PDF Oxu

Sosial

  • 82

Mehriban Əliyeva - hər bir azərbaycanlı xanıma örnək olan Birinci Xanım!

Mehriban Əliyeva - hər bir azərbaycanlı xanıma örnək olan Birinci Xanım!

Mehriban Əliyeva - Azərbaycanın "Fisrt Lady"si (Birinci Xanımı), millət vəkili, Azərbaycan-Fransa Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Mədəniyyətinin Dostları Fondunun prezidenti, Azərbaycan Gimnastika Federasiyasının prezidenti, Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, fəlsəfə elmləri doktoru və hər bir azərbaycanlı xanıma örnək olan 3 övlad anası. Bu gün Onun doğum günüdür və Mehriban xanımın fəaliyyətini, Azərbaycan dövlətinə və xalqına xidmətini yaxından izləyənlər təbriklərə qoşulur, öz arzularını çatdırırlar.

Dilarə Cəbrayılova, millət vəkili:

- Mehriban xanım Əliyeva bu gün Azərbaycan mədəniyyətinin fədakar elçisidir, xalqımızı, mədəniyyətimizi dünyada layiqli şəkildə tanıdır. O, bu gün Qarabağ həqiqətlərinin yorulmaz təbliğatçısıdır və yüzlərlə gənc xanım ziyalı da ondan örnək alır. O hər zaman Cənab Prezidentin yanında olaraq ölkəmizin inkişafı üçün əlindən gələni əsirgəmir. Biz Mehriban Əliyevanın xidmətlərini göz önündə canlandıranda, görürük ki, o, bu gün təkcə Azərbaycan üçün deyil, Türk Dünyası, Müsəlman Dünyası və ümumiyyətlə, dünyamız və insanlıq üçün Türk və Müsəlman Dünyasının şəriksiz qadın lideridir! O, ağlı, həyat tərzi və fəaliyyəti ilə nəinki ölkəsində, eləcə də Avropada, Qərbdə və təbii ki, Şərqdə böyük nüfuz qazanıb. Bəzi xarici mətbu orqanları bir çox birinci xanımları Onunla müqayisə edir və üstünlüyü Mehriban Əliyevaya verirlər. Çünki O, təkcə gözəlliyi, zövqü və Prezidentin həyat yoldaşı olması ilə deyil, səmərəli və humanist fəaliyyəti ilə də dünyada artıq geniş şöhrət sahibidir. Xarici səfərlər zamanı Onun Azərbaycan haqqında nə qədər yüksək fikir formalaşdırdığının dəfələrlə şahidi olmuşuq.

Mehriban xanım Əliyeva yorulmaz fəaliyyətini beynəlxalq konfranslarda həm təşəbbüsçüsü, həm də təşkilatçı olaraq da davam etdirir. O, həm də fəaliyyəti ilə Mədəniyyətlər və Sivilizasiyalararası dialoqa necə nail olmağın yolunu, eyni zamanda, qadınların bu sahədə nə qədər böyük rol oynaya biləcəyini göstərir. Onun təşəbbüsü ilə "Tolerantlığın ünvanı - Azərbaycan" layihəsi çərçivəsində Azərbaycanda məscidlərlə yanaşı, kilsələr və sinoqoqlar da təmir olundu və insanların ibadət etməsi üçün yaxşı şərait yaradıldı. Ümumiyyətlə, Mehriban Əliyevanın keçdiyi həyat yoluna nəzər saldıqda, qısa zaman ərzində gördüyü böyük işlər insanı valeh edir. Bu, sadəcə, seçilmişlərə verilən bir istedad, ağıl və güc sayəsində mümkündür. Mən də bu sevinc hisslərinə qoşulur, bu böyük ürəkli, hər bir azərbaycanlı xanıma örnək olan Mehriban xanımı doğum günü münasibətilə ürəkdən təbrik edirəm!

Mehriban Abasquliyeva, YAP Sabunçu rayon təşkilatının sədri:

- Bəlli olduğu kimi, hələ 2004-cü ildə Azərbaycan şifahi xalq ədəbiyyatının və musiqi irsinin qorunub-saxlanılması və inkişaf etdirilməsi sahəsində yorulmaz səylərinə görə Mehriban Əliyeva YUNESKO-nun Xoşməramlı Səfiri adına layiq görülüb. Ümumiyyətlə isə, O, gördüyü işlərə görə YUNESKO-nun ən fəal xoşməramlı səfirləri sırasındadır. Onun fəaliyyəti nəticəsində YUNESKO-nun qərargahında Azərbaycanın böyük şəxsiyyətlərinin yubileyləri qeyd olunur, Azərbaycan mədəniyyətini təbliğ edən çoxsaylı tədbirlər keçirilir. YUNESKO-nun baş katibinin iştirakı ilə Azərbaycan Respublikası ilə təşkilat arasında təhsil sahəsində əməkdaşlığa dair Memorandum imzalanıb. Bakıda YUNESKO ilə birlikdə təhsil sahəsində beynəlxalq konfrans keçirilib. Habelə, Bakıda möhtəşəm Beynəlxalq Muğam Mərkəzi yaradılıb. Azərbaycanın ecazkar milli musiqisinin inkişafı, dünyaya tanıdılması istiqamətində ciddi addımlar atılıb. Azərbaycanda dünyanın müxtəlif bölgələrindən gələn muğam ifaçılarının iştirakı ilə Beynəlxalq Muğam Müsabiqəsi keçirilib. Muğamın daha geniş təbliği nəticəsində dünya bu böyük musiqi ilə daha yaxından tanış olmaq imkanı qazanıb. Azərbaycanın qədim musiqisi olan əsrarəngiz muğam YUNESKO-nun Qeyri-Maddi İrs Siyahısına salınıb. Bunlar çox ciddi çalışmaların bəhrəsidir və tarixi mahiyyət daşıyır. Azərbaycan qadınını dünyanın hər yerində ən yüksək səviyyədə təmsil edən Mehriban xanımı hər zaman qürurla izləmişəm. Dünyanın hər yerində onun haqqında xoş sözlər eşidəndə, qürur hissi keçirirəm ki, bizim belə Birinci Xanımımız var! Çünki dünyada, sadəcə, Birinci Xanım olduğu üçün tanınanlardan deyil, daha çox öz əməlləri ilə tanınan bir lider xanımdır Mehriban Əliyeva! Bu gün O dünyanın lider xanımları arasında özəl yeri, özü və sözü olan bir xanımdır - O bunları gözəl düşüncə, gözəl fikir, gözəl əməlləri ilə qazanıb.

Onun doğum günüdür və mən Mehriban xanımı hər bir azərbaycanlı kimi səmimi qəlbdən təbrik edir, Allahdan can sağlığı diləyirəm.

Təranə Kərimova, YAP Səbail rayon təşkilatı qadınlar şurasının sədri:

- Mehriban xanım Əliyevanın Azərbaycanın haqq və ədalətli səsinin dünyaya çatdırılmasında çox böyük xidmətləri vardır. YUNESKO xətti ilə keçirilən tədbirlər çərçivəsində Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində Azərbaycan xalqına məxsus tarixi, mədəni və dini abidələrin dağıdılmasını qeyd etmədiyi bir çıxışını belə xatırlamaq çətindir. O, təkcə çıxışlarında deyil, rəhbərlik etdiyi təşkilatların fəaliyyətində də Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində böyük işlər görür. Mehriban Əliyevanın rəhbərlik etdiyi fond erməni iftiralarını, Azərbaycan həqiqətlərini, Xocalı soyqırımının, Ermənistanın işğal etdiyi ərazilərdə törətdiyi vəhşilikləri, təkcə Azərbaycana deyil, bütün insanlığa məxsus olan dini, tarixi və mədəni abidələrin dağıdılmasını özündə əks etdirən, bir çox dillərdə kitablar nəşr etdirir, filmlər hazırlayıb dünya ictimaiyyətinə doğru bilgilərin çatdırılması istiqamətində misilsiz işlər görür.

O, YUNESKO ilə yanaşı, həm də müsəlman dünyasını özündə birləşdirən İslam Əməkdaşlıq Təşkilatının ən böyük qurumu olan İSESKO-nun da xoşməramlı səfiridir və bu vəzifədə də müsəlman dünyasını layiqincə təmsil edir. Sivilizasiyalararası, mədəniyyətlərarası dialoq daxil olmaqla, müxtəlif sahələrdə genişmiqyaslı fəaliyyətinə, qayğıya ehtiyacı olan uşaqlara göstərdiyi diqqətə, onların yaşayış şəraitinin yaxşılaşdırılmasına, təhsilə, həmçinin, islam aləmində görülən işlərə böyük dəstəyinə görə 2006-cı il noyabrın 24-də İSESKO-nun xoşməramlı səfiri adına layiq görülüb. Mehriban Əliyevanın ötən illər ərzində gördüyü işlər təşkilat tərəfindən ən yüksək səviyyədə qiymətləndirilir və aldığı mükafatlar bunun bariz göstəricisidir. Onu doğum günü münasibətilə təbrik edir, can sağlığı və işlərində müvəffəqiyyətlər arzulayıram.

R.KAMALQIZI

Digər xəbərlər