Referendum üzrə "Yeni Azərbaycan" Təşviqat Qrupunun Biləsuvar rayon şöbəsi seçicilərlə görüş keçirib
Dünən Biləsuvar rayonunun Ağayrı kəndində "Yeni Azərbaycan" Təşviqat Qrupunun 26 sentyabra təyin olunmuş referendumla bağlı seçicilərlə görüşü kecirilib. Tədbiri Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatının və "Yeni Azərbaycan" Təşviqat Qrupunun Biləsuvar rayon şöbəsinin sədri Kamil Mirzəyev açaraq, Konstitusiyaya təklif edilən dəyişikliklərin ölkədə insan hüquq və azadlıqlarının konstitusion təminatının daha da gücləndirilməsinə, demokratik təsisatların fəaliyyətinin və bütövlükdə, idarəetmə sisteminin təkmilləşdirilməsinə xidmət göstərdiyini bildirib: "Son 5 ildə ölkəmizdə həyata keçirilən böyük layihələr və proqramlar, dövlət idarəçiliyinin bütün sahələrində geniş islahatlar, xarici siyasətimizdə əldə edilən uğurlar, demokratiya, insan haqları və azadlıqları sahəsində qazanılan nailiyyətlər, məhz bu dəyişikliklərin Əsas Qanunumuzda təsbit olunmasını zəruri edir. Sizləri 26 sentyabrda "Həmrəy olaq, hə deyək!" devizinə dəstək olmağa çağırıram".
Görüşdə Referendum üzrə "Yeni Azərbaycan" Təşviqat Qrupunun səlahiyyətli nümayəndəsi, YAP Siyasi Şurasının üzvü, "İki Sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə çıxış edərək bildirdi ki, konstitusiyaya təklif edilən dəyişikliklər ölkədə demokratik təsisatların fəaliyyətinin və bütövlükdə, idarəetmə sisteminin təkmilləşdirilməsinə xidmət göstərir: "İnanırıq ki, ölkə vətəndaşlarının böyük əksəriyyəti bu dəyişikliklərə və əlavələrə yekdilliklə səs verəcək. Çünki bu, ölkəmizə yeni inkişaf tendensiyası gətirəcək".
Görüşdə seçicilərdən Allahşükür Əliyev, İnşallah Şirinov və başqaları çıxış edərək, müstəqil Azərbaycanın Konstitusiyasına əlavə və dəyişiklikləri bəyəndiklərini bildiriblər və 26 sentyabr 2016-cı il tarixdə keçiriləcək referendumda bu əlavə və dəyişikliklərə səs verəcəklərini qeyd ediblər.
SƏBAİL
Səbaildə "Həmrəy olaq, hə deyək" devizi altında görüş keçirilib
Dünən Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatında "Yeni Azərbaycan" Təşviqat Qrupunun Səbail rayon şöbəsi 26 sentyabr 2016-cı il tarixdə Azərbaycan Konstitusiyasına ediləcək əlavə və dəyişikliklərlə bağlı keçiriləcək ümumxalq səsverməsinin (referendum) təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə görüş keçirilib. Görüşdə çıxış edən Referendum üzrə "Yeni Azərbaycan" Təşviqat Qrupunun Səbail rayon şöbəsinin sədri, təşviqat qrupunun səlahiyyətli nümayəndəsi, Milli Məclisin deputatı, prof. Şəmsəddin Hacıyev konstitusiyanın qəbul olunmasının, ona hər hansı əlavə və dəyişikliklərin edilməsinin hər bir ölkənin ictimai-siyasi həyatında çox mühüm əhəmiyyət kəsb edən hadisə olmadığını bildirib: "1995-ci ildə müstəqil Azərbaycanın Konstitusiyanın qəbulu tariximizin şərəfli səhifələrindən biri olmaqla, müasir Azərbaycanın inkişafında, Azərbaycan dövlətçiliyinin, Azərbaycan vətəndaşlarının hüquq və azadlıqlarının təmin olunmasında və ölkədə vətəndaş cəmiyyətinin formalaşmasında böyük rol oynayır. Azərbaycan Respublikasının Konstitusiyasının qəbulundan ötən dövr ərzində artıq iki dəfə - 2002 və 2009-cu illərdə ümumxalq səsverməsi ilə bu ali qanunvericilik sənədinə müəyyən dəyişikliklər və əlavələr edilib. Lakin son 7 il ərzində Azərbaycanın ictimai, siyasi, iqtisadi, mədəni həyatında nəzərəçarpan dəyişikliklər baş verib, cəmiyyətin demokratikləşməsi və liberallaşdırılması, söz azadlığı, vicdan azadlığı və s. sahəsində çox əhəmiyyətli irəliləyişlərə nail olunub, multikulturalizm ideyaları artıq bizim həyat tərzimizə çevrilib". Ş.Hacıyeva onu da vurğulayıb ki, "Azərbaycan 2020: Gələcəyə baxış" İnkişaf Konsepsiyasında qarşımıza daha böyük hədəflər və vəzifələr qoymuşdur. Azərbaycanın iqtisadi inkişaf modeli bu gün ölkə rəhbərimiz tərəfindən aparılan düşünülmüş siyasət nəticəsində yeni dövrün tələblərinə çox məharətlə uyğunlaşdırılır, ölkədə vətəndaş cəmiyyəti yeni demokratikləşmə standartları əsasında inkişaf edir. Bu baxımdan, cəmiyyətdə gedən proseslərə uyğun olaraq qanunvericilikdə, xüsusilə, ölkənin Əsas Qanununda müvafiq dəyişikliklərin edilməsi obyektiv zəruriyyətdən irəli gəlir".
Ş.Hacıyev bu dəyişikliklərin mahiyyətində, özəyində dayanan əsas məqsədin konstitusiyamızı zənginləşdirmək, dövlət sisteminin əsaslarını möhkəmləndirmək, güclü qanunvericilik bazasını yaratmaq, bugünkü Azərbaycan cəmiyyətində mövcud olan ictimai-siyasi və iqtisadi sabitliyi qoruyub-saxlamaq, dövlətçiliyin təhlükəsizliyini, vətəndaşların hüquq və azadlıqlarını təmin etmək, ərazi bütövlüyümüzü bərpa etmək, xalq-iqtidar birliyini daha da möhkəmləndirmək, gənclərin ölkənin ictimai-siyasi həyatında fəal iştirakını təmin etmək olduğunu qeyd etdi. Sonda hər kəsi referendumda fəal iştirak etməyə çağıran sədr bu işdə hamıya uğurlar arzuladı.
"Həmrəy olaq, hə deyək!" devizi ilə keçirilən görüşdə çıxış edən seçicilər də referendumda ediləcək dəyişiklik və əlavələrlə tanış olduqlarını və bu dəyişiklikləri dəstəklədiklərini bildirərək, seçki prosesində aktiv iştirak edəcəklərini qeyd ediblər.
RƏFİQƏ KAMALQIZI,
RÖVŞƏN NURƏDDİNOĞLU