PDF Oxu

Sosial

  • 14

Ombudsman Tərtərdə ictimai dinləmə keçirmişdir

Ombudsman Tərtərdə ictimai dinləmə keçirmişdir

Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının (MFP) icrası, təbliği və tətbiqi vəziyyətinin monitorinqi ilə bağlı Ombudsman Elmira Süleymanova tərəfindən Tərtər rayonunda ictimai dinləmə keçirilmişdir. İlk olaraq Müvəkkil və rayon rəhbərliyi Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin abidəsini ziyarət etmiş və önünə tər çiçəklər qoymuşdur.

Tərtər şəhər Gənclər Mərkəzində tədbiri giriş sözü ilə açan rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədovun Ombudsmanın yerli sakinlərin, qaçqın və məcburi köçkünlərin hüquqları və vəziyyətlərini daim diqqətdə saxladığını, tez-tez rayona, təmas xəttinə səfərlər etdiyini, əhali, əsgər və zabitlərlə görüşdüyünü yüksək dəyərləndirmiş, növbəti ictimai dinləmənin bu rayonda keçirilməsinə görə təşəkkürünü bildirmiş, insan hüquqlarının müdafiəsi və təbliği sahəsində burada həyata keçirilən tədbirlər haqqında danışmışdır: " Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dəstək və qayğısı nəticəsində respublikamızda, o cümlədən Tərtər rayonunda böyük sosial-iqtisadi inkişafın bütün sahələrini əhatə edən geniş islahatlar həyata keçirilir, ölkə başçısı rayonun inkişafına hər zaman dəstək olur.Tərtər şəhəri dövlət başçısı İlham Əliyev Cənablarının diqqət və qayğısı sayəsində kiçik Avropa şəhərləri ilə müqayisə ediləcək dərəcədə dəyişmişdir. Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramının uğurlu icrası rayonda sahibkarlığın inkişafına, yeni iş yerlərinin açılmasına, insanların rifah halının yüksəldilməsinə müsbət təsirini göstərmişdir".

MFP-nin icrası, təbliği və tətbiqi vəziyyəti üzrə məruzə edən İnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanova bildirmişdir ki, milli qurtuluşumuzun müəllifi, müstəqil Azərbaycanın memarı Heydər Əliyevin ölkəmizin inkişafı və daha da çiçəklənməsinə yönəlmiş məqsədyönlü siyasətini, eyni zamanda Onun ordu quruculuğu sahəsində ölçüyəgəlməz fəaliyyətini layiqli varisi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev uğurla davam etdirir. Onun mühüm xidmətləri, səyləri nəticəsində Azərbaycan demokratik inkişafa, insan hüquqlarının təmininə yönəlmiş dövlət quruculuğu yolu ilə inamla irəliləyərək, regionda həm iqtisadi, həm də siyasi cəhətdən lider dövlətə çevrilmişdir.

Ombudsman qələbə ilə nəticələnmiş aprel döyüşləri haqqında məlumat vermiş, mənfur düşmən tərəfindən işğal olunmuş torpaqlarımızın bir qisminin geri qaytarılmasında Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında ordumuzun göstərdiyi şücaətləri, xalqımızın bir qüvvə kimi birləşdiyini vurğulamışdır. O, həmin vaxtlar döyüş bölgəsinə, Tərtər rayonuna da gəldiyini, düşmənlə 200 metr məsafədə olan Qapanlı kəndində olduğunu bildirdi.

Sonra insan hüquqları sahəsində ölkəmizdə qəbul olunmuş üç mühüm sənəd haqqında danışan Ombudsman dövlət müstəqilliyinin ilk illərindən iqtisadi və sosial sahələrlə yanaşı, Azərbaycanda həyata keçirilən hüquqi islahatlar haqqında geniş məlumat vermişdir. O, Milli Fəaliyyət Proqramının normativ-hüquqi bazanın təkmilləşdirilməsi, əhalinin müxtəlif qruplarının hüquqlarının müdafiəsi, dövlət orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi, insan hüquqları sahəsində tədris, elmi-analitik və maarifləndirmə tədbirləri, insan hüquqları sahəsində beynəlxalq təşkilatlarla əməkdaşlıq, habelə sənədin həyata keçirilməsinin əlaqələndirilməsi, monitorinqi və qiymətləndirilməsindən bəhs edən fəsilləri üzrə mövcud təcrübə əsasında geniş şəkildə fikirlərini bölüşmüşdür.

İnteraktiv və fəal şəraitdə keçən müzakirələrdə rayon məhkəməsi Nadir Əsgərov, rayon prokuroru Azər Hətəmov, Seydimli bələdiyyəsinin sədri Mədinə İmanova, Qaraağacı kənd İƏD üzrə nümayəndə Lətif Həmidov, Qapanlı kənd tam orta məktəbinin direktoru Fitat Əliyeva, Səhləbad kənd tam orta məktəbinin direktoru Validə Mahmudova çıxış edərək, bu tədbiri yüksək dəyərləndirmiş, fəaliyyətləri, rayonda MFP və insan hüquqları üzrə keçirilmiş tədbirlər və digər məsələlər barədə məlumat vermişlər. Tədbirin sonunda MFP-nın hər il üzrə icra vəziyyəti ilə bağlı nəşr olunan kitablar, MFP-nin nüsxələri, İctimai iştirakçılıq haqqında qanunvericilik toplusu, Ombudsman təsisatı tərəfindən hazırlanmış digər maarifləndirici vəsaitlər təqdim olunmuşdur. Sonra Müvəkkil ona müraciət edən şəxsləri də fərdi şəkildə qəbul etmiş, qaldırılan məsələlər üzrə yerində araşdırma aparılaraq aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilmiş, bəzi müraciətlər üzrə səlahiyyəti çərçivəsində tədbirlərin görülməsi məqsədilə qəbul edilmişdir.

Ombudsman rayona səfəri zamanı Müdafiə Nazirliyinin təmas xəttində yerləşən "N" saylı hərbi hissəsində olmuş, zabit və əsgərlər qarşısında çıxış etmişdir. O, aprel döyüşləri zamanı Azərbaycan Ordusunun, o cümlədən Tərtər rayonu ərazisində xidmət edən hərbçilərin şücaətini xüsusi vurğulamış və onlara yeni qələbələr arzulamışdır. Sonra rayonun təmas xəttində yerləşən Qapanlı kəndində olmuş və sakinlərlə görüşmüşdür.

NƏZAKƏT BAYRAMOVA

Digər xəbərlər