PDF Oxu

Sosial

  • 12

İsgəndər Şəmsəddin oğlu Quliyev

İsgəndər Şəmsəddin oğlu Quliyev

Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatının sədri İsgəndər Şəmsəddin oğlu Quliyev 2016-cı il avqustun 12-də ömrünün 62-ci ilində vəfat etmişdir.

İsgəndər Şəmsəddin oğlu Quliyev 1 yanvar 1954-cü ildə Ağdam rayonunun Quzanlı kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra əmək fəaliyyətinə başlamış, Ağdam rayonunda müxtəlif sahələrdə çalışmışdır. 1973-1980-ci illərdə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun iqtisadiyyat fakültəsində təhsil almış, bu ali məktəbi təşkilatçı-iqtisadçı ixtisası üzrə bitirmişdir.

Ali təhsilini başa vurduqdan sonra İ.Quliyev Ağdam rayonunda təsərrüfat sahələri üzrə müxtəlif işlərdə çalışmışdır. 1997-ci ilin mart ayından 2010-cu ilin avqust ayına qədər Ağdam rayon icra hakimiyyətinin Ərazi-idarəetmə orqanları ilə iş şöbəsində böyük məsləhətçi işləmişdir. 2010-cu ilin avqust ayından isə ömrünün sonuna qədər Ağdam rayon icra hakimiyyətinin İctimai təşkilatlarla və siyasi partiyalarla iş şöbəsinin müdiri vəzifəsində çalışmışdır.

İ.Quliyev öz fəaliyyətində daim vətəndaşlıq mövqeyi nümayiş etdirmiş, Ulu Öndər Heydər Əliyevin ideyalarına sadiq qalmışdır. Müstəqilliyimizin ilk illərində Azərbaycanın çətin anlarında Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə cəmiyyətimizin sağlam qüvvələri tərəfindən yaradılmış Yeni Azərbaycan Partiyasının sıralarına qoşulmuşdur. O, 1993-cü ildən Yeni Azərbaycan Partiyasına üzv olmuşdur. İ.Quliyev fəaliyyətində Heydər Əliyev ideyalarına, Yeni Azərbaycan Partiyasına sadiqliyini sübut etmişdir. O, partiya işində irəli çəkilmiş, 2009-cu ilin sentyabr ayından YAP Ağdam rayon təşkilatının sədrinin səlahiyyətlərini icra etmiş, 2010-cu ilin avqust ayından isə YAP Ağdam rayon təşkilatının sədri seçilmişdir. İ.Quliyev həmin vaxtdan ömrünün sonuna qədər YAP Ağdam rayon təşkilatının sədri kimi fəaliyyət göstərmişdir.

Təşkilatın sədri kimi İ.Quliyev partiyanın rəhbər orqanlarının tövsiyə və tapşırıqlarını layiqincə yerinə yetirmiş, qarşıda duran vəzifələrin həllində fəal iştirak etmişdir. Onun rəhbərliyi ilə YAP Ağdam rayon təşkilatı rayonun ictimai-siyasi həyatında fəal iştirak etmişdir.

Üzərinə düşən bütün vəzifələrə dərin məsuliyyətlə yanaşmaqla İ.Quliyev çalışdığı sahələrdə göstərilən etimadı həmişə layiqincə doğrultmuşdur. Respublikamızda baş verən bütün ictimai-siyasi proseslərdə öz həqiqi vətəndaşlıq borcunu yerinə yetirərək, milli mənafelərə sədaqət nümayiş etdirmişdir.

YAP Ağdam rayon təşkilatının sədri İsgəndər Şəmsəddin oğlu Quliyevin xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.

Digər xəbərlər