Bəlli olduğu kimi, Azərbaycan Prezidenti Cənab İlham Əliyev "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında" Referendum Aktı layihəsinin rəy verilməsi üçün Konstitusiya Məhkəməsinə təqdim edilməsi haqqında Sərəncam imzalayıb. Layihədə qeyd edilən və nəzərdə tutulan dəyişikliklərdəki müddəalara görə, ölkəmizin rəhbəri Milli Məclisi buraxmaq səlahiyyətinə də malik olacaq, prezident seçilməklə bağlı 35, deputat seçilməklə bağlı 25 yaş məhdudiyyəti aradan qaldırılacaq, prezidentlik müddəti 5 ildən 7 ilə qaldırılacaq, baş nazir postu ləğv ediləcək, əvəzinə birinci vitse-prezident və vitse-prezidentlər təyin olunacaq. Ümumiyyətlə, ictimai rəy konstitusiyaya dəyişikliklərlə bağlı layihəni Azərbaycanın inkişafı baxımından mühüm islahatlar kimi dəyərləndirir.
Adil Əliyev: "Xalqımız irəli sürülən layihəyə "hə" deyəcək"
Millət vəkili Adil Əliyev hesabedir ki, Referendum Aktı layihəsində əksini tapan əlavə və dəyişikliklərin hər biri mütərəqqi xarakter daşıyır və demokratik şəraitdə yaşayan, ağı qaradan seçməyi bacaran Azərbaycan vətəndaşları təyin olunmuş zamanda səsvermə məntəqələrinə gedərək, öz seçimlərini edəcəklər.
A.Əliyev onu da vurğulayıb ki, ölkəmizin sürətli inkişafı, eləcə də beynəlxalq aləmə inteqrasiya indiki mərhələdə qanunvericiliyin təkmilləşdirilməsi zərurətini meydana çıxarır: "Azərbaycanın hazırkı mövcud reallıqları konstitusiyaya dəyişikliklər etməyi şərtləndirir. Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, 2016-cı il Azərbaycanda dərin islahatlar ili olmalıdır. Bu islahatlar bir çox sahələri əhatə edir. İqtisadi sahədə verilən qərarlar, aparılan islahatlar artıq öz nəticələrini verib və dünyada baş verən qlobal iqtisadi kataklizmlər fonunda belə, bu ilin ilk 6 ayı ərzində Azərbaycan öz iqtisadi inkişaf dinamikasını qoruyub-saxlaya bilib".
A.Əliyev Referendum Aktı layihəsində konstitusiyaya təklif edilən bir sıra müddəalar barədə də danışaraq bildirib ki, ölkəmizdə prezidentlik müddətinin 5 ildən 7 ilə qaldırılması, deputatlığa namizədlərə qarşı yaş senzinin aradan qaldırılaraq 18 yaş müəyyənləşdirilməsi, vitse-prezident postlarının yaradılması, bütövlükdə 29 maddənin hər biri tam şəkildə demokratiyanın tələblərinə cavab verdiyini qeyd etdi: "Əbəs yerə deyil ki, Konstitusiya Məhkəməsi də qərara alıb ki, təklif olunan dəyişikliklər xalq hakimiyyəti və dövlətin əsaslarına dair Azərbaycan Konstitusiyasının ümumi müddəalarına ziddiyyət yaratmadığından və 158-ci maddənin tələblərinə uyğun olduğundan ümumxalq səsverməsinə çıxarıla bilər. Düşünürəm ki, bu və digər amilləri nəzərə alaraq son sözü xalq deyəcək. Mən də bir millət vəkili kimi əminəm ki, xalqımız irəli sürülən layihəyə yekdilliklə "hə" deyəcək".
Millət vəkili, həmçinin daha bir amilə də toxunaraq, qeyd edib ki, əksər demokratik ölkələrdə prezidentlik müddətinin 7 ilə qaldırılması halı mövcuddur: "Fransada və Türkiyədə də prezidentin səlahiyyət müddəti 7 il olub. Bundan başqa, İtaliyada, İrlandiyada və İsraildə prezident 7 il müddətinə seçilir. Azərbaycan inkişaf etməkdə olan ölkədir və qarşısındakı hədəflər böyükdür. Əgər xalq prezident seçərkən, ona etimad göstərirsə, ölkənin bütün sahələrində inkişaf hiss olunursa, əhalinin yaşayış səviyyəsi yüksəlirsə, o zaman Prezidentimizin səlahiyyət müddətinin 5 il deyil, 7 il olması daha məqsədəuyğun olar". Ölkədə iqtidar-xalq birliyi mövcuddur və Azərbaycan xalqı firavan və xoşbəxt yaşamağa üstünlük verir. Belə olan təqdirdə, xalqımızın növbəti dəfə hakimiyyətlə vəhdət olaraq inkişafa, tərəqqiyə səs verməsi kimsədə şübhə doğurmamalıdır və Referendumun keçiriləcəyi tarixi gündə bunun bir daha şahidi olacağıq"
Tahir Süleymanov: "Azərbaycanda mövcud olan inkişafa və günün tələbinə uyğun olaraq konstitusiya qanununa müəyyən əlavə və dəyişikliklər edilməsi ehtiyacı yaranıb"
Millət vəkili Tahir Süleymanov "SƏS" qəzetinə açıqlamasında bildirdi ki, konstitusiyaya dəyişikliklər edilməsi zamanın tələbidir: "Azərbaycan Respublikası Konstitusiyası ölkəmizin demokratik və sivil yolla inkişafına ən başlıca təminatdır. İnanıram ki, Azərbaycan xalqı Referendumda "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında" Referendum Aktına "hə" deyəcək, dövlətin daha da modernləşməsi, ölkənin sürətli inkişafı üçün islahatların genişləndirliməsinə və sürətləndirilməsinə şərait yaranacaq, Azərbycan bütün sahələrdə daha sürətli inkişafa nail olacaq".
T.Süleymanov onu da bildirib ki, ölkə Prezidentinin konstitusiya ilə bağlı təklif etdiyi əlavə və dəyişikliklər reallığı ifadə edir və mahiyyət etibarilə Azərbaycanda konstitusiya quruluşunun möhkəmlənməsinə, idarəçilik sisteminin təkmilləşməsinə, ölkəmizdə demokratik cəmiyyətin daha yüksək səviyyədə inkişaf etməsinə xidmət edən təkliflərdir: "Dünyada gedən siyasi proseslər və bu proseslərdən çıxan konkret nəticələri nəzərə alaraq, Azərbaycanda dövlətçiliyin güclənməsinə, cəmiyyətin və xalqın yüksək inkişafının təmin edilməsinə yönəlmiş çox uğurlu təşəbbüs və ideyadır. Bu baxımdan, istər parlament seçkiləri, istərsə də prezident seçkiləri ilə bağlı yaş məhdudiyyətinin götürülməsi demokratik prinsiplərə zidd olan məqamların aradan götürülməsini ehtiva edir. Ölkə Prezidentinin 7 ildən bir seçilməsi də dünya praktikasında, ələlxüsus da, demokratik ölkələrin praktikasında mövcuddur".
Millət vəkili, digər bir əsas məqama da toxunub: "Əlbəttə ki, vitse-prezidentlər institutunun yaradılması da Referendum Aktı layihəsinin uğurlu tərkib hissəsidir. Çünki bildiyimizə görə, bir sıra ölkələrdə yalnız vitse-prezident var. Lakin bizdə təklif olunan variantda birinci vitse-prezident və vitse-prezidentlər də var: "Bu, digər ölkələr üçün də bir nümunə, demokratik siyasi uğur nümunəsi ola bilər. Belə bir idarəçiliyin, məhz Azərbaycanda formalaşması ölkəmizdə demokratiyaya verilən dəyərin yüksək göstəricisidir. Ona görə də, düşünürəm ki, Cənab Prezident bu kimi Referendum Aktı layihəsi ilə bağlı çox uğurlu, dəqiq, perspektivi yüksək olan bir ideyaya imza atıb və Azərbaycanın daha da yeniləşməsi, inkişaf və tərəqqisi, daha da demokratikləşməsi və dünyada söz sahibinə çevrilməsi üçün ümumxalq şəklində Referendumun layihəsinə səs verib, onu dəstəkləməliyik".
Kamilə Əliyeva: "Referendum Aktı zamanın tələbinə hesablanıb"
Millət vəkili Kamilə Əliyeva qeyd edib ki, bu gün ölkədə bütün sahələrdə yüksək inkişafa nail olunub, Azərbaycan dünyanın ən sürətlə inkişaf edən dövlətlərindən birinə çevrilib: "Zaman keçdikcə, ölkənin hərtərəfli inkişafı üçün aparılan islahatların daha da sürətlənməsinə ehtiyac yaranır. Beynəlxalq təcrübə də göstərir ki, dövrün tələblərinə uyğun tərzdə dövlət idarəçilik sisteminin, o cümlədən icra hakimiyyəti orqanlarının işinin təkmilləşdirilməsi, ictimai münasibətlərin tənzimlənməsi və bu kimi məsələlərin həlli ilə bağlı islahatların həyata keçirilməsi zamanın tələbidir. Bu baxımdan, "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında" Referendum Aktı layihəsi də bu baxımdan son dərəcə əhəmiyyətlidir. Əsas qanuna təklif olunan dəyişikliklərin başlıca hədəfi dövlət idarəetmə sistemini daha da təkmilləşdirmək, mərkəzi icra hakimiyyətinin fəaliyyətinin səmərəliliyini daha da artırmaq, iqtisadi sahədə islahatlar kursuna uyğun yeni, çevik və effektiv idarəetmə mexanizimi formalaşdırmaqdır".
Millət vəkili konstitusiyaya nəzərdə tutulan təkliflərin demokratik dəyərlərin möhkəmləndirilməsi, insan hüquq və azadlıqlarının daha güclü qorunması, Azərbaycanda idarəetmə mexanizminin günün tələblərinə cavab verən formaya gətirib çıxarılmasına imkan yaradacağını bildirdi. Həmçinin, millət vəkili Azərbaycan üçün yeni olan vitse-prezidentlər institutunun tətbiq edilməsi məsələsinə də toxunaraq, vurğuladı ki, birinci vitse-prezident və vitse-prezidentlər postunun yaradılması, həmin şəxslərin prezident tərəfindən təyin və vəzifədən azad edilməsi, prezident vaxtından əvvəl vəzifədən getdikdə, onu baş nazirin deyil, birinci vitse-prezidentin əvəz etməsi, birinci vitse-prezidentin prezidenti əvəz etməsi mümkün olmadıqda, onu vitse-prezidentlərin əvəz etməsi, vitse-prezidentlərin əvəz etməsi mümkün olmadıqda, baş nazirin, baş nazirin əvəz etməsi mümkün olmadıqda, Milli Məclis sədrinin əvəz etməsi nəzərdə tutulur. Bu isə həmin sahələrdə qarşıya çıxan məsələlərin daha yüksək səviyyədə həll edilməsinə imkan verəcək: "Əsas qanuna təklif edilən dəyişikliklərdən biri də gənclərin dövlət-idarəetmə sisteminin bütün mərhələlərində fəal iştirakına şəraitin yaradılmasını nəzərdə tutur. Yəni seçkilərdə iştirak hüququ olan hər bir şəxs, xüsusən də, 18 yaşından etibarən gənclər seçkili orqanlarda öz şansını sınaya biləcək, yaxud da istedadlı, bacarıqlı gənclər müxtəlif yüksək vəzifələrə təyin olunacaqlar. Hesab edirəm ki, Cənab Prezident tərəfindən irəli sürülmüş konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı Referendum Aktı ölkəmizi daha da müstəqil, demokratik, qüdrətli, müasir və təhlükəsiz bir dövlətə çevirəcək".
R.KAMALQIZI