Nəsimi rayon icra hakimiyyətinin akt zalında "Multikulturalizm və azərbaycançılıq" mövzusunda geniş tədbir keçirilib. Dövlət Himni ilə başlanan tədbiri giriş sözü ilə açan Nəsimi rayon icra hakimiyyətinin başçısı Asif Əsgərov açaraq bildirib ki, özünəməxsus milli və yüksək humanist ənənələrə malik olan Azərbaycan həm də multikulturalizm prinsiplərini dünyada yayan nadir ölkələrdəndir: "Ölkəmizdə bu sahədə bərqərar olan münasibətlər təsdiq edir ki, multikulturalizm xalqımızın tarix boyu formalaşan milli keyfiyyətidir və bütün dövrlərdə cəmiyyətin yaşam tərzi olub. Bu gün isə reallıq odur ki, artıq multikulturalizmin Azərbaycan modeli formalaşıb və bu, mükəmməl örnək kimi ölkəmizdəki çoxsaylı fərqli etnik qrupların sülh şəraitində yaşamasına və bərabərhüquqlu fəaliyyətinə tam zəmin yaradır".
A.Əsgərov həmçinin qeyd edib ki, Ulu Öndərin banisi olduğu azərbaycançılıq ideyası xalqımızın multikultural və tolerant dəyərlərinin ideoloji sistemini təşkil etməklə yanaşı, ölkəmizdə yaşayan bütün etnosların vahid maraqlar və vahid dövlət prinsipi ilə mənəvi-siyasi birliyini əlaqələndirir: "Ümummilli Lider Heydər Əliyev siyasətini böyük uğurla davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında davamlı inkişaf edən ölkəmiz artıq dünyada multikulturalizm, sivilizasiyalar arasında dialoq məkanı kimi qəbul edilir".
Natiq onu da xüsusi vurğulayıb ki, xalqımızın sahib olduğu multikultural dəyərlərin dünyaya təqdim edilməsində Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın böyük əməyi var: "Heydər Əliyev Fondunun fəaliyyətində multikulturalizm və tolerantlıq məsələləri başlıca yer tutmaqla yanaşı, həm də artıq Azərbaycan hüdudlarını aşır və Vatikandan Asiyaya, Şərqdən Afrikayadək böyük bir coğrafi arealı əhatə edir. Bütün dünya bu gün olduqca narahat günlərini yaşayır. Prezident İlham Əliyev 2016-cı ili ölkəmizdə "Multikulturalizm ili" elan etməklə dünyaya sülh mesajı verdi. Eyni zamanda, bu addımla bir daha təsdiq olundu ki, Azərbaycan dövləti öz ərazisində məskunlaşan bütün xalqların mehriban və dostluq şəraitində birgəyaşayışının, onların inkişafının, adət və ənənələrinin qorunmasının təminatçısıdır".
Tədbirdə millət vəkilləri - Məlahət İbrahimqızı, Asim Mollazadə, Kamran Nəbizadə, Dini Qurumlar üzrə Dövlət Komitəsinin sədr müavini Səyyad Aran və Dağ Yəhudilərinin Dini İcmasının sədri Melix Yevdayev də Azərbaycan multikulturalizminin mühüm istiqamətlərindən, onun ideya əsaslarından, nəzəri müddəalarından, praktik təzahürlərindən ətraflı çıxış etdilər.
Sonra tədbirdə iştirak edən Neft və Sənaye İnstitutunda və Bakı Slavyan Universitetində təhsil alan xarici tələbələr tədbir iştirakçılarına salamlarını çatdıraraq, onlara göstərilən diqqət və qayğıdan danışıblar.
Tədbirin bədii hissəsində 1 saylı tam orta məktəbin şagirdləri dünya xalqlarının rəqslərini nümayiş etdiriblər.
Sonda xatirə şəkli çəkilib.
Ü.ƏSGƏROV