İlham Əliyev: "Bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır və aprel döyüşləri bunu bir daha sübut etdi"
Hər bir müstəqli dövlət mövcudluğunu, təhlükəsizliyini məhz silahlı qüvvələr vasitəsilə təmin edir. Bu isə güclü dövlətin apardığı güclü siyasətin məntiqi nəticəsitdir. Məhz bu səbəbdən də, güclü ordu ilə güclü dövlət anlayışı vəhdət təşkil edir və müstəqil dövlətin nüfuzu iqtisadi-siyasi və elmi potensialı ilə yanaşı, onun malik olduğu ordusunun qüdrəti ilə də ölçülür. Aprelin 2-dən başlayaraq, Ermənistanın hərbi hissələrinin təmas xəttində Azərbaycanın işğal altında olan ərazilərində yerləşən Azərbaycanın cəbhəboyu mövqelərini iriçaplı silahlar, minaatanlar, qumbaraatan və artilleriya qurğularından intensiv atəşə tutaraq, qoşunların təmas xəttində növbəti təxribatların uğurla qarşısının alınması, məhz müstəqil Azərbaycanın peşəkar hərbçi kadrlarının, güclü maddi-texniki bazaya, müasir texnika və silahlara malik olan nizami ordusunun olmasının nəticəsidir.
Hadisələrlə bağlı Ali Baş Komandan, ölkə Prezidenti İlham Əliyev qeyd etmişdir ki, orduda döyüş qabiliyyəti, mənəvi-psixoloji durum, vətənpərvərlik ruhu çox yüksəkdir: "Bunu aprel döyüşləri də göstərdi. Erməni təxribatına ordumuz layiqli cavab verdi. Bu döyüşlər tarixi qələbə idi".
Əslində, bu, gözlənilən idi. Müdrik insanların dəfələrlə söylədiyi "Siyasətin ədalətli, siyasətçinin adil olması onu dəstəkləyənlərin sırasına baxanda məlum olur" -ifadəsi bu gün Azərbaycanda öz təsdiqini tapır. Çünki bizim dövlətin yeritdiyi siyasət də, dövlət başçımızın siyasi fəaliyyəti də dünyanın hər yerində dəstəklənir bu siyasətin nəticəsi də ancaq qələbə olmalıdır!
Eyni zamanda, bu gün Azərbaycanımızda DÖVLƏT-XALQ birliyi möhkəmdir və məhz bu birliyin məntiqi nəticəsi də qələbədir!
Ali Baş Komandan daim ordunun yanındadır
Mayın 1-də Ali Baş Komandan, ölkə Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva cəbhə xəttinə - Tərtər, Ağdam və Bərdə rayonlarına səfəri zamanı hərbi hissədə əsgər və zabitlərin xidmət şəraiti, onların təminatı ilə tanış olması, şəxsi heyətlə və həmin rayonların sakinləri ilə görüşü, onlara qayğısı bir daha hər kəsdə böyük ruh yüksəkliyi yaratdı. Ölkə başçısı birmənalı tərzdə bildirdi ki, biz öz torpaqlarımızdan imtina etməyəcəyik, ermənilər ölmək istəmirsə, buradan çıxıb getsin. Eyni zamanda, dövlət başçısı çıxışında ərazi bütövlüyümüzü tezliklə bərpa edəcəyimizi bəyan etdi. Bu, həm Azərbaycan Ordusunun qarşısına qoyulan vəzifə, həm də ermənilərə yönələn bir mesaj idi. Dövlət başçısı açıq şəkildə qarşı tərəfə ismarıc yolladı ki, işğal faktı davam etdikcə, Azərbaycan Ordusu sizlərə heç bir dinclik verməyəcək.
Beləliklə, insanlar gördülər ki, onlar tək deyil və həmin bölgədə düşmənin raket zərbələri altında yaşayan əhalinin arxasında birbaşa Prezident dayanıb. Ordu da eyni hissləri keçirdi və başa düşdü ki, Ali Baş Komandan istənilən vaxt onların hər bir tələbatını ödəməyə hazırdır. Ali Baş Komandanın əsgərlərlə bu cür görüşü ordunun döyüş əzmini xeyli yüksəltməklə yanaşı, ordumuzun qarşısına yeni-yeni vəzifələr qoydu. "Aprel hadisələri xalqımızı daha da birləşdirdi. Azərbaycan xalqı dövlətə, ordumuza çox böyük dəstək göstərdi. Bu, xalqımızın mətinliyini, səviyyəsini göstərir" deyən Prezident İlham Əliyev Azərbaycan Ordusunun xalqdan böyük dəstək aldığını bir daha bəyan etdi.
Güclənən qüdrətli dövlətin, qüdrətli ordusu
Bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır. Hazırda ordumuz 50-ci yerdədir. Bu da əsassız deyil. Çünki Ali Baş Komandan, Prezident İlham Əliyevin apardığı ardıcıl siyasətin nəticəsində, bu gün ordumuza göstərilən diqqət sayəsində silahlı qüvvələrimiz müasir silah-sursat, döyüş texnikası, o cümlədən təyyarə, helikopter və artilleriya sistemlərinin keyfiyyəti, şəxsi heyətin sayı və döyüş əzmi baxımından düşmən ordusunu dəfələrlə qabaqlayır. Çox böyük qürurverici haldır ki, bu dəfə də silahlı qüvvələrin bütün şəxsi heyəti qisas və qələbə hissi ilə yaşayır, torpaqlarımızı işğaldan azad etmək uğrunda müqəddəs borcunu yerinə yetirməyə qadir olduqlarını nümayiş etdirdilər. Təbii ki, bütün bunlar Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin tövsiyə və tapşırıqları əsasında reallaşdırılır.
Bu faktı da, xüsusi olaraq vurğulamaq lazımdır ki, bütün bu nailiyyətlər Prezident İlham Əliyevin ordu quruculuğu ilə bağlı əvvəlcədən gördüyü hərtərəfli tədbirlərin nəticəsidir ki, bu gün düşmənə sarsıdıcı zərbə vurmağa imkan verir. Müdafiə məqsədilə ayrılan hərbi xərclərin ildən-ilə artması, eləcə də ölkədə hərbi təyinatlı məhsulların istehsalını həyata keçirən sənaye müəssisələrinin yaradılması ordu quruculuğu baxımından vacib əhəmiyyətə malikdir. Azərbaycan müxtəlif xarici ölkələrdən müasir hərbi texnikalar alır, ordunun arsenalında olan bir sıra texnikaların modernləşdirilməsini həyata keçirir. Əvvəllər xaricdən alınan bəzi hərbi texnika və döyüş sursatları artıq Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan müəssisələrdə istehsal olunur. Azərbaycanın yerli istehsal hesabına ordusunun müxtəlif hərbi ləvazimatlara və döyüş sursatlarına olan ehtiyacını ödəməsi ölkəmizin Ermənistan qarşısında üstünlüyünü daha da artırır. Hərbi xərclərin artması ordu quruculuğu prosesini daha da sürətləndirmişdir və bunu Azərbaycan Ordusunun bütün qoşun birləşmələrinin timsalında görmək mümkündür. İldən-ilə dövlət büdcəsindən orduya ayrılan vəsaitin artımı hərbi qulluqçuların - generalların, baş və kiçik zabitlərin, gizirlərin, miçmanların, çavuşların, əsgərlərin, matrosların, müddətdən artıq hərbi qulluqçuların sosial təminatının gücləndirilməsi, mənzil şəraitlərinin daha da yaxşılaşdırılması, ordunun maddi-texniki bazasının modernləşdirilməsi ölkənin müdafiə sisteminin gücləndirilməsi deməkdir.
Beləliklə, Silahlı Qüvvələrimizin Ali Baş Komandanının ölkənin ərazi bütövlüyünün bərpası istiqamətində nümayiş etdirdiyi qətiyyət, Milli Ordumuzun işğalçı dövlətin təxribatlarına tutarlı cavab verərək, düşmənin geri çəkilməsinə nail olması və bu kimi bir sıra başqa amillər həm ölkə əhalisi, həm də dünya ictimaiyyəti tərəfindən böyük hörmət və ehtiramla qarşılanan reallıqdır. Bu, Azərbaycan dövlətinin, Azərbaycan Ordusunun, ümumiyyətlə, uzun illərdən bəri edən inkişafın reallığı və nəticəsi idi. Çünki hər bir qələbənin arxasında Azərbaycan tərəqqisi dayanır. Bu, Ulu Öndər Heydər Əliyev siyasətinin təməlində dayanan və ölkə başçısı, Ali Baş Komandanımız Cənab İlham Əliyev tərəfindən davam etdirilən, yaşadılan tərəqqinin məntiqi nəticəsidir!
RƏFİQƏ KAMALQIZI