Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının inzibati binasında YAP Binəqədi rayon təşkilatı, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Binəqədi rayon gənclər və idman idarəsinin birgə təşkilatçılığı ilə rayon təşkilatının təlimatçısı Natiq İsmayılovun Azərbaycan Prezidenti yanında Gənclər Fondunun VIII Qrant Müsabiqəsi çərçivəsində qalib gəlmiş "Gənclik dini radikalizm və ekstremizmə yox deyir" adlı layihənin bağlanış tədbiri keçirilib.
Tədbiri giriş sözü ilə açan layihə rəhbəri N.İsmayılov Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən uğurlu gənclər siyasətindən danışıb: "Bu cür layihələrin gənclərin fəallığının daha da artırılmasına və gənclər arasında sağlam ünsiyyətin yaranmasına səbəb olduğunu bildirib. Gənclik dini radikalizm və ekstremizmə yox deyir" adlı layihənin əhəmiyyətindən danışan natiq layihə çərçivəsində görülən işləri diqqətə çatdırıb.
Tədbirdə çıxış edən YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov Azərbaycanda dini tolerantlığın, multikulturalizm dəyərlərinin daim qorunduğunu, inkişaf etdirildiyini və bu istiqamətdə dövlət tərəfindən bir sıra mühüm tədbirlərin görüldüyünü bildirib. Dövlət başçısı İlham Əliyevin həyata keçirdiyi uğurlu və məqsədyönlü siyasətin tərkib hissəsi olaraq ölkəmizdə yaşayan bütün xalqların nümayəndələrinə bərabər hüquqların verildiyini, onların azad və demokratik şəraitdə mehriban bir ailə kimi yaşadıqlarını söylədi. Həmçinin ölkəmizdə dini radikalizmlə mübarizədə ciddi islahatların həyata keçirildiyini, bu istiqamətdə maarifləndirici tədbirlərin önəmini vurğulayıb.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin məsul əməkdaşı Novruz Nuriyev çıxışında təmsil etdiyi qurum tərəfindən dini radikalizm və ekstremizmə qarşı görülən işlərdən, gənclərin bu zərərli təriqətlərə qoşulmaması üçün həyata keçirilən çoxsaylı maarifləndirici tədbirlərdən danışıb.
Binəqədi rayon gənclər və idman idarəsinin rəisi Qüdsi Bayramov çıxışında vurğulayıb ki, Binəqədi rayonunda gənclərin asudə vaxtlarının səmərəli təşkili, onların pis vərdişlərdən uzaq durmaları, öz bilik və bacarıqlarını daim artırmaları, istiqamətində mühüm tədbirlərin, layihələrin reallaşdırıldığını qeyd edib. "Gənclik dini radikalizm və ekstremizmə yox deyir" adlı layihənin də bu baxımdan mühüm əhəmiyyət kəsb etdiyini söyləyib.
Binəqədi rayon icra hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Rauf Həsənov çıxış edərək, ölkəmizdə müxtəlif dinlərə itaət edən vətəndaşlara münasibətin, onların qarşılıqlı inam, hörmət və səmimiyyət şəraitində birgə yaşamalarının örnək olduğunu diqqətə çatdırıb.
Tədbirdə layihədə fəal iştirak edən gənclər sertifikatlarla mükafatlandırılıb.
Tədbirin sonunda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə çəkilən "Fitnə" sənədli filmi nümayiş etdirilib.
ZÜMRÜD