Dünən Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) AMEA Rəyasət Heyətinin səyyar iclası keçirilib. Tədbirdə ŞAR-ın direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilov "AMEA Şamaxı Astrofizika Rəsədxanasında elmin inkişafının perspektiv istiqamətləri" mövzusunda məruzə ilə çıxış edib.
Məruzəçi AMEA Naxçıvan Bölməsinin Batabat Astrofizika Rəsədxanası və Ordubadda yerləşən Ağdərə Astronomiya Stansiyasının imkanlarından fotometrik müşahidələr üçün istifadə olunması təklifini irəli sürüb. O bildirib ki, bu məqsədlə mütəxəssislər tərəfindən orada olan teleskopların texniki vəziyyətinin qiymətləndirilməsi, onların modernləşdirilməsi, müvafiq müqavilələrlə teleskopların birgə istismarına başlanılması istiqamətində mühüm işlər görülməlidir.
Məruzə dinlənildikdən sonra kadr hazırlığına köməklik üçün Şamaxı Astrofizika Rəsədxanası üzrə AMEA-nın magistraturasında yer ayrılması, qəbul edilmiş prioritet istiqamətlərə uyğun olaraq, elmi təşkilatın strukturunda dəyişikliklər edilməsi və s. bağlı müvafiq qərarlar qəbul olunub.
ZÜMRÜD