Son illər Yaponiya işgüzar dairələri qeyri-enerji sektorunda əməkdaşlığın inkişafına da böyük maraq göstərir
Beynəlxalq münasibətlər sisteminin fəal aktoru olan Azərbaycan Respublikası dünyanın ən aparıcı dövlətləri ilə qarşılıqlı səmərəli münasibətlər qurmaqdadır. Azərbaycanın sülhsevər və tolerant ölkə olması onun digər dövlətlərlə əlaqələrinin də səmimi tərəfdaşlıq xüsusiyyətləri əsasında tənzimlənməsinə əsas yaradır. Azərbaycanın inkişaf edən ölkə kimi xarici sərmayələrə açıq olması və biznes mühitinin inkişafı üçün əlverişli mühitin formalaşdırılması, xüsusilə də İKT sahəsində ən qabaqcıl dövlətlərin diqqət mərkəzinə gəlməsinə şərait yaradır. Belə ölkələrin sırasında Yaponiya xüsusi yer tutur.
Yaponiya ilə Azərbaycanın münasibətlərinin əsası müstəqilliyimizin ilk illərində qoyulsa da, əsasən, Ümummilli Lider Heydər Əliyevin siyasi hakimiyyətə gəlişindən sonra yüksəliş dövrünü yaşayıb. Hazırda Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin fəaliyyəti nəticəsində, Azərbaycan-Yaponiya əlaqələri çox sürətlə inkişaf edir.
Qarşılıqlı səfərlər ölkələrarası əlaqələrin inkişafına geniş töhfə verir, xüsusən də, dövlət başçılarının müxtəlif vaxtlarda qarşılıqlı səfərləri iki ölkə arasındakı münasibətlərdə çox mühüm rol oynayır. Bundan başqa, iki ölkə parlamentində dostluq qrupları da fəaliyyət göstərir. Bu qrupların da qarşılıqlı səfərləri ölkələrarası və parlamentlərarası əməkdaşlığın inkişafına təkan verir.
Bütün dövrlərdə Azərbaycan Yaponiya ilə əlaqələrin gücləndirilməsinə böyük önəm verib. Bu mənada, iqtisadi əlaqələrin dinamikası yüksələn xətlə davam edir və getdikcə ölkələr arasındakı hüquqi baza da gücləndirilir. Belə ki, iki ölkə arasında 20-yə yaxın sənəd imzalanıb, bir o qədər sənəd isə baxılmaq ərəfəsindədir. Məhz 1993-cü ildən bəri Yaponiya Yardım Fondundan Azərbaycana 1 milyarddan çox yardım ayrılıb.
İki ölkə beynəlxalq təşkilatlar çərçivəsində də səmərəli əməkdaşlıq edir. Hətta Azərbaycan BMT Təhlükəsizlik Şurasına üzv seçilərkən Yaponiya ölkəmizi dəstəkləmişdi. Bu mənada, Azərbaycan da beynəlxalq təşkilatlar qarşısında Yaponiyanı dəstəkləməyə hazır olduğunu dəfələrlə sübut edib.
Yaponiya hər zaman Azərbaycanın Cənubi Qafqazdakı lider mövqeyini, Avropada və beynəlxalq təşkilatlardakı rolunu yüksək qiymətləndirib. Bu baxımdan, Yaponiya Azərbaycanla təkcə iqtisadi yox, təhsil, səhiyyə, mədəniyyət və s. sahələrdə də əlaqələrin inkişafına xüsusi önəm verir. Məhz yaponların Azərbaycana gəlişlərinin əsas səbəbi də qarşılıqlı əlaqələri daha da möhkəmləndirməkdir. Bu kontekstdə Yaponiya Xarici İşlər Nazirliyinin parlamentar vitse-naziri Motome Takisavanın Azərbaycana səfəri xüsusi əhəmiyyət kəsb edir.
Motome Takisavanı qəbul edən Prezident İlham Əliyev qeyd edib ki, iyirmi ildən artıq bir müddət ərzində ölkələrimizin uğurlu əməkdaşlığı həyata keçirilib. Ölkələrimiz arasında möhkəm siyasi əlaqələrin mövcud olduğunu qeyd edən dövlətimizin başçısı Yaponiyanın çoxlu sayda şirkətlərinin ölkəmizdə müxtəlif layihələrdə iştirak etdiyini, biznes strukturları arasında əlaqələrin yaxşı perspektivləri olduğunu bildirdi. "Bizim əlaqələrimiz çoxşaxəlidir", - deyən Prezident İlham Əliyev əməkdaşlığımızın bundan sonra da inkişaf edəcəyinə və möhkəmlənəcəyinə əminliyini ifadə etdi, bu səfərin əlaqələrimizin gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından önəmini vurğuladı.
Söhbət zamanı ölkələrimiz arasında iqtisadi əlaqələrin yeni mərhələyə qaldırılması üçün əlverişli imkanların olduğu qeyd edildi, neft-qaz, yüksək texnologiyalar, kənd təsərrüfatı, əczaçılıq, təhsil və digər sahələrdə əməkdaşlıq haqqında ətraflı fikir mübadiləsi aparıldı, bu sahələrin yaxşı perspektivləri olduğu bildirildi.
Son illər Yaponiya işgüzar dairələri qeyri-enerji sektorunda əməkdaşlığın inkişafına da böyük maraq göstərir. İndiyə qədər Yaponiya şirkətləri, əsasən, enerji layihələrində iştirak ediblər, lakin son illərdə, bir çox yapon şirkətləri neft-kimya, neft-qaz emalı, tibbi, yüksək texnologiyalar və kosmik sənaye kimi sahələrdə əməkdaşlıq imkanları ilə maraqlanır. Amma təəssüf ki, ticarət dövriyyəsinin bugünkü həcmi o qədər də yüksək deyil. Ötən il ümumi ticarət həcmi təxminən 200 milyon ABŞ dolları təşkil edib. Yaponiyanın digər tərəfdaşları ilə müqayisədə, bu, çox kiçik göstəricidir. Məsələn, Yaponiya ilə Çin arasında ticarət dövriyyəsinin həcmi 275 milyard dollar, ABŞ-la 160 milyard dollar, Rusiya ilə 31 milyard dollardır. Ona görə də, qeyd etmək olar ki, ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələrinin inkişafı üçün böyük potensial mövcuddur. Rəsmi məlumatlara əsasən, Yaponiya Azərbaycandan neft və neft məhsulları, əlvan metallar idxal edir, Azərbaycan isə Yaponiyadan elektron məişət texnikası, avtomobil və qara metallar alır.
Bütün bunlarla yanaşı, Yaponiya Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin tərəfdarıdır. Yaponiya ATƏT-in Minsk Qrupunun vasitəçilik səylərini dəstəkləyir. Dağlıq Qarabağ münaqişəsinin nəinki Azərbaycanın, ümumilikdə, Cənubi Qafqaz bölgəsinin inkişafına əngəl olduğunu başa düşən yaponlar problemin tezliklə həll edilməsini arzulayırlar.
"Səs" Analitik Qrupu