Jurnalistlər Prezidentə minnətdarlıq etdilər
Səbail rayon icra hakimiyyətinin və YAP Səbail rayon təşkilatının təşəbbüsü ilə Milli Mətbuat Günü ilə bağlı qəzet və elektron informasiya vasitələrinin bir qrup nümayəndəsi ilə görüş keçirilmişdir.
Səbail rayon icra hakimiyyətinin başçısı Eldar Əzizov ölkədə milli mətbuatın tarixi, jurnalisttikanın problemləri və inkişafı barədə danışdı. Qeyd etdi ki, bu gün Azərbaycanda mövcud olan iqtisadi inkişaf və əmin-amanlığa görə Prezident İlham Əliyevə minnətdar olmalıyıq: "Onun böyük və müdrik siyasəti nəticəsində dünyada baş verən iqtisadi-siyasi böhranlara baxmayaraq, Azərbaycanda stabillik qorunmuşdur. Bu gün ölkədə sabitliyin, əmin-amanlığın, tərəqqinin başında Ulu Öndər Heydər Əliyev siyasətini layiqincə inkişaf etdirən möhtərəm Prezidentimiz durur. Azərbaycan dünyanın ictimai-siyasi sistemində öz yerini tutub, hərtərəfli inkişaf edir, dünyada analoqu olmayan iqtisadi göstəricilərə nail olub".
Eldar Əzizov və tədbirdə çıxış edən "Azərbaycan" qəzetinin baş redaktoru, millət vəkili Bəxtiyar Sadıqov, YAP Səbail rayon təşkilatının sədri, Milli Məclisin deputatı Şəmsəddin Hacıyev qeyd etdilər ki, hazırda kütləvi informasiya vasitələri nümayndələrinin qarşısında duran ən mühüm vəzifələr, birmənalı olaraq Azərbaycanın bugünkü nailiyyətlərini, Prezident İlham Əliyevin böyük dövlət xadimi kimi yeritdiyi siyasəti, gördüyü işləri təbliğ etmək, Ulu Öndər Heydər Əliyevin irsini gənc nəslə çatdırmaq, ölkə iqtisadiyyatı, siyasəti və digər sahələr üzrə analitik materialları oxuculara çatdırmaq olmalıdır.
Görüşdə çıxış edən jurnalistlər ölkədə KİV-lər və mətbuat işçilərinə yaradılan şəraitə görə ölkə başçısına öz minnətdarlıqlarını bildirdilər.
Ü.ƏSGƏROV