PDF Oxu

Sosial

  • 23

"Açıq kitabxana"nın oxuculara və paytaxt sakinlərinə təqdimatı keçirildi

"Açıq kitabxana"nın oxuculara və paytaxt sakinlərinə təqdimatı keçirildi

İyulun 15-də Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin və Milli Kitabxananın birgə layihəsi əsasında yaradılan "Açıq kitabxana"nın oxuculara və paytaxt sakinlərinə təqdimatı keçirildi.

Tədbiri Milli Kitabxananın direktoru, professor Kərim Tahirov açaraq, belə bir layihənin bütün kitabsevərlər, oxucular və geniş ictimaiyyət üçün çox əhəmiyyətli bir iş olduğunu vurğuladı. O, qeyd etdi ki, təşkil edilmiş bu "açıq kitabxana" günün 24 saatı ərzində oxucuların və bütün vətəndaşların sərbəst şəkildə kitab mütaliə etməsinə şərait yaradır və oxuculara təqdim edilən kitablar arasında Azərbaycanın tarixi, ictimai-siyasi həyatı, iqtisadiyyatı, mədəniyyət və incəsənəti, bədii ədəbiyyatına dair yerli və xarici müəlliflərin Azərbaycan, türk, rus və ingilis dillərində kitabları, müxtəlif mövzularda jurnallar, uşaq ədəbiyyatı geniş yer tutur. K.Tahirov bildirdi ki, "Açıq kitabxana"da "Mən oxudum, sən də oxu" devizi altında "Kitabı kitaba dəyişmə" guşəsi, uşaq guşəsi fəaliyyət göstərir. Burada hər bir vətəndaşa artıq özünün mütaliə etdiyi kitabı gətirərək, həmin guşəyə təhvil vermək və əvəzində mütaliə etmədiyi kitabı apararaq, özünün iş və yaşayış yerində oxumaq imkanı yaradılıb. Növbəti günlərdə Azərbaycanda, Rusiyada və digər xarici ölkələrdə çap olunan kitabların onlayn sifarişi və oxuculara çatdırılması sisteminin də təşkili nəzərdə tutulub.

Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev "Açıq kitabxana"nın açılışı münasibətilə bütün oxucuları, kitabsevərləri təbrik edərək, cəmiyyətdə kitabın, mütaliənin rolundan və əhəmiyyətindən danışdı. O, qeyd etdi ki, bu gün bütün dünyada bu təcrübədən istifadə olunur və sevindirici haldır ki, bir sıra turizm obyektlərində də bu ənənə tətbiq edilir və bütün kitabxanalar bu təcrübədən istifadə etməlidir. Kitab və mütaliə insanı mənən zənginləşdirir, onu şəxsiyyət kimi formalaşdırır. Bu kitabxananın təşkili və oxucuların istifadəsi üçün açıq olmasının insanlarda mütaliəyə marağ oyatmasına, daha çox kitab oxunmasına və biliklərin mübadiləsinə təsir edəcəyinə ümidvarlığını bildirdi.

Tədbirdə çıxış edən Atatürk Mərkəzinin direktoru, millət vəkili, professor Nizami Cəfərov, Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar, millət vəkili Qənirə Paşayeva, Səbail rayon icra hakimiyyəti başçısının müavini Eldar Ağayev, AMEA Mərkəzi-Elmi Kitabxana İnformasiya Resursları Mərkəzinin direktoru Leyla İmanova və başqaları bu təşəbbüsü alqışlayaraq, belə bir layihənin gerçəkləşməsini yüksək qiymətləndirdilər. Bu işin əhali arasında mütaliə vərdişinin geniş vüsət almasında mühüm rol oynayacağı qeyd edildi.

Sonda qonaqlar və oxucular "Açıq kitabxana" ilə yaxından tanış oldular.

ZÜMRÜD

Digər xəbərlər