LƏNKƏRAN
Dünən Referendum üzrə "Yeni Azərbaycan" Təşviqat Qrupunun üzvləri konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı keçiriləcək ümumxalq səsverməsinin (referendum) təbliğat-təşviqat kampaniyası ilə əlaqədar rayonun Girdəni kəndində seçicilərlə görüşü keçirilib.
Görüşü giriş sözü ilə Yeni Azərbaycan Partiyasının Lənkəran şəhər təşkilatının sədri İlqar Dadaşov açaraq, ölkəmizin mühüm hadisə ərəfəsində olduğunu bildirib: "Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklər ölkəmizin gələcək inkişafında böyük əhəmyyətə malik olacaq. Çünki Referendum Aktında yer alan müddəaların hər biri dövlətimizin və dövlətçiliyimizn inkişafına istiqamətlənib. Bu baxımdan, bütün seçiciləri Referendum Aktını dəstəkləməyə dəvət edirəm".
Görüşdə "Yeni Azərbaycan" Təşviqat Qrupunun səlahiyyətli nümayəndəsi, "Səs" qəzetinin Baş redaktoru Bəhruz Quliyev çıxış edərək Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzu, qoşulduğu beynəlxalq konvensiyalar, həyata keçirdiyi regional layihələr konstitusiyada müəyyən dəyişikliklərin edilməsini vacib etdiyini bildirib: "Bu gün Azərbaycan yeni-yeni sosial-iqtisadi uğurlara imza atır. Baş verən dəyişikliklər yeni meyarların ortaya çıxmasına səbəb olur. Məhz Referendum Aktı layihəsində nəzərdə tutulan əlavə və dəyişikliklər yeni islahatlara gətirib çıxaracaq, dövlət başçısının həyata keçirdiyi inkişaf proqramları daha çevik, daha effektli şəkildə həyata keçiriləcək".
B.Quliyev onu da vurğulayıb ki, konstitusiyaya təklif olunan əlavə və dəyişikliklər milli təhlükəsizliyin təminatında, sabitliyin qorunmasında müstəsna rol oynayacaq: "Referendum Aktı layihəsində milli təhlükəsizlik məsələlərinin yer alması, onu deməyə əsas verir ki, dövlətimizin təhlükəsizliyi prioritet məsələlərdəndir. Bundan başqa, ölkədə birinci vitse-prezident və vitse-prezidentlik vəzifələrinin təsis edilməsi də olduqca vacibdir".
Konstitusiyasının 1995-ci ildə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlandığını diqqətə çatdıran B.Quliyev qeyd edib ki, konstitusiyaya əlavə və dəyişikliklərin edilməsi zamanın tələbi olduğunu vurğulayıb: "Dünyada siyasi- iqtisadi proseslər o qədər sürətlə dəyişir ki, bu da ölkəmizə təsirsiz ötüşmür. Bu gün Azərbaycan istər siyasi, istərsə də iqtisadi cəhətdən inkişafdadır. Ölkənin bütün sahələrində əsaslı şəkildə aparılan islahatlar bunu deməyə əsas verir. Xüsusilə də, aqrar sahəyə təsir edə biləcək dəyişikliklər yer tutur. Konstitusiyanın 13-cü maddəsində mülkiyyətin toxunulmazlığının təsbit olunması, Torpaq Məcəlləsində təyinatına uyğun istifadə olunmayan torpaqların geri alınmasının xüsusi mülkiyyətə aid edilməməsi bəzi mülkiyyətçilərdə bu məsələyə dair arxayınçılıq və biganəlik yaradıb. Bununla əlaqədar, Konstitusiyanın 29-cu maddəsinə "Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur" və "Sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər" məzmununda iki hissə əlavə edilməsi təklif olunur. Bu da insan hüquqları ilə ziddiyyət təşkil etmir və dövlətin ali məqsədinə çatmasına imkan yaradır. Mən hər bir seçicini bu seçkilərdə fəal iştirak etməyə, məntəqələrə gedərək öz səslərini verməyə çağırıram. İnanıram ki, ümumxalq səsverməsində Lənkəran rayonunun sakinləri dəyişikliyə və yeniliyə "HƏ" deyəcəklər".
Daha sonra görüşdə çıxış edən seçicilər səsvermə günü fəallıq nümayiş etdirəcəklərini və Referendum Aktını dəstəkləyəcəklərini söyləyiblər.
AĞDAŞ
Referendum üzrə "Yeni Azərbaycan" Təşviqat Qrupunun Ağdaş rayon şöbəsi Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı keçiriləcək ümumxalq səsverməsinin təbliğat-təşviqat kampaniyası çərçivəsində rayonun Nehrəxəlil kəndində seçicilərlə görüş keçirib. Tədbirdə Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatının sədri, millət vəkili Cavid Osmanov Konstitusiyaya edilməsi nəzərdə tutulan əlavə və dəyişikliklər haqqında seçicilərə geniş məlumat verib. O bildirib ki, təklif olunan əlavə və dəyişikliklər ölkəmizin gələcək inkişafı üçün böyük əhəmiyyət kəsb edir: "Seçiciləri xalqımız, eləcə də dövlətçiliyimizin inkişafına istiqamətlənən Referendum Aktına səs verməyə çağırıram".
Tədbirdə "Yeni Azərbaycan" Təşviqat Qrupunun üzvü, Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatı qadınlar şurasının sədri Tənzilə Şıxıyeva ağdaşlı qadınların bütün siyasi kampaniyalarda hər zaman fəal olmasını qeyd edərək, bildirib ki, sentyabrın 26-da keçiriləcək ümumxalq səsverməsində də qadınlarımız fəallıqları ilə öz sözlərini deyəcəklər.
"Yeni Azərbaycan" Təşviqat Qrupunun üzvü, Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatı gənclər birliyinin sədr müavini Leyla Bayramova çıxışında respublikamızda, eləcə də rayonumuzda gənclərə göstərilən dövlət qayğısından danışıb. O bildirib ki, ağdaşlı gənclər, hər zaman olduğu kimi, bu siyasi kampaniyada da möhtərəm Prezidentimiz ətrafında sıx birləşdiyini bir daha nümayiş etdirəcəklər.
Görüşdə millət vəkili Elman Nəsirov çıxış edərək, konstitusiyaya edilməsi nəzərdə tutulan əlavə və dəyişikliklərin zamanın tələbindən irəli gəldiyin vurğulayıb. Millət vəkili görüşdə nəzərdə tutulan düzəliş və əlavələr barədə geniş məlumat verib.
Yığıncaqda seçicilərdən Əli Məmmədov, Məmmədsöyün Rüstəmov, Sədaqət Şavəddinova, Baxış Baxışov və Pərvin Rəhimov konstitusiyaya təklif onunan əlavə və dəyişiklikləri bəyənərək, dəstəklədiklərini və 26 sentyabrda keçiriləcək ümumxalq səsverməsində yekdilliklə iştirak edəcəklərini qeyd ediblər.
CƏLİLABAD
Referendum üzrə "Yeni Azərbaycan" Təşviqat Qrupunun Cəlilabad rayon şöbəsi rayonun Xanəgah kəndində seçicilərin iştirakı ilə təbliğat-təşviqat tədbirləri çərçivəsində görüş keçirib.
Görüşü Yeni Azərbaycan Partiyası Cəlilabad rayon təşkilatının sədri Mirsüleyman Mirxaslı açaraq, 26 sentyabr 2016-cı il tarixdə keçiriləcək referendum barədə məlumat verib və seçiciləri seçki günü fəal olmağa, ölkəmizin inkişafı naminə Referendum Aktına "HƏ" deməyə çağırıb.
Referendum üzrə "Yeni Azərbaycan" Təşviqat Qrupunun səlahiyyətli nümayəndəsi, millət vəkili Mirkazım Kazımov Konstitusiyaya edilməsi nəzərdə tutulmuş əlavə və dəyişikliklər barədə seçicilərə ətraflı məlmumat verib və qeyd edib ki, qloballaşan dünyada baş verən dəyişikliklər və inkişaf, beynəlxalq aləmdəki yeniliklər, ölkəmizin qarşısında duran hədəflər və digər səbəblər referendumu zəruri edir. M.Kazımov, həmçinin, əminlik ifadə edib ki, cəlilabadlı seçicilər referendumda fəal iştirak edəcək, səsvermədə "HƏ" deyəcək, və bununla da cəlilabadlıların sevimlisi Prezident İlham Əliyevin ətrafında daha sıx birləşdiklərini bir daha nümayiş etdirəcəklər.
Tədbirdə çıxış edən Xanəgah kənd xəstəxanasının baş həkimi Malik Əliyev, Abazallı kənd məktəbinin müəllimi Əliqəmə Abbasov, təqaüdçü Dilavər Cəfərov, Şatırlı kənd məktəbinin müəllimi Zülfü Məcidov, Mikayıllı kənd məktəbinin direktoru Ramin Şükürov, Qarakazımlı kənd məktəbinin müəllimi Böyüş Hüseynov, Əsədli kənd məktəbinin direktoru Aydın Nuriyev və başqaları, 26 sentyabrda ailə üzvləri ilə birlikdə fəal iştirak edəcəklərini, "Həmrəy olaq, HƏ deyək" devizinə dəstək olacaqlarını bildiriblər.
BİLƏSUVAR
Dünən Biləsuvar şəhəri ərazisindəki Melioservisin həyətindəki meydançada Referendum üzrə "Yeni Azərbaycan" Təşviqat Qrupunun Azərbaycan Respublikasının konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı sentyabrın 26-da keçiriləcək referendumla əlaqədar seçicilərlə görüşü keçirilib.
Görüşü giriş sözü ilə açan Yeni Azərbaycan Partiyasının Biləsuvar rayon təşkilatının və "Yeni Azərbaycan" Təşviqat Qrupunun Biləsuvar rayon şöbəsinin sədri Kamil Mirzəyev sentyabrın 26-da Azərbaycan Respublikasında keçiriləcək referendum haqqında məlumat verib. O, bu dəyişikliklərin zamanın tələbi olduğunu vurğulayaraq, bütün rayon sakinlərini referendumda fəal olmağa və konstitusiyaya əlavə və dəyişikliklərə səs verməyə çağırıb.
Görüşdə çıxış edən Milli Məclisin deputatı, YAP Siyasi Şurasının üzvü Mirkazım Kazımov konstitusiyaya nəzərdə tutulan əlavə və dəyişikliklərin zəruriliyindən söz açıb. M.Kazımov qeyd edib ki, konstitusiyaya təklif edilən dəyişikliklər ölkədə demokratik təsisatların fəaliyyətinin və bütövlükdə, idarəetmə sisteminin təkmilləşdirilməsinə və insan hüquq və azadlıqlarının təminatına xidmət edir. M.Kazımov hər bir vətəndaşı, əvvəlki seçkilərdə olduğu kimi, sentyabrın 26-da keçiriləcək ümumxalq səsverməsində yüksək fəallıq nümayiş etdirməyə çağırıb.
GƏDƏBƏY
26 sentyabr ümumxalq səsverməsi (referendum) ilə bağlı Referendum üzrə "Yeni Azərbaycan" Təşviqat Qrupu Gədəbəy rayonunda seçicilərlə növbəti görüş keçirib. Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası Gədəbəy rayon təşkilatının və "Yeni Azərbaycan" Təşviqat Qrupunun Gədəbəy rayon şöbəsinin sədri Rüstəm Nağıyev keçiriləcək referendumla bağlı rayonda fəal təbliğat işlərinin qurulduğunu bildirib. "Yeni Azərbaycan" Təşviqat Qrupunun "HƏMRƏY OLAQ, HƏ DEYƏK!" devizi ilə təbliğat kampaniyasına start verdiyini bildirən R.Nağıyev referenduma təqdim olunan əlavə və dəyişikliklər layihəsində qeyd olunan müddəaların ölkəmizin gələcək inkişafında mühüm əhəmiyyətli rola malik olacağını qeyd edib.
Görüşdə çıxış edən "Yeni Azərbaycan" Təşviqat Qrupunun səlahiyyətli nümayəndəsi, millət vəkili Sevinc Hüseynova qeyd edib ki, nəzərdə tutulan konstitusiya dəyişiklikləri ölkəmizin inkişaf strategiyasının daha da effektivliyini təmin edəcək. Millət vəkili bildirib ki, bunları təklif olunan layihədəki müddəalara nəzər saldıqda milli və dövlətçilik maraqlarının daha təkmil və geniş formada təmin olunduğunu görmək olar: "Təklif edilən əlavə və dəyişikliklərdə sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədilə torpaq üzərində mülkiyyət hüququnun qanunla məhdudlaşdırıla bilməsi ilə bağlı məqamlar yer alır. Torpaqlardan səmərəli istifadə məsələsi hər zaman öz aktuallığını qoruyur. Bu gün dünyanın ən mühüm problemlərindən biri, məhz ərzaq təhlükəsizliyi məsələsidir. Ölkəmizdə ərzaq təhlükəsizliyinin təminatı məsələsinə aid bir sıra qanunlar, dövlət proqramları qəbul edilib. Torpaq ehtiyatlarından səmərəli istifadə isə, bizə bu işdə daha yaxından kömək edəcək. Bu mənada, irəli sürülən müddəalar birmənalı şəkildə dövlətimizin inkişafına, eləcə də vətəndaşlarımızın sosial rifahının yüksəlişinə xidmət göstərir".
Tədbirdə çıxış edən Gədəbəy seçiciləri sentyabrın 26-da referendumda iştirak edəcəklərini və təklif olunan əlavə və dəyişikliklərin lehinə səs verəcəklərini bildiriblər.
RÖVŞƏN NURƏDDİNOĞLU,
İSMAYIL QULİYEV,
RƏFİQƏ KAMALQIZI