PDF Oxu

Sosial

  • 47

"Həmrəy olaq, HƏ deyək!"

"Həmrəy olaq, HƏ deyək!"

ŞABRAN

Bu gün Referendum üzrə "Yeni Azərbaycan" Təşviqat Qrupunun Şabran rayon şöbəsi təbliğat-təşviqat kampaniyası çərçivəsində rayon seçiciləri ilə görüş keçirib.

Tədbiri giriş sözü ilə açan YAP Şabran rayon təşkilatının sədri Mehdi Balabəyov qonaqları salamlayaraq, konstitusiyada ediləcək əlavə və dəyişikliklərin zəruriliyini vurğulayıb: "Təklif olunan dəyişikliklər gələcəyimiz üçün önəmlidir. Ona görə də Şabran rayon seçiciləri, bütün seçkilərdə olduğu kimi, budəfəki seçkilərdə də fəal olub öz gələcəyi naminə səs verəcklərinə əminik".

Yığıncaqda millət vəkili Tahir Süleymanov Ulu Öndər Heydər Əliyev siyasətinin Onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini və konstitusiya edilən əlavə və dəyişikliklərin Azərbaycanın və xalqımızın uğurlu gələcəyinə istiqamətləndirildiyini bildirib: "Konstitusiyaya təklif edilən əlavə və dəyişikləri nəzərdən keçirdikdə, görürük ki, orada nəzərdə tutulan bütün müddəalar dövlətimizin, eləcə də xalqımızın daha yaxşı və firavan yaşamasını təmin etmək üçün səsverməyə çıxarılıb. Biz bu səsvermədə gələcək müqəddəratımızı həll edəcəyik. Ona görə də sentyabrın 26-da keçiriləcək seçkilərdə xalqımızı daha aktiv olmağa səsləyirəm".

Görüşdə Referendum üzrə "Yeni Azərbaycan" Təşviqat Qrupunun səlahiyyətli nümayəndəsi, "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev konstitusiyada nəzərdə tutulan dəyişiklik və əlavələrin tarixi zəruriliyindən danışaraq, sənəddə əksini tapan müddəaların bir çox istiqamətləri əhatə etdiyini bildirib: "Bu gün Azərbaycan özünün inkişaf və tərəqqi dövrünü yaşayır. Ölkəmiz inkişaf etdikcə qanunlara da bu və ya digər şəkildə dəyişikliklər və əlavələrin edilməsinə ehtiyac duyulur. Azərbaycan Konstitusiyasında sentyabrın 26-na təyin edilmiş referendumda dəyişiklik və əlavələrin edilməsi də zamana uyğun atılan addımlardandır".

B.Quliyev görüşdə iştirak edən seçiciləri referendumda fəallıq göstərməyə çağırdı: "Sizləri sentyabrın 26-da Azərbaycanda keçiriləcək ümumxalq səsverməsində fəal iştirak etməyə çağırırq".

Şabran bələdiyyəsinin sədri Qəhrəman Quliyev də çıxışı zamanı rayon seçicilərini səsvermədə fəal iştirak etməyə, ölkəmizin gələcək inkişafı naminə səs verməyə dəvət edib.

Sonda seçicilər Referendum Aktı haqqında öz fikirlərini bildirərək, seçkilərdə fəal olacaqlarını söyləyiblər.

XAÇMAZ - XUDAT

Sentyabrın 26-da keçiriləcək konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı ümumxalq səsverməsinin (referendum) təbliğat-təşviqat kampaniyası çərçivəsində Referendum üzrə "Yeni Azərbaycan" və "Bələdiyyə" Təşəbbüs Qrupunun üzvlərilə Xaçmaz rayonunun Xudat qəsəbəsinin seçiciləri ilə görüşü keçirilib.

Tədbiri giriş sözü ilə Xudat bələdiyyəsinin sədri Elman Allahyarov açaraq, Konstitusiya Aktı layihəsi barədə seçicilərə geniş məlumat verib. Qeyd edib ki, nəzərdə tutulan konstitusiya dəyişiklikləri ölkəmizin inkişaf strategiyasının daha da effektivliyini təmin edəcək.

Tədbirdə çıxış edən millət vəkili İlham Əliyev Azərbaycan Konstitusiyasına təklif edilən dəyişikliklər ölkədə insan hüquq və azadlıqlarının konstitusion təminatının daha da gücləndirilməsinə, demokratik təsisatların fəaliyyətinin və bütövlükdə, idarəetmə sisteminin təkmilləşdirilməsinə xidmət göstərdiyini deyib. Millət vəkili əminliklə bildirib ki, xudatlılar ölkəmizin daha da inkişafı, vətəndaşların həyat şəraitinin daha da yaxşılaşmasına xidmət edən bu dəyişikliklərə dəstək verəcək və sentyabrın 26-da keçiriləcək referendumun nəticələrində bu dəstəyi daha aydın görəcəyik.

Milli Məclisin deputatı Eldəniz Səlimov isə deyib ki, dəyişikliklərin böyük əksəriyyəti insan, vətəndaş hüquqları və azadlıqlarının daha da möhkəmləndirilməsinə xidmət edəcək: "Konstitusiyaya təklif edilən dəyişikliklər çağdaş dövrümüzün tələblərinə uyğundur. Bu dəyişikliklər konstitusiyamızın möhkəmlənməsinə, idarəçilik sisteminin təkmilləşməsinə xidmət edir. Xaçmazlılar həmişə dövlətə, dövlətçiliyə, Prezidentimizə sadəqətli olublar, dəstək olublar, bu seçkidə də bir daha sədaqətlərini nümayiş etdirəcək və referendumda qoyulan dəyişikliklərə "HƏ" deyəcəklərinə inanıram".

YAP Xaçmaz rayon təşkilatının sədri Nazim Ağayev bildirib ki, ölkənin konstitusiyası və ona dəyişikliklər, adətən, həmin dövrdə ölkənin ictimai-siyasi, sosial, iqtisadi və böyük əhəmiyyət kəsb edən digər reallıqlarını və gələcək inkişafı ilə bağlı amillər nəzərə alınmaqla qəbul edilir: "Ölkə Prezidenti İlham Əliyevin fəaliyyətini dəstəkləyən, bütün siyasi kampaniyalarda mütəşəkkillik, coşqu və iradə nümayiş etdirən seçicilərimizin bütün seçki kampanmiyalarında olduğu kimi, bu bu siyasi kampaniyada da fəallığına və "Həmrəy olaq, HƏ deyək!" deyvizinə dəstək olacaqlarına əminik.

Görüşdə seçicilərdən Ayaz Mirzəyev, Amil Rəhimov, Hacıağa Yəhyayev, şair Telman Təravət və başqaları çıxış edərək, bildiriblər ki, əvvəlki seçkilərdə olduğu kimi, bu ümumxalq səsverməsində (referendumda) da xudatlılar fəallıq göstərərək, konstitusiyamıza edilən dəyişikliklərə " HƏ" deyəcəklər.

XAÇMAZ

Referendum üzrə "Yeni Azərbaycan" və "Bələdiyyə" Təşviqat Qrupu təbliğat-təşviqat kampaniyası çərçivəsində Xaçmaz rayonunda seçicilərlə görüş keçirib. Tədbirdə çıxış edən Xaçmaz bələdiyyəsinin sədri Mahir Fətəliyev bildirib ki, hazırda ölkəmiz vacib siyasi proses ərəfəsindədir: "Sentyabrın 26-da ölkəmizdə konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı ümumxalq səsverməsi - referendum keçiriləcək. Zamanın tələbindən irəli gələn bu əlavə və dəyişikliklərlə tanış olduqda, məlum olur ki, sənəddə nəzərdə tutulan müddəaların bir hissəsi insan hüquq və azadlıqlarının müdafiəsinə həsr olunur. Bu baxımdan, xalqımız, öz gələcəyi naminə səsvermədə fəal iştirak etməyə çağırıram".

Yeni Azərbaycan Partiyası (YAP) Xaçmaz rayon təşkilatının sədri Nazim Ağayev bildirib ki, konstitusiyaya təklif edilən əlavə dəyişikliklərdə insanların şərəf və ləyaqətinin qorunması, onların hüquqlarının müdafiə olunması, ayrı-ayrı orqanlarda vətəndaşların müraciətlərinə baxılması, onların təhlükəsizliyinin təmin olunması və digər məsələlər öz əksini tapır: "Bir sözlə, bir bu sənədə səs verməklə öz gələcək inkişafımızı müəyyən edəcəyik. Xaçmazlıları səsvermədə aktiv olmağa səsləyirəm".

Görüşdə çıxış edən millət vəkilləri Eldəniz Səlimov konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərin hər birinin mahiyyəti barədə seçicilərə ətraflı məlumat verərək bildirib ki, hər bir dəyişikliyin zamanı, vaxtı olduğu kimi, konstitusiyaya da əlavə və dəyişikliklər edilməsinin vaxtı artıq çatıb: "Bu dəyişikliklər Azərbaycanı qarşıdakı illərdə daha güclü, daha modern, inkişaf etmiş ölkəyə çevirəcək".

Millət vəkili İlham Əliyev təklif olunan əlavə və dəyişikliklərin ölkəmizin və xalqımızın gələcək həyatında böyük əhəmiyyətə malik olacağını qeyd edib. Millət vəkili xaçmazlıları dövlət başçısının Sərəncamı ilə 2016-cı il sentyabrın 26-na təyin edilən ümumxalq səsverməsi günü məntəqələrə gələrək, Referendum Aktına səs verməyə çağırıb.

Görüşdə seçicilərdən Abasyar Heydərov, Tahir Şamxalov, Sevinc Sədullayeva, İsa Yusifov, Adil Zəkiyev çıxış edərək, müstəqil Azərbaycanın Konstitusiyasına təklif olunan əlavə və dəyişiklikləri bəyəndiklərini, 26 sentyabrda keçiriləcək ümumxalq səsverməsində əlavə və dəyişikliklərə səs verəcəklərini bildiriblər.

İMİŞLİ

Referendum üzrə "Yeni Azərbaycan" Təşviqat Qrupunun İmişli rayon şöbəsi təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə görüş keçirib. Görüşü "Yeni Azərbaycan" Təşviqat Qrupunun İmişli rayon şöbəsinin rəhbəri, Yeni Azərbaycan Partiyası (YAP) İmişli rayon təşkilatının sədri Səfa Ağayev açaraq, Referendum Aktı haqqında məlumat verib. S.Ağayev "Yeni Azərbaycan" Təşviqat Qrupunun İmişli rayon şöbəsinin bu prosesdə üzərinə düşən vəzifələri layiqincə yerinə yetirdiyini deyərək, əmin olduğunu bildirib ki, seçicilər ölkəmizin inkişafına xidmət edən konstitusiya islahatlarını dəstəkləyir, Əsas Qanuna əlavə və dəyişikliklərin edilməsi müsbət qarşılanır: "Yeni çağırışlar və reallıqlar konstitusiya islahatlarının həyata keçirilməsini zəruri edir və inanırıq ki, 26 sentyabr tarixində keçiriləcək referendum bu baxımdan müstəsna əhəmiyyət daşıyır".

"Yeni Azərbaycan" Təşviqat Qrupunun səlahiyyətli nümayəndəsi, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu Konstitusiya islahatlarının milli inkişafa və dövlətin qüdrətinin artmasına xidmət etdiyini deyib: "Referendum Aktının layihəsində əksini tapan məsələlər bir çox sahələrdə müasir dövrün çağırışlarına cavab verən islahatların həyata keçirilməsini təmin edəcək. Bu əlavə və dəyişikliklər ölkəmizin inkişafında yeni mərhələnin başlanğıcı olacaq".

Millət vəkili onu da əlavə edib ki, qarşıdakı hədəflərə çatmaq üçün konstitusiya islahatları zəruridir: "Bu dəyişikliklər bir çox sahələrdə yeni keyfiyyət standartının yaranmasına səbəb olacaq. Bütövlükdə isə, konstitusiyaya təklif olunan əlavə və dəyişikliklər hüquqların etibarlı təminatçısı olacaq, idarəetmə sisteminin daha da təkmilləşməsinə mühüm töhfələr verəcək".

"Ümumxalq səsverməsi-referenduma çıxarılan məsələlər sosial məzmunu ilə də diqqəti çəkir"- deyən millət vəkili onu da əlavə edərək, söyləyib ki, Referendum Aktı layihəsində vətəndaşları maraqlandıran çoxsaylı məsələlər sırasında insan ləyaqətinin qorunması, özbaşınalıqdan müdafiə və vicdanlı davranış hüququ, bələdiyyələrin məsuliyyəti, fiziki və əqli qüsurlu şəxslərin hüquqlarının konstitusiyada təsbit olunması, bank-maliyyə sisteminin idarə olunması və digərləri də yer alır. Bu isə islahatların, məhz dövlətçilik maraqlarına və xalqın mənafeyinə xidmət etdiyini göstərir.

Görüşdə millət vəkili Əsabil Qasımov isə konstitusiyaya əlavə və dəyişikliklərlə əlaqədar ümumxalq səsverməsi - referendumun keçirilməsi, məhz ölkəmizdə müxtəlif sahələri əhatə edən islahatların məntiqi davamı olduğunu deyib: "Konstitusiya dəyişiklikləri inkişafa, sabitliyə və bütövlükdə, ölkənin gələcəyinə xidmət edir. Ona görə də seçicilər görüşlər zamanı bu dəyişikliklərə öz müsbət münasibətlərini ifadə edir, islahatların xalqın və dövlətin maraqlarına xidmət etdiyini əminliklə söyləyirlər".

YAP İmişli rayon təşkilatının gənclər birliyinin idarə heyətinin üzvü Zamin Zeynalov diqqətə çatdırıb ki, konstitusiyaya təklif edilən əlavə və dəyişikliklər Azərbaycan dövlətinin inkişafına xidmət edir: "Əlavə və dəyişikliklərdə də insan hüquqlarının müdafiəsi, hüquqlardan sui-istifadəyə yol verilməməsi kimi məsələlər xüsusi yer tutur. Bu, hüquqların daha etibarlı təminatı baxımından önəmlidir".

Görüşdə çıxış edən seçicilər sentyabrın 26-da Referendum Aktına səs verəcəklərini bildiriblər.

YEVLAX

Referendum üzrə "Yeni Azərbaycan" Təşviqat Qrupunun Yevlax şəhər şöbəsi qadın seçicilərlə görüş keçirib. Görüşü Yeni Azərbaycan Partiyası Yevlax rayon təşkilatı qadınlar şurasının sədri Əminə Əhmədova açaraq, bildirib ki, konstitusiyaya təklif edilən dəyişikliklər zamanın və bu günün tələbidir: "Xalqımızın hüquq və azadlıqlarının qorunması çox vacib olduğu üçün konstitusiyaya edilən əlavə və dəyişikliklərin əksəriyyəti, məhz insan haqlarının qorunmasına həsr edilib. Eyni zamanda, Azərbaycan xalqı referendumda iştirak etməklə, özünün və gələcək nəsillərin gələcəyini müəyyən edəcək. Bu baxımdan, hər bir seçici özündə bu məsuliyyəti hiss etməli, səsvermə günün məntəqərə gedərək, "Həmrəy olaq, HƏ deyək!" devizinə dəstək olduqlarını bir daha sübut etməlidir".

Qadın seçicilərlə görüşdə çıxış edən "Yeni Azərbaycan" Təşviqat Qrupunun səlahiyyətli nümayəndəsi, millət vəkili İlham Məmmədov bildirib ki, təklif edilən bütün dəyişikliklər gələcəyimizə istiqamətlənib: "Hazırda ölkəmiz yüksəliş dövrünü yaşayır. Biz gələcəyimizi düşünməliyik. Bizim hədəfimiz sivil gələcəyə hesablanan addımlardır. Sözügedən dəyişikliklər ölkəmizin daha da inkişafına şərait yaradacaq. Düşünürəm ki, Yevlax rayonunun seçiciləri bu işdə aktiv olub, öz gələcəyinə səs verəcək".

YAP Yevlax rayon təşkilatının aparat rəhbəri Əli Quliyev isə qeyd edib ki, 26 sentyabrda Azərbaycan xalqının gələcək müqəddəratı həll olunacaq: "Bunu nəzərə alaraq, hər kəsi, eləcə də Yevlax şəhərinin seçicilərini ümumxalq səsverməsi- referenduma dəvət edirəm.Biz Prezidentimizin ətrafında yumruq kimi birləşmişik. 26 sentyabrda bir daha həmrəy olub, referenduma "HƏ!" deyəcəyik".

Daha sonra çıxış edən seçicilər təklif olunan əlavə və dəyişiklikləri dəstyəklədiklərini dilə gətirərək, seçkidə fəal iştirak edəcəklərini vurğuladılar.

ŞAMAXI

Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin akt zalında Referendum üzrə "Yeni Azərbaycan" və "Bələdiyyə" Təşviqat Qrupunun üzvləri ilə seçicilərin görüşü keçirilib.

Görüşü giriş sözü ilə YAP Şamaxı rayon təşkilatının sədri Bəxtiyar Abbasov açaraq bildirib ki, KONSTİTUSİYAYA təklif olunan dəyişikliklər və əlavələrlə bağlı Referendum Aktı layihəsini imzalaması Cənab Prezidentimizin ölkə vətəndaşına verdiyi yüksək qiymətin təzahürüdür: "Bu dəyişikliklər ölkəmizə yeni inkişaf tendensiyası gətirəcəkdir. Məhz sizi 26 sentyabrda keçiriləcək səsvermədə daha fəal olmağa və Azərbaycanımızın uğurlu gələcək tərəqqisinə səs verməyə çağırıram".

Görüşdə Milli Məclisin deputatı Cavid Osmanov çıxış edərək, konstitusiyaya nəzərdə tutulan dəyişiklik və əlavələrin tarixi zəruriliyindən danışıb. Bildirib ki, təklif edilən əlavə və dəyişikliklər bir çox istiqamətləri əhatə edəcək. Millət vəkili, həmçinin, insan hüquq və azadlıqlarının daha effektiv təminatının bərqərar olacağının vurğulayıb və şamaxılıların 26 sentyabrda keçiriləcək səsvermədə daha fəal olacağına və gələcək inkişafımızın təminatına səs verəcəyinə inandığını bildirib..

Tədbirdə çıxış edən Bakı Dövlət Universitetinin professoru, hüquq elmləri doktoru Əmir Əliyev, Mədrəsə bələdiyyəsinin sədri Asim Bayramov, Meysəri bələdiyyəsinin sədri Ayşən Hüseynova, Şamaxı rayon veteranlar şurasının sədri Ağarza Bayramov konstitusiyadakı dəyişiklərdən danışdılar, 26 sentyabrda keçiriləcək səsvermədə Referendum Aktına səs verəcəklərini bildirdilər.

MASALLI

Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatı aparatında Referendum üzrə "Yeni Azərbaycan" Təşviqat Qrupunun Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı qadın seçicilərlə görüşü keçirilib. Tədbiri giriş sözü ilə açan YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev konstitusiya islahatlarının əhəmiyyətini vurğulayıb: "Bu baxımdan, cəmiyyətdə gedən proseslərə uyğun olaraq qanunvericilikdə, xüsusilə, ölkənin Əsas Qanununda müvafiq dəyişikliklərin edilməsi obyektiv zəruriyyətdən irəli gəlir".

Görüşdə çıxış edən Milli Məclisin deputatı Nəriman Əliyev qeyd edib ki, bu gün Azərbaycan özünün inkişaf və tərəqqi dövrünü yaşayır. Ölkəmiz inkişaf etdikcə, qanunlara da bu və ya digər şəkildə dəyişikliklər və əlavələrin edilməsinə ehtiyac duyulur. Azərbaycan Konstitusiyasına sentyabrın 26-na təyin edilmiş referendumda dəyişiklik və əlavələrin edilməsi də zamanın tələblərinə uyğun atılan addımlardandır: "Biz istərdik ki, sentyabrın 26-da insanlar məntəqələrə gəlsinlər və ümumxalq səsverməsində fəal iştirak etsinlər. Ölkə inkişaf etdikcə, cəmiyyət dəyişməyə meyil göstərir və bunun məntiqi nəticəsi olaraq, qanunlarda dəyişikliklərin edilməsi qaçılmaz olur. Bu dəyişikliklər idarəçilikdə yeni islahatlara təkan verəcək. Dəyişiklik yalnız Azərbaycana uğur gətirəcək. Həm də yeni dəyişikliklərlə vitse-prezidentlik institutunun təməli qoyulacaq, yeni idarəçilik sistemi yaranacaq".

Tədbirdə iştirak edən Mahmudavar məktəbinin müəllimi Kinəxanım Əliyeva, rayon təşkilatının qadınlar şurasının sədr müavini Əntiqə Tağıyeva, Heydər Əliyev Mərkəzinin direktoru Dilbər İbayeva və digərləri çıxış edərək, konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərə hamılıqla səs verəcəklərini bildiriblər.

GÖYÇAY

Referendum üzrə "Bələdiyyə" Təşviqat Qrupu Göyçay rayonu Bığır kəndində seçicilərlə görüş keçirib. Bığır kənd Mədəniyyət Evinin akt zalında keçirilən görüşdə Milli Məclisin deputatı Elman Nəsirov, Bığır kənd bələdiyyəsinin sədri Seyran Aslanov, rayon Ağsaqqalar Şurasının sədri Atəş Salahov, Göyçay rayonu Heydər Əliyev Mərkəzinin müdiri Zenfira Əliyeva və digərləri çıxış edərək, tədbir iştirakçılarına konstitusiyaya təklif olunan əlavə və dəyişikliklər barədə ətraflı məlumat veriblər. Çıxış edənlər vurğulayıblar ki,

26 sentyabrda Azərbaycan xalqının gələcək müqəddəratının həll olunacaq, bildirdilər ki, dəyişikliklər hazırlanan zaman qabaqcıl ölkələrin təcrübəsi nəzərdən keçirilmiş, Azərbaycanın özünəməxsus inkişaf yolunu davam etdirmək üçün yeni əlavələr və dəyişikliklər edilmişdir. Xalqımızı referendumda hamılıqla iştirakı etməyə, gələcək tərəqqi və inkişafımıza səs verməyə çağırıblar.

BİLƏSUVAR

Yeni Azərbaycan Partiyası Biləsuvar rayon aparatında "Yeni Azərbaycan" Təşviqat Qrupunun Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərlə əlaqədar sentyabrın 26-da keçiriləcək referendumda ilk dəfə səs verəcək seçicilərlə görüşü keçirilib.

Görüşü giriş sözü ilə açan YAP Biləsuvar rayon təşkilatının və "Yeni Azərbaycan" Təşviqat Qrupunun Biləsuvar rayon şöbəsinin sədri Kamil Mirzəyev Prezident İlham Əliyevin rəhbərliyi ilə son 13 ildə qazanılan böyük uğurlardan, demokratik dövlət quruculuğu prosesində həyata keçirilən geniş islshstlardan söz açıb.

Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərlə bağlı seçicilərə məlumat verən K.Mirzəyev bildirib ki, ölkə vətəndaşlarının böyük əksəriyyəti bu əlavə və dəyişikliklərə yekdilliklə səs verəcəklər.

Milli Məclisin deputatı, YAP Siyasi Şurasının üzvü Mirkazım Kazımov konstitusiyaya nəzərdə tutulan əlavə və dəyişikliklərin zəruriliyindən söz açıb. M.Kazımov qeyd edib ki, konstitusiyaya təklif edilən dəyişikliklər ölkədə demokratik təsisatların fəaliyyətinin və bütövlükdə, idarəetmə sisteminin təkmilləşdirilməsinə və insan hüquq və azadlıqlarının təminatına xidmət edir.

Görüşdə YAP Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə qeyd etdi ki, konstitusiyaya edilməsi nəzərdə tutulan əlavə və dəyişikliklərin yaranma zərurəti və əhəmiyyətindən danışaraq, bildirdi ki, dəyişikliklər ölkədə həyata keçirilən islahatların mahiyyətindən irəli gəlir.

Sonda çıxış edənlər seçiciləri 26 sentyabrda keçiriləcək ümumxalq səsvermədə "Həmrəy olaq, HƏ deyək!" devizi ilə tərəqqi və inkişafa səs verməyə çağırdılar.

OĞUZ

Sentyabrın 26-da konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı keçiriləcək referendumun təbliğat-təşviqat kampaniyası çərçivəsində Referendum üzrə "Yeni Azərbaycan" Təşviqat Qrupunun üzvləri Oğuz rayon təhsil şöbəsinin iclas zalında Oğuz rayonu ziyalı qadınları ilə görüş keçirildi. Tədbiri giriş sözü ilə Yeni Azərbaycan Partiyası Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov açaraq, Referendum Aktı layihəsi barədə seçicilərə məlumat verib və onları seçki günü aktiv olmağa, Azərbaycanın gələcəyi və inkişafı naminə bu layihəyə "HƏ" deməyə çağırıb.

Görüşdə Referendum üzrə "Yeni Azərbaycan" Təşviqat Qrupunun səlahiyyətli nümayəndəsi, Milli Məclisin Ailə, Qadın və Uşaq Məsələləri Komitəsinin sədri Aqiyə Naxçıvanlı çıxış edərək, konstitusiyaya təkilif olunan əlavə və dəyişikliklərin hər birinin mahiyyəti barədə seçicilərə ərtaflı məlumat verib. Konstitusiyaya edilməsi nəzərdə tutulan əlavə və dəyişikliklərin yaranma zərurəti, əhəmiyyəti barədə danışıb və bildirib ki, dəyişiklik ölkədə həyata keçirilən hərtərəfli islahatların mahiyyətindən irəli gəlir: "Azərbaycan bu gün sosial-iqtisadi, siyasi-hüquqi və mədəni inkişafının elə yüksək mərhələsindədir ki, əldə olunmuş fundamental nəticələr cəmiyyətin hüquq sisteminin əsasını təşkil edən konstitusiyada demokratik xarakterli bir sıra əlavə və dəyişiklikləri sosial sifarişə çevirib. Referendum Aktı layihəsində əksini tapmış əlavə və dəyişikliklər mahiyyət etibarilə Azərbaycanın çağdaş inkişaf dinamikası, cəmiyyətin şüur səviyyəsi, çağdaş modernləşmə strategiyasının tələbləri ilə uzlaşır. Hər bir dəyişikliyin zamanı, vaxtı olduğu kimi, Konstitusiyada da əlavə və dəyişikliklər edilməsinin vaxtı artıq çatıb. Bu dəyişikliklər Azərbaycanı qarşıdakı illərdə daha güclü, daha modern və inkişaf etmiş ölkəyə çevirəcək".

Görüşdə çıxış edən "Yeni Azərbaycan" Təşviqat Qrupunun Oğuz rayon şöbəsinin üzvü Seyidməmməd Quliyev, Oğuz şəhər 2 saylı tam orta məktəbin müəllimi Təranə Zəkəriyyəyeva, Oğuz RMX -nın həkimi Ədalət Əliyeva və "Oğuz Yurdu" qəzetinin məsul katibi Aybəniz Babayeva çıxış edərək, müstəqil Azərbaycanın Konstitusiyasına təklif olunan əlavə və dəyişiklikləri bəyəndiklərini, 26 sentyabr 2016-cı il tarixdə keçiriləcək referendumda edilən dəyişiklik və əlavələrə səs verəcəklərini bildiriblər.

RÖVŞƏN NURƏDDİNOĞLU,

İSMAYIL QULİYEV,

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər