Dünən Azərbaycan Dövlət İqtisad Universitetində "Azərbaycanda turizm: strateji baxış" mövzusunda ictimai müzakirə keçirilib. Tədbir Azərbaycan Respublikası Prezidentinin İqtisadi İslahatlar üzrə Köməkçisi Xidməti, Mədəniyyət və Turizm Nazirliyi və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin birgə təşkilatçılığı ilə gerçəkləşib.
Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, professor Ədalət Muradov tədbiri açaraq ölkə iqtisadiyyatının inkişafı istiqamətində atılan addımlardan danışıb. Bildirib ki, dünya bazarında neftin qiymətinin aşağı düşməsi Azərbaycanda da qeyri-neft sektorunun daha da inkişaf etdirilməsini sürətləndirib.
Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev turizmin Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunda prioritet sahələrdən biri olduğunu bildirib, son illər bu sahədə görülən işlər haqqında məlumat verib. Son bir neçə ildə həyata keçirilən tədbirlər nəticəsində Azərbaycanın turizm sənayesi özünün inkişaf dövrünü yaşayır. Bu gün turizm dünya iqtisadiyyatının üç əsas istiqamətlərindən biri kimi sürətlə inkişaf etməkdədir. Ölkəmiz müstəqillik əldə etdikdən sonra turizm sənayesinin inkişafı üçün böyük layihələr icra olundu. Dünya miqyasında tanınan brend hotellər istifadəyə verildi. İndi ölkəmizdə ümumi daxili məhsulun 4,5 faizini turizmdən gələn gəlirlər təşkil edir. Təsadüfi deyil ki, Dünya İqtisadi Forumunun 2015-ci il üçün "Səyahət və Turizm Rəqabətliliyi Hesabatı"nda Azərbaycan 141 ölkə arasında insan resursları və əmək bazarı göstəricisinə görə 36-cı yerdədir. Hazırda Azərbaycanda 300-ə yaxın turizm şirkəti və 570-dən çox yerləşdirmə yerləri fəaliyyət göstərir. Son 10 il ərzində ölkəmizə gələn turistlərin sayı 5 dəfədən çox artıb".
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin direktoru Vüsal Qasımlı, Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitəsinin sədri Ziyad Səmədzadə, Prezident Administrasiyasının sektor müdiri Elxan Mikayılov çıxış edərək, Azərbaycanda iqtisadiyyatın inkişaf etdirilməsi istiqamətində görülən işlərdən danışıblar.
Tədbir Azərbaycan Turizm və Menecment Universitetinin rektoru, professor Cəfər Cəfərovun moderatorluğu ilə ictimai müzakirələrlə davam edib. Müzakirələrdə ölkəmizdə milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin 11 istiqamətindən biri olan turizm sənayesinin inkişaf etdirilməsindən söz açılıb. Tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
ZÜMRÜD