YAP Quba rayon təşkilatı Qırmızı Qəsəbə ərazi ilk partiya təşkilatında "Multikulturalizm ili" çərçivəsində tədbir keçirilib
Dünən Azərbaycanda 2016-cı ilin "Multikulturalizm ili" elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 11 yanvar 2016-cı il tarixli Sərəncamına uyğun olaraq YAP Quba rayon təşkilatı tərəfindən Qırmızı Qəsəbə ərazi ilk partiya təşkilatında tədbir keçirildi.
Tədbir Qırmızı Qəsəbədə yerləşən "Heydər Əliyev" adına Parkda Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə tər güllərin qoyulması ilə başladı.
Sonra tədbir YAP Quba rayon təşkilatının Qırmızı Qəsəbə ərazi ilk partiya təşkilatının yeni qərargahının qarşısında davam etdirildi.
Tədbiri giriş sözü ilə açan YAP Quba rayon təşkilatının sədri Yusif Abidov qeyd etdi ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 11 yanvar 2016-cı il tarixli Sərəncamına uyğun olaraq 2016-cı il Azərbaycan Respublikasında "Multikulturalizm ili"elan edilmişdir:"Multikulturalizm hamı tərəfindən tanınan, müxtəlif mədəniyyətlərə tolerant münasibətə əsaslanan dinc yanaşı yaşama prinsipidir. Azərbaycan üçün fərqli baxışlara, adətlərə və vərdişlərə dözümlülük mövqeyi bəsləmək, əlbəttə, təbiidir. Müxtəlif xalqların və millətlərin, dinlərin xüsusiyyətlərinə tolerant münasibət azərbaycanlıların mentalitetinə xasdır. Azərbaycanda kompakt şəkildə müxtəlif etnosların nümayəndələri yaşayır və onların hər biri öz maddi və mənəvi mədəniyyətini, dilini, dinini tarixi yaddaşını, mentalitetini, etnik özünüdərketmə və etnopsixologiyasını qoruyub-saxlayan unikal xüsusiyyətlərin daşıyıcılarıdır. Buna misal olaraq, biz rayonumuzu göstərə bilərik. Çünki rayonumuzda 20-dən çox müxtəlif xalqların nümayəndələri yəhudilər, tatlar, ləzgilər, buduqlular, xınalıqlılar, Axıska türkləri kimi etnik azlıqlar və etnik qruplar mehriban qonşuluq şəraitində tam sərbəst və azad yaşayırlar".
Tədbirdə Quba rayon icra hakimiyyətinin başçısı Yaşar Məmmədov respublikamızda olduğu kimi, Qubada da tolerantlığın yüksək səviyyədə olduğunu bildirdi; "Biz qubalılar həmişə bütün millətlərin nümayəndələri ilə dost və mehriban qonşuluq şəraitində yaşamışıq, bir-birimizin xeyr-şərində yaxından iştirak etmişik. Bu, bizim mentalitetə xas olan keyfiyyətdir, bizim tolerant xalq olmağımızın bariz nümunəsidir". O, çıxışında bu gün həm də Qırmız Qəsəbə ərazi ilk partiya təşkilatının yeni qərargahının açıldığını bildirdi.
Qırmızı Qəsəbə ilk ərazi partiya təşkilatının sədri Nisim Nisimov, Qırmızı Qəsəbə inzibati ərazi dairəsinin icra nümayəndəsi Pisax İsakov çıxış edərək, yeni qərargahın tikilib istifadəyə verilməsi münasibəti ilə iştirakçıları təəbrik etdi və işlərində uğurlar dilədi. Azərbaycanda multikulturalizm ənənələrinə böyük həssaslıqla yanaşıldığını, respublikada müxtəlif etnik qrupların mövcudluğu üçün mümkün şərait yaradıldığı diqqətə çatdırıldı.
Sonra Qırımızı Qəsəbə ərazi ilk partiya təşkilatının yeni qərargahının açılışı oldu.
Nəzakət ƏLƏDDİNQIZI