Nurlana Əliyeva: "Hər bir tələbə təhsil aldığı universitetin nüfuzunu qorumalıdır"
Dünən Bakı Slavyan Universitetinin filologiya və jurnalistika, beynəlxalq münasibətlər və tərcümə fakültələrində təhsil alan III kurs tələbələrinin yay istehsalat təcrübəsinə başlamaları münasibətilə tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan BSU-nun rektoru, professor Nurlana Əliyeva bir ay müddətində ölkənin müxtəlif ümumtəhsil müəssisələrində təcrübə keçəcək tələbələrə tövsiyələrini verərək, onlara uğurlar arzulayıb: "Hər bir tələbə təhsil aldığı universitetin adını, imicini və nüfuzunu qorumalıdır. Elə qorumalıdır ki, onun şəxsində təmsil etdiyi universitetin bütün mənzərəsi aydın olsun. Bugünkü gəncliyimiz Vətənimizin gələcəyidir. O gələcəyin hansı səviyyədə olması sizin əlinizdədir".
Professor Nurlana Əliyeva Ulu Öndər Heydər Əliyevin qoyub getdiyi milli-mədəni irsi davam etdirməyin hər bir Azərbaycan vətəndaşının qarşısında duran vacib vəzifə olduğunu vurğulayaraq, tələbələri daim bu mövqedən çıxış etməyə dəvət edib.
Tədbirdə çıxış edən beynəlxalq münasibətlər və Tərcümə Fakültəsinin dekanı, dosent Əsgər Əhməd, təcrübə bölməsinin müdiri Yaqut Məmmədova, filologiya fakültəsinin tərbiyə işləri üzrə dekan müavini Sevinc Musayeva tələbələri təcrübə müddətində fəal olmağa və işlərinə ciddi yanaşmağa çağıraraq, onlara öz tövsiyələrini veriblər.
ZÜMRÜD