Suraxanı rayonunda Dövlət Qulluqçuları Günü qeyd olunub. Tədbirdə Suraxanı rayonunda çalışan dövlət qulluqçuları iştirak edib. Tədbir iştirakçıları əvvəlcə Ümummilli Liderin Heydər Əliyev Parkında ucalan abidəsini ziyarət edərək, önünə tər güllər qoyublar. Suraxanı rayonu Heydər Əliyev Mərkəzi ilə tanışlıqdan sonra tədbir Heydər Əliyev Mərkəzinin Elektron lektoriya zalında davam etdirilib.
Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı İlqar Abbasov bildirib ki, artıq 10 ildir ki, dövlət qulluqçuları öz peşə bayramlarını qeyd edirlər:"Peşə bayramımızı qeyd etdiyimiz gündən bir neçə gün öncə ölkəmizin paytaxtı Bakı "Formula-1" Avropa Qran-Prisinə layiqli ev sahibliyi edib. Ötən il ölkəmizdə digər mötəbər tədbir - "Bakı-2015" I Avropa Oyunları keçirilib. Bütün bunlar hər birimizi qürurlandırır və sevindirir".
İ.Abbasov vurğulayıb ki, 2000-ci ildə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin imzaladığı "Dövlət qulluğu haqqında" Qanun əsasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2006-cı il 25 may tarixli Sərəncamı ilə təsis edilmiş həmin peşə bayramı bu mühüm sahədə çalışan şəxslərə hər il böyük sevinc bəxş etməklə yanaşı, həm də dövlət qulluqçularının bütün xalq qarşısında mənəvi hesabatına çevrilmişdir. Müstəqillik yolunda uğurla irəliləyən Azərbaycanın bugünkü qələbələrinin siyasi və iqtisadi əsaslarını yaratmış Ulu Öndər Heydər Əliyevin həyat yolu, dövlətçilik fəaliyyəti xalqa fədakarcasına xidmət nümunəsi olmuş və daim nümunə olaraq qalacaqdır. Heydər Əliyevin bütün insani keyfiyyətləri etalon sayıldığı kimi, idarəçilik sahəsində fəaliyyəti də dövlət qulluqçusunu səciyyələndirən ən yüksək meyardır.
Rayon rəhbəri qeyd etmişdir ki, Ulu Öndər Heydər Əliyevin dövlətçilik ənənələri və dövlət qulluqçusu üçün olduqca zəruri olan keyfiyyətləri Ulu Öndərimizin layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən bu gün yaşadılır və böyük bacarıqla davam etdirilir. Uğurlu dövlət quruculuğu siyasətinin ardıcıl həyata keçirilməsi nəticəsində respublikamızda dövlət idarəetmə sisteminin, o cümlədən dövlət qulluğunun təkmilləşdirilməsi üçün mühüm işlər görülür.
Tədbirdə çıxış edən rayon icra hakimiyyəti başçısı aparatının sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Elçin Məmmədov, sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Altun Quliyev, Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsinin müdiri Şahalı Cəbiyev və başqa çıxış edənlər xüsusi vurğulayıblar ki, Suraxanı rayonunda çalışan dövlət qulluqçuları təmsil etdikləri dövlət orqanının etimadını, öz şərəf və ləyaqətlərini, ən başlıcası, hər bir vətəndaşın onlara bəslədikləri ümidləri tam doğruldacaqlar.
Tədbirin sonunda dövlət qulluğunda səmərəli fəaliyyətinə, rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə, rayonun bir qrup dövlət qulluqçusuna rayon icra hakimiyyəti başçısının fəxri fərmanları təqdim edilib.
ZÜMRÜD