Dünən 26 sentyabr 2016-cı il tarixində keçiriləcək Referendum üzrə "Yeni Azərbaycan" Təşviqat Qrupunun Nəsimi rayon şöbəsi təbliğat-təşviqat kampaniyası çərçivəsində rayonun bir qrup fəal qadınları ilə görüş keçirildi.
Görüşü giriş sözü ilə açan YAP Nəsimi rayon təşkilatının sədri, millət vəkili Məlahət İbrahimqızı Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə Referendum Aktı lahiyəsinin ümumxalq səsverməsinə (referenduma) çıxarıldığını qeyd etdi: "Bu, 1995-ci il noyabrın 12-də qəbul olunan müstəqil Azərbaycan Respublikasının Konstitusiyasına edilən 3-cü dəyişiklikdir. Konstitusiyamıza əvvəlki dəyişikliklər 2002-ci ilin 24 avqustunda və 2009-cu ilin 18 martında edilib. Azərbaycan Konstitusiyasına bundan əvvəl edilən əvvəlki iki dəyişiklikdə olduğu kimi, hazırkı dəyişikliklər də hazırlanan zaman Azərbaycanın özünəməxsus inkişaf yolunun dayanıqlığının təmin edilməsi, ölkə üçün daha uğurlu idarəetmə modelinin düzgün seçimi hədəf kimi müəyyən olunması nəzərdə tutulub".
Rayon təşkilatı sədri Referendum Aktının ayrı-ayrı maddələrinin qəbul olunması zərurətindən, yeni maddələrin ölkənin idarəçiliyində vacibliyindən söz açdı. M.İbrahimqızı ölkə üçün bu mühüm tədbirin keçirilməsində hər bir vətəndaşın yaxından iştirak etməsinin, vətəndaş mövqeyi nümayiş etdirməyin zəruriliyini vurğulayaraq, hər zaman olduğu kimi, Nəsimi rayon qadınlarının da növbəti referendumda da fəal iştirak edəcəyinə əminliyini ifadə etdi.
Görüşdə çıxış edən YAP Nəsimi rayon təşkilatı qadınlar şurasının sədri Gülarə Verdiyeva bildirdi ki, ölkəmizin sürətlə inkişaf etməsini nəzərə alsaq indi də növbəti referendumun keçirilməsi və dəyişikliklərin edilməsinin zəruriliyinin bir daha şahidi olarıq:"Dəyişikliklərdə insan hüquq və azadlıqlarının qorunması, təhlükəsizlik sisteminin möhkəmləndirilməsi, vətəndaşların müraciətlərinə baxılması, dövlət və bələdiyyə qurumlarından, onların hərəkət və hərəkətsizliyindən vətəndaşın şikayət etmək hüququ əksini tapıb".
O, görüş iştrakçılarını referendumda hamılıqla iştirak etməyə, gələcək tərəqqi və inkişafımıza səs verməyə çağırdı.
Görüşdə çıxış edən YAP Qadınlar Şurası İdarə Heyətinin üzvü Zərifə Quliyeva Referendum Aktı lahiyəsində edilmiş dəyişikliklərə nəzər salaraq, bu dəyişikliklər hazırlanan zaman qabaqcıl ölkələrin təcrübəsinin nəzərdən keçirildiyini bildirdi. Z.Quliyeva vurğuladı ki, Cənab Prezidentin müvafiq Sərəncamına əsasən, konstitusiyamıza təklif olunan əlavə və dəyişikliklərin xalqımızın gələcəyi üçün zəruri olduğunu hər birimiz çox yaxşı dərk edirik. Çünki əsas niyyət milli, dövlət maraqlarının qorunması və reallaşması üçün müasir iqtisadi və siyasi mexanizmlərin təmin edilməsidir.
Tədbirdə iştirak edən Nəsimi rayonunun fəal qadın seçiciləri çıxış edərək, daim ölkə Prezidentinin ətrafında sıx birləşdiklərini, Onun siyasətini dəstəklədiklərini vurğulayaraq, 26 sentyabrda səs verərək Referendum Aktı lahiyəsini dəstəkləyəcəklərini bildirdilər.
Nəzakət ƏLƏDDİNQIZI