PDF Oxu

Sosial

  • 19

Gürcüstanda medianın özünütənzimləmə qurumları şəbəkəsinin növbəti toplantısı işinə başlayıb

Gürcüstanda medianın özünütənzimləmə qurumları şəbəkəsinin növbəti toplantısı işinə başlayıb

Dünən Gürcüstanın Kaxetiya bölgəsində medianın özünütənzimləmə qurumları şəbəkəsinin növbəti toplantısı işinə başlayıb. Tədbir Avropa İttifaqını və Avropa Şurasının Azərbaycanı, Gürcüstanı, Ermənistanı, Moldovanı, Ukraynanı və Belarusu hədəf qrupu kimi seçdiyi birgə layihəsi əsasında baş tutur. İki gün davam edəcək toplantıda Azərbaycan tərəfdən Milli Məclisin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşov və şuranın İdarə Heyətinin üzvü, Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli iştirak edir.

Tədbirdə şəbəkəyə üzv təşkilatların ötən müddətdə gördükləri işlər barədə hesabatlar dinlənilib. MŞ sədri Ə.Amaşov özünütənzimləmə orqanlarında etik dilemmalar mövzusunda məruzə edib, rəhbərlik edtdiyi qurumun timsalında mövcud sahədə meydana çıxan problemlərdən söz açıb. O bildirib ki, 2007-ci ildən sonra Azərbaycanda internet sürətlə inkişaf etməyə başladı: "Əlbəttə, ilk baxışdan ənənəvi media üçün etik tələblərin onlayn mediaya da asanlıqla tətbiq edilə biləcəyini düşünmək mümkündür. Ancaq bir qədər öncə məsuliyyətdən danışdım. Ənənəvi KİV fəaliyyətini peşə etikasına əsasən qurur. Burada qanunlara da riayət var. Yəni qanunlar, belə demək mümkünsə, peşə etikasının qarantı rolunda çıxış edir. Nəhayət, böyük ölçüdə peşə etikasına riayət edən media orqanı qanunlara da riayət etmiş sayılır. Bu müstəvidə fərqliliklərə çox az təsadüf edilir. Ancaq internet media üçün belə bir məsuliyyət yükü yoxdur. Ona görə də onları etik prinsiplərə əməl etməyə çağırmaq bəzən çətin olur. Nəticədə, bir çox hallarda təkcə etik pozuntuların yox, elə qanun pozuntularının da çox hissəsi internet medianın üzərinə düşür".

MŞ İdarə Heyətinin üzvü, Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli media təbliğatındakı spesifik cəhətlər ətrafında məruzə edib. Bu xüsusda Azərbaycanla xarici ölkələr arasındakı oxşar və fərqli xüsusiyyətlərə toxunub.

Toplantıda özünütənzimləmə şəbəkəsinə yeni üzvlərin cəlbi, etik standartların qorunması ilə bağlı beynəlxalq monitorinqin nəticələri, habelə onlayn media ilə əlaqədar şikayətlərin araşdırılması xüsusiyyətləri, Rusiyada özünütənzimləmə sistemindəki problemlər və s. müzakirəyə çıxarılıb.

Qeyd edək ki, toplantıya Serbiya, Monteneqro, Albaniya, Bosniya və Hersoqovina, Kosovo və Makedoniyadan da media numayəndələri qatılıblar. Tədbir iyunun 17-də mövzu ətrafındakı müzakirələrlə davam edəcək.

Nəzakət

Digər xəbərlər