"Cari ilin fevral ayının 15-dən tətbiqinə başlanmış Vahid Elektron Müraciət və Təyinat Alt Sistemi (VEMTAS) tərəfindən artıq 75268 nəfər ailə üzvü olan 18855 ailəyə avtomatlaşdırılmış qaydada ünvanlı dövlət sosial yardımı təyin olunub". Bu fikri "SƏS"ə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev bildirib.
Nazirliyin rəsmisinin sözlərinə görə, hazırda ölkədə, ümumilikdə 573903 min nəfər ailə üzvünü əhatə edən 131726 min nəfər ailə ünvanlı dövlət sosial yardımı ilə təmin edilir: "Hazırda nazirlik tərəfindən ölkə Prezidenti İlham Əliyevin "Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında" Sərəncamı ilə aztəminatlı ailələrin özünüməşğulluğunun təmin olunmasına yönündə işlər aparılır. Sərəncamla qeyd olunan məqsəd üçün ayrılmış 6 milyon manat vəsait hesabına ölkə üzrə təqribən 1400 ailənin özünüməşğulluğu təmin ediləcək. Əmək qabiliyyətli ailə üzvləri olan belə ailələr üçün kiçik ailə təsərrüfatları yaradılması ilə bağlı zəruri tədbirlər görüləcək".
E.Babayev aztəminatlı ailələr üçün dayanıqsız passiv sosial təminat tədbirlərindən dayanıqlı aktiv məşğulluq proqramlarına keçiləcəyini də bildirib: "Özünüməşğulluq proqramına bunun üçün müvafiq potensialları, əmək qabiliyyətli üzvləri olan aztəminatlı ailələrin cəlb edilməsi nəzərdə tutulur və bu proqramın icrası ünvanlı dövlət sosial yardımı proqramının dayandırılmasını şərtləndirmir. Ona görə də özünüməşğulluq proqramı ilə paralel olaraq, özlərindən asılı olmayan səbəblərdən yoxsulluq vəziyyətində yaşayan, məşğulluq tədbirlərinə cəlb olunmaq üçün potensialları olmayan ailələrin dövlətin sosial yardımları ilə təmin edilməsi prosesi də davam etdiriləcək".
RƏFİQƏ