiya və Təbii Sərvətlər Nazirliyi hər il 5 İyun - Dünya Ətraf Mühitin Mühafizəsi Günü ərəfəsində ətraf mühitin qorunması, təbiətdən, yeraltı sulardan, mineral xammal ehtiyatlarından və yerüstü sərvətlərdən səmərəli istifadə edilməsi, onların bərpası və mühafizəsi, bioloji müxtəlifliyin qorunub-saxlanılması məqsədi ilə müxtəlif tədbirlər həyata keçirir.Bununla yanaşı, tələbələrin ətraf mühit sahəsində bilik və bacarıqlarının artırılması, gənc nəslin ekoloji maarifləndirilməsi və ictimaiyyətin ətraf mühitin birgə mühafizəsinə cəlb olunması məqsədi ilə ali təhsil müəssisələrinin tələbə və müəllim kollektivləri ilə görüşlər keçirilmişdir. Bu görüşlərdə dövlətin ekologiya sahəsində həyata keçirdiyi uğurlu siyasət və bu istiqamətdə gənc nəslin fəal rolundan danışılmış, gənclərin ətraf mühit sahəsində bilik və bacarıqlarının artırılmasının zəruriliyi diqqətə çatdırılmışdır. Keçirilən tədbirlərin məqsədi insanların ətraf mühitin mühafizəsinə münasibətini dəyişmək, ictimaiyyətin diqqətini ekoloji problemlərin həllinə yönəltmək, əhalinin bu sahədə şüur və təfəkkürünü inkişaf etdirməklə təbiəti qorumağın mümkünlüyünü diqqətə çatdırmaqdır.
Milli parklar ölkə ərazisinin 3,7 %-ni təşkil edir
Xüsusi ekoloji, tarixi, estetik və digər əhəmiyyət daşıyan təbiət komplekslərinin yerləşdiyi və təbiəti mühafizə, maarifçilik, elmi, mədəni və digər məqsədlər üçün istifadə olunan təbiəti mühafizə və elmi-tədqiqat idarələri statusuna malik olan ərazilərdir.
Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaradılmamış əvvəl, Azərbaycan Respublikasında milli parklar mövcud deyildi. 2003-cü ildən başlayaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən akademik Həsən Əliyev adına Ordubad, Şirvan, Ağ göl, 2004-cü ildə Hirkan, Altıağac, 2005-ci ildə Abşeron, 2006-cı ildə Şahdağ, 2008-ci ildə isə Göygöl Milli parkları yaradılmışdır. 2008-ci ildə Hirkan Milli Parkının ərazisi genişləndirilərək, 40358 hektara çatdırılmışdır. 2009-cü il 25 noyabr tarixində Azərbaycan Respublikası Prezidentinin Sərəncami ilə Ordubad Milli Park ərazisi Şahbuz Dövlət Təbiət Qoruğu, Şahbuz, Culfa, Ordubad rayonlarının torpagları hesabına genişləndirilərək, sahəsi 42797,4 ha çatdırılmışdır. Eyni Sərəncamla milli parkın adı dəyişdirilərək akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkı adlandırılmışdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2010-cu il 8 iyul tarixli Sərəncamı ilə Şahdağ Milli Parkının ərazisi 14613,1 hektar genişləndirilərək, 130508,1 hektara çatdırılmışdır. Azərbaycan Respublikasının Prezidentinin 2012-ci il 5 noyabır tarixli Sərəncamı ilə Yalama Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin meşə fondu torpaqların hesabına 11772,45 hektar ərazidə Samur-Yalama Milli Parkı yaradılmışdır. Hazırda milli parklar ölkə ərazisinin 3,7 %-ni təşkil edir. Bununla yanaşı, yeni milli parkların, dövlət təbiət qoruqlarının yaradılması istiqamətində müvafiq işlər davam etdirilərək, Qızılağac Dövlət Təbiət Qoruğunun ərazisinin genişləndirilərək, dənizkənarı Milli Parkının yaradılması nəzərdə tutulmuşdur.
İşğal olunmuş torpaqlarda ermənilərin ekoloji vandalizmi
İndi də gələk bədnam qonşularımız olan ermənilərin Azərbaycanın işğal altındakı torpaqlarında törətdikləri və hələ də davam edən ekoloji terror siyasətinə. Uzunmüddətli və düşünülmüş məkrli siyasətin nəticəsi olaraq ermənilər Azərbaycan Respublikası ərazilərinin 20 faizini işğal etmiş, cəmiyyətə və təbiətə ciddi zərərlər vurmuş və xarici havadarlarının köməyi ilə işğal etdikləri ərazilərdə vandalizm aktları törətməkdə davam edirlər. Belə ki, ermənilər işğal olunmuş ərazilərdəki tarixi abidələri, mədəniyyət ocaqlarını və qəbiristanlıqları dağıtmış, oradakı qiymətli əşyaları, məzarların mərmər başdaşlarını, bütün tikinti materiallarını qarət və talan ediblər. Bütün bunlara rəğmən cəzasız qalan düşmən işğal etdiyi ərazilərdəki təbii sərvətlərimizi talan edir, qiymətli fauna və floranı məhv edir, ərazilərimizi vəhşicəsinə yandıraraq Azərbaycanın təbiətinə, təbii sərvətlərinə və ekoloji durumuna böyük zərbə vurur. Azərbaycan Respublikasının işğal edilmiş ərazilərində ekoloji duruma və təbii sərvətlərə ermənilər tərəfindən vurulan və analoqu olmayan zərbələr ekoloji terror və vandalizmdir.
Ermənistanın işğalı altında olan ərazilərdə vahid ekosistemə edilən təcavüz və beynəlxalq qurumların bu prosesə biganəliyi bölgədə böyük fəlakətə səbəb olub. Hazırda ətraf mühitin mühafizəsinin müxtəlif aspektlərinə dair 500-ə qədər beynəlxalq saziş mövcud olduğu halda, Ermənistan tərəfi, başqa sahələrdə olduğu kimi, bu sahədə də heç bir sazişin müddəalarına məhəl qoymur. Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan Respublikası ərazilərində ehtiyatları təsdiq olunmuş və geniş mineral xammal bazasını təşkil edən 163 faydalı qazıntı yataqları, həmçinin 247 352 hektar meşə sahələri, o cümlədən 13197,5 hektar qiymətli meşə sahələri, 152 ədəd təbiət abidəsi və 5 ədəd geoloji-paleontoloji obyekt ağır və misli görünməmiş talanla üz-üzə qalıb. Lakin dəfələrlə Azərbaycanın işğal olunmuş torpaqlarında ermənilər tərəfindən törədilən ekoloji terror və vandalizm halları barədə beynəlxalq təşkilatlara müraciət olunsa da, təəssüf ki, dünya siyasətində mövcud olan ikili standartlar bu məsələdə də öz əksini tapıb... Beləliklə, bütün bu yazılanlardan gəldiyimiz qənaət belədir ki, ölkəmizdə ətraf mühitin qorunması üçün dövlət səviyyəsində olduqca mühüm işlər görülür.Təkcə son bir neçə ildə görülən işləri nəzərə alanda, əminliklə bu qənaətə gəlmək olar. Amma unutmayaq ki, ətraf mühiti, ekologiyanı qorumaq, həm də bir vətəndaş kimi hər birimizin borcudur. Unutmayın ki, hər birimizin, eyni zamanda gələcək nəsillərin sağlam yaşaması, ilk növbədə ətraf mühitə verdiyimiz qiymətə bağlıdır. Gələcəyimizi qorumaq istəyiriksə, ekologiyamızı qorumalıyıq!
Fətulla Həsənov
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün