PDF Oxu

Sosial

  • 20

Azərbaycan dünyada tolerantlığın və multikulturalizmin paytaxtıdır

Azərbaycan dünyada tolerantlığın və multikulturalizmin paytaxtıdır

İstənilən layihədən ənənə yaratmaq özündə ağır zəhmət və böyük məsuliyyət birləşdirən məsələdir. Hələ bu ənənə beynəlxalq miqyası əhatə edirsə və multietnik, polikonfessiyalı xarakter daşıyırsa, çətinliyi də, amma bununla yanaşı əhəmiyyəti də birə-beş artır.

Ölkə başçısı İlham Əliyevin tövsiyəsi ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun birgə təşkil etdiyi "Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: milli və dini dəyərlər" devizi ilə keçirilən III Beynəlxalq multikulturalizm məktəbi də son dönəmin əhəmiyyətli və dəyərli ənənələrindəndir.

Dövlət müşaviri Kamal Abdullayevin söylədiyi kimi, III Beynəlxalq Multikulturalizm Məktəbi üçün bu dəfə Qəbələnin əsas məkan olaraq seçilməsi, əlbəttə ki, təsadüfi verilmiş qərar deyildi. "Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: milli və dini dəyərlər" adıyla fəaliyyət göstərən növbəti yay məktəbinin təşkilində məqsəd Qəbələ və ətraf rayonlarda yaşayan multietnik və fərqli dinə etiqad edən azərbaycanlıların həyatını, məişətini, adət-ənənələrini xarici tələbələrə əyani şəkildə göstərmək idi. Qəbələnin Nic qəsəbəsi Azərbaycan multikulturalizminin parlaq simgələrindən biridir".

Nicdə xarici tələbələr üçün ən maraqlı məqamlardan biri də toy mərasimi olub. Nikahlanan gənclər Cotari kilsəsinə gələrək, burada qədim adətləri üzrə dualar oxuyublar, gələcək ailə səadəti üçün şam yandırıblar. Udi xalq rəqslərinin sədaları altında keçirilən toy-düyün, müsəlman ölkəsindəki bir xristian məbədində bağlanan mənəvi ittifaq bir ailənin qurulması və hansısa udi nəslinin davam etdirilməsi ilə yanaşı, həm də fərqli dinin, fərqli etnosun yaşadığı Nicin timsalında Azərbaycanda multikulturalizminin gələcəkdə də davam edəcəyinin göstəricisi idi.

Layihə çərçivəsində İvanovkada multikultural Azərbaycanın qoruduğu rus ruhuyla tanışlıq xususi ilə maraq doğurub. S.Mürvətqızının sözlərinə görə, kənddə gəzinti zamanı xarici tələbələr, xüsusilə də, Rusiyadan olan iştirakçılar evlərin quruluşundan başlamış, buradakı istirahət klubunun interyerinə qədər hər şeyin rus üslubunda inşa edilməsinə, İvanovkaya özünəməxsus rus mentallığının, rus ruhunun hakim olduğuna xoş heyrətlərini gizlədə bilməyiblər: "Bəlkə də eşitsək inanmazdıq, amma bura gəlib gözlərimizlə 150 ildən artıq bir zaman ərzində Azərbaycan ərazisində rusların öz milli adət-ənənələrinin, mahnılarını, həyat tərzini, məişətini qoruyub-saxlamasına öz gözlərimizlə şahid olduq".

Proqram üzrə İsmayıllının daha bir bənzərsiz qəsəbəsi Lahıc III Beynəlxalq Multikulturalizm Məktəbinin iştirakçılarını yağışla, yerli əhali isə gülərüzlə qarşılayıb. III Beynəlxalq Multikulturalizm Məktəbinin iştirakçılarına Oğuzdakı "Yəhudilər məhəlləsi"nə səfər zamanı, Yuxarı və Aşağı məhəllə sinaqoqlarını ziyarət edərkən, yerli yəhudi gənclər III Beynəlxalq Multikulturalizm Məktəbinin iştirakçılarını səmimiyyətlə qarşılayıblar.

Dövlət müşaviri Kamal Abdullayev III Beynəlxalq Multikulturalizm Məktəbinin iştirakçıları ilə görüşdə Azərbaycan xalqının və dövlətinin dostlarını hər zaman yüksək qiymətləndirdiyini çıxışında qeyd edib: "Yay və qış multikulturalizm məktəblərinin keçirilməsi Prezident İlham Əliyevin ideyasıdır və dövlət başçısının arzularından biri də budur ki, Azərbaycanın gənc vətəndaşlarının xaricdə intellektual dostları artsın. Dünyanın bu ağır vaxtında, mürəkkəb bir dövrdə heç nəyə baxmadan, böyük bir entuziazmla dünyanın o biri başından, uzaq ölkələrdən sizi Azərbaycana insanlığa, gəncliyə və multikulturalizmə olan sevgi gətirib".

III Beynəlxalq Multikulturalizm Məktəbi çərçivəsində Litvadan olan tələbə Salomeya Lukaite və Yunanıstandan Dimitrios Asproulisin təşəbbüsü və digər yay məktəbi iştirakçılarının dəstəyi ilə "Azərbaycanın gənc dostları" Beynəlxalq Klubu yaradılıb. "Azərbaycanın gənc dostları" Beynəlxalq Klubu üzvləri Prezident İlham Əliyevə ünvanladıqları müraciətdə multikulturalizmin Azərbaycanda yaşadığını və bu yaşam tərzinin sülh və dostluq üçün unikal model olduğunu öz gözləriylə görmək imkanı yaratdığına görə ölkə başçısına dərin minnətdarlıqlarını ifadə ediblər: "Səfər etdiyimiz hər bir şəhərdə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin adını daşıyan mərkəzlərdə keçirdiyimiz görüşlərdə Azərbaycan xalqına bugünkü rifahı bəxş etmiş və ölkənizdəki multikultural mühitin siyasi bünovrəsini yaratmış Ulu Öndər Heydər Əliyevə xalqın dərin ehtiramının şahidi olduq. Cənab Prezident, biz bir daha əmin olduq ki, Sizin ləyaqətlə davam etdirdiyiniz bu siyasət ölkənizdə yaşayan bütün xalqları dövlətə daha möhkəm tellərlə bağlayaraq sabitliyə və inkişafa əvəzsiz töhfəsini verir. 2016-cı ili Azərbaycanda "Multikulturalizm ili" elan etməyiniz sülhə, şəfqətə və barışa dünya miqyasında bir çağırışdır. Biz bu çağırışı sevinc və məmnuniyyət hissi ilə dəstəkləməyə, onu öz ölkələrimizdəki dostlarımıza və həmvətənlərimizə çatdırmağa hazırıq. Yaratdığımız beynəlxalq klub bütün dünyada Azərbaycana rəğbət və maraq bəsləyən gəncləri öz ətrafında birləşdirəcək və onların birgə əlaqəli fəaliyyətini təşkil edəcəkdir".

III Beynəlxalq Multikulturalizm Məktəbinin iştirakçılarının təəssüratı da maraqlıdır. ABŞ jurnalisti Peter Teys yazır: "Bu, mənim Azərbaycana üçüncü səfərimdir. Müxtəlif vaxtlarda baş tutan bu səfərlər zamanı bu ölkənin tarixi, mədəniyyəti, daxili və xarici siyasəti, beynəlxalq arenada yeri ilə bağlı bilgilərimi dərinləşdirməklə yanaşı, həm də Azərbaycan multikulturalizminin mahiyyətini tamamilə anlamaq üçün kifayət qədər zəngin təəssüratlar əldə etmişəm. III Beynəlxalq Multikulturalizm Məktəbində iştirakımdan sonra indi tam əminliklə söyləyə bilərəm: "Azərbaycan dünyada tolerantlığın və multikulturalizmin paytaxtıdır".

Çinli iştirakçı Yu Vanq isə Nic qəsəbəsindəki Alban-Udi xristian kilsəsini görəndə çox sevindi: "Mən musiqiçi olduğum üçün kilsədə səslənən arqan musiqisi diqqətimi cəlb etdi. Ümumiyyətlə, Azərbaycan musiqisi mənim maraq dairəmdədir. Burada olduğum günlərdə Azərbaycan bəstəkarlarının musiqilərini dinlədim. Qəbələdə təşkil olunan konsertdə Azərbaycanın xalq mahnıları mənə xoş anlar yaşatdı".

Rusiyalı Yevgeniya Şilyayeva, yəmənli Hafsa Hassan, indoneziyalı İmas Choirun Nisa Fujiati və başqalırı zəngin təəssüratla ölkəmizdən ayrılıblar. Qədim Qəbələnin tarixi məkanları, gözəl təbiəti və müasir istirahət mərkəzləri onları heyran edib. Yay məktəbində iştiraka görə özünü xoşbəxt sanıb.

S.Mürvətqızının sözlərinə görə, "dünyanın hər baxımdan qarmaqarışıq indiki vaxtında, sadəcə, müsəlman bir ölkənin xəritəsində mövcud olan udi xalqının kompakt yaşadığı bir qəsəbədə - xristianlığın ən qədim kilsələrinin birinin həyətində Azərbaycan "Yallı"sı 20-yə yaxın xalqın nümayəndəsinin əllərini və ürəklərini birləşdirmişdi. Azərbaycan multikulturallığını bütün rəngarəngliyi ilə, bundan daha dolğun ifadə edəcək, belə bir mənzərəyə sözün hər iki mənasında tərif lazım deyil. Çünki bəzi mətləblər tərifə gəlmir, sadəcə yaşanır - Azərbaycan multikulturalizmi kimi.

NƏZAKƏT

Digər xəbərlər