PDF Oxu

Sosial

  • 23

Nazirlər görüşəcəklər

Nazirlər görüşəcəklər

Arzu Nağıyev: "Ermənilər arasında bir qorxu, hakimiyyət daxilində isə bir çaxnaşma var"

Bir sıra xarici kütləvi informasiya vasitələrinin ABŞ konqresmeni Cim Kostaya istinadən verdiyi məlumata görə, yaxın günlərdə Azərbaycan, Ermənistan, Rusiya, Fransa xarici işlər nazirlərinin, eləcə də ABŞ-ın Dövlət Katibinin iştirakı ilə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı görüşü keçiriləcək. Siyasi analitiklərin qənaətincə, görüşdə münaqişənin həlli ilə bağlı müəyyən razılaşmaların əldə olunması mümkündür. Politoloq Arzu Nağıyev də bizimlə söhbətində belə görüşlərin keçirilməsinin problemin sülh yolu ilə həllinə yardımçı olduğunu bildirdi: "Bir müddət əvvəl Ermənistanda süni yaradılan siyasi şou avqust ayında Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin həmsədr ölkələrin xarici işlər nazirləri ilə keçiriləcək görüşü sual altına alındı. Yəni belə bir formatda keçiriləcək görüş, təbii ki, daha effektli ola bilərdi. Görüş, belə bir formatda baş tutarsa, bunu ancaq müsbət hal kimi qiymətləndirmək lazımdır".

Politoloqun sözlərinə görə, ATƏT-in həmsədr ölkələri olan ABŞ, Fransa və Rusiya münaqişənin həllində maraqlı olmalıdır: "Regionda təhlükəsizliyin təmin edilməsi ilk növbədə münaqişənin həllindən asılıdır. Regionda təhlükəsizliyin təmini isə Rusiyanın iqtisadi sanksiyalardan, az da olsa azad edilməsi, digər dövlətlərin isə bir sıra meqa-layihələrdə iştirakı deməkdir. Məhz buna görə də hər bir dövlət bundan özü üçün nəticə çıxarmalıdır, konkret məsələlər həll edilməlidir. Əks təqdirdə, stasus-kvonun saxlanması, münaqişənin həllinin uzadılması istər siyasi, istər iqtisadi, istərsə də hərbi baxımdan tək bu dövlətlər deyil, ümumi region üçün arzuolunmaz nəticələrə gətirib çıxara bilər".

"Sizcə, xarici işlər nazirləri və daha sonra prezidentlər səviyyəsində keçirilən görüşlərin nəticəsiz qalması Ermənistanın qeyri-konstruktiv mövqe tutması ilə bağlı olduğunu demək olarmı" sualına cavab olaraq, A.Nağıyev bildirdi ki, Ermənistan, ümumiyyətlə, heç bir vaxt konstruktiv mövqe tutmayıb: "Bununla belə, deməzdim ki, görüşlər tam nəticəsiz qalıb. Artıq Azərbaycan şərt irəli sürən və beynəlxalq normalara söykənən təkliflərin cavabını gözləyir. Bundan başqa, ermənilər tərəfindən əvvəlki qədər atəşkəs pozulması qeydə alınmır. Nə qədər siyasi şoular qursalar da, erməni tərəfində sanki bir qorxu, hakimiyyətdən narazılıq, Dağlıq Qarabağ separatçıları arasında çaxnaşma var. Rusiya prezidentinin regiona səfəri və Serj Sarkisyanla səfərdən sonra görüşü də müvafiq təlimatlarla bağlı ola bilər. Ermənistan nə qədər qeyri-konstruktiv mövqe tutsa da, münaqişənin həllində ciddi dəyişikliklər etməlidir. Əks təqdirdə, bunu məcburi etdirmək lazım olacaq".

GÜLYANƏ

Digər xəbərlər