PDF Oxu

Sosial

  • 25

ORUCU BATİL EDƏN VƏ ETMƏYƏN ƏMƏLLƏR HANSILARDIR?

ORUCU BATİL EDƏN VƏ ETMƏYƏN ƏMƏLLƏR HANSILARDIR?

Oruc islamın əsaslarından biridir və insanın ruhi paklığı üçün buyurulub. 4 cür oruc vardır: vacib, haram, məkruh və müstəhəbb. Vacib oruclar bunlardır: Ramazan ayının orucu; Qəza orucu; Kəffarə orucu; Nəzir orucu; Atanın qəza orucu (bu oruc böyük oğula vacibdir). Haram oruclar isə Fitr və Qurban bayramlarında tutulan oruclardır. Məkruh oruc Aşura günü oruc tutmaqdır. Müstəhəbb oruclar o deməkdir ki, ilin bütün günlərində - Fitr və Qurban bayramları, Aşura günü istisnadır - oruc tutmaq müstəhəbbdir. Xüsusilə cümə axşamı və cümə günləri, Məbəs günü (Rəcəb ayının 27-si), Qədr günü (Zilhiccənin 18-i), Peyğəmbərin mövludu günü (Rəbiül-əvvəlin 17-si), Erəfə günü (Zilhiccənin 9-u), Rəcəb və Şaban aylarının bütün günləri. Qəza orucu boynunda olan şəxs müstəhebb oruc tuta bilməz. Niyyətçisi. Oruc tutan şəxs hər gecə ertəsi günkü orucun niyyətini etməlidir. Yaxşısı budur ki, 1 aylıq oruc bütövlükdə niyyət etsin.

Vacib orucun niyyəti sübh azanından əvvəl zöhr azanına qədərdir. Yəni üzürlü olaraq sübh azanına kimi niyyət etməsə, zöhr azanına qədər vaxtı var. Müstəhəbb orucun niyyəti məğrib azanına qədərdir. Orucu batil edən şeylər: yemək, içmək, qəliz tozu ağıza yox, boğaza çatdırmaq, başı bütövlükdə suya salmaq, qəsdən qusmaq, gündüz cima eyləmək, istimna. Oruc tutan şəxs gündüz yuxulasa və özündən asılı olmayaraq məni gəlsə, orucu batil olmaz. Əgər oruc tutan şəxs 1 şey yesə, yaxud dişinin arasında qalan yeməyi udsa, orucu batil olar. Amma ağzının suyunu udmağın eybi yoxdur.

Müalicə üçün vurulan tibbi iynələrə baxış 2 cürdür: qan iynəsi, bədəni qüvvətləndirən iynələr. Məsələn, tibbi qida kimi damara vurulan qlükoza iynələri kimi, sistem iynələri və s. - bunlar orucu batil edər. O iynələr ki, çirki yaranı qurutmaq və ya ağrını kəsmək üçün vurulur (penisillin kimi) orucu batil etməz. Oruc tutana 1 neçə şey məkruhdur: iyli ot-ələfi iyləmək, gözə dərman tökmək (o surətdə ki, boğaza çata), diş çəkdirmək (yerindən qan gələrsə), oruc tutanı taqətsiz edən işlər, məsələn, qan vermək.

Əgər 1 şəxs oruc tutmasa və ya onu batil etsə, cəriməsi o günün qəzasını yerinə yetirmək, eyni halda 60 gün oruc tutmaqdır. Bu şərtlə ki, 31 günün orucunu dalbadal tutmalıdır. Orucunu haram şeylə batil edən oruc tutanın cəriməsi ağır olar, yəni həm 60 fəqirə yemək verməli, həm də 60 gün oruc tutmalıdır. Əgər 1 şəxsin boynunda 1 neçə illik qəza olsa, hansısa niyyət etsə, eybi yoxdur. Amma müəyyən etməsə, əvvəlinci ilin qəzalarından hesab olunar.

Əgər üzürlü olaraq oruc tutan şəxs orucunu yemiş olsa, orucluqdan sonra da Ramazan ayına qədər üzürlü olmadan qəza etməyə bilər. Amma bu qəzalar boynunda olduğu üçün hər cümə günü 750 qram çörək sədəqə vərməlidir. Əgər 1 şəxsə kəffarə vacib olsa, neçə il keçsə də, başqa cəriməsi yoxdur. Bəzən sual verirlər ki, namaz qılmayan şəxs oruc tutsa, qəbul olarmı? Cavab budur ki, namaz və orucun hər 2-si Allahın əmridir və bəndələrə vacibdir. O kəs ki, namaz qılmır, öz yərində günah edir. Oruc onun borcudur və o, oruc tutsa, Allah qəbul edər, inşaallah! Süd verən anaya, yaxud onun uşağına oruc tutmaq zərər eləsə, həmin ana üçün oruc vacib deyil. Hər gün üçün fəqirə 750 qram çörək verməli ve orucluqdan sonra yediyi günləri qəza etməlidir. Oruc tutanın məğrib namazını iftardan əvvəl qılması müstəhəbdir. Taqətsiz olsa, ya da onu gözləsələr, müstəhəb deyil. Hər müsəlmana vacibdir ki, orucluq ayının sonunda özü və ailə üzvlərinin hər biri üçün 3 kq taxıl, ya xurma, ya düyü, ya da bunların birinin pulunu fəqirə versin. Bu da rəhmət ayının dərk etdiyi üçün Allaha şükür etmək məqsədilədir. Qohumların və qonşuların fəqirlərini nəzərə almaq müstəhəbdir.

Ramazan ayının 4-cü gününün duası: İlahi, əmrlərini yerinə yetirməkdə mənə qüvvət ver, zikrinin şirinliyini mənə dadızdır. Sənə layiqincə şükür etmək üçün məni ilhamlandır. Kərəminə and verirəm, məni öz himayəndə gizlət və qoru, ey görənlərin ən bəsirətlisi!

İsmak: 03: 23

İftar: 20:25

Digər xəbərlər