Ölkəmizdə ilk dəfə olaraq Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Azərbaycan, rus və ingilis dillərində Qubanın turist xəritəsi hazırlanıb. Burada coğrafi, topoqrafik məntəqələr və yaşayış yerləri ilə yanaşı, regionun təbii, mədəni, memarlıq abidələri və görməli yerləri əks olunduğundan, xəritə bütün turizmsevənlər üçün çox maraqlı olacaqdır.
Quba Azərbaycanın digər regionları ilə müqayisədə nisbətən paytaxta yaxın məsafədə yerləşir və buna görə də turistlər tərəfindən ən çox səfər edilən rayonlardan biridir. Qəçrəş, Təngəaltı, Qırmızı Qəsəbə, Xınalıq kəndi və digər yerlər əsas maraq göstərilən ərazilərdir.
Turistlər bu xəritədən istifadə etməklə təbii abidələr, kempinq üçün ərazilər və turist düşərgələri, atçılıq, alpinizm, balıqçılıq, velo-turizm, moto-turizm və s. haqqında məlumat əldə edə biləcəklər. Bələdçi xəritəsi görməli yerlərə (qədim məscidlər, sinaqoq, körpülər və muzeylər) ən qısa marşrutu tapmağa köməklik edəcəkdir. Bununla yanaşı, xəritədə rayonda olan mehmanxanalar, istirahət zonaları və restoranlar haqqında məlumat qeyd olunur.
Turistlər bu xəritənin köməkliyi ilə Qubanın ən məşhur görməli yerləri haqqında məlumatları əldə edə bilərlər: hündürlüyü 70 metr olan "Afurca" şəlaləsi, dağlıq ərazidə yerləşən Xınalıq kəndi, 1894-cü ildə Qudyalçay üzərində tikilmiş qədim körpü, 1802-ci ildə tikilmiş Cümə məscidi və s.
Qubanın turist xəritəsini ölkəmizdə fəaliyyət göstərən turizm informasiya mərkəzlərindən və Qubada fəaliyyət göstərən mehmanxanalardan əldə etmək mümkün olacaqdır.
Qeyd edək ki, əvvəllər Qubanın əsas və maraqlı görməli yerlərini özündə əks etdirən bir neçə dildə turist-bələdçi kitabı nəşr edilmişdir. Bununla yanaşı, Azərbaycanın digər regionlarının (Qusar, Xaçmaz, Qəbələ, İsmayıllı, Masallı, Mingəçevir və s.) turist-bələdçi kitabları da işıq üzü görmüşdür.
Hazırda Azərbaycanın digər regionlarının - Gəncənin, Xaçmazın, Masallının, Şəkinin, İsmayıllının, Qusarın və digər şəhər və rayonların turist xəritələrinin hazırlanması üzərində işlər davam etdirilir.
ZÜMRÜD