Son dövrdə Azərbaycan inkişaf tempini sürətləndirərək, dünyanın aparıcı və inkişafda olan ölkələri sırasında öz mövqeyi, eləcə də mövcud potensialı ilə seçilir. Əldə olunan nailiyyətlər ölkənin milli maraqları zəminində formalaşır, eləcə də, dövlət tərəfindən həyata keçirilən milli strategiya, yürüdülən ictimai- siyasi və mədəni mövqe, məhz belə bir yüksək imicin Azərbaycan ətrafında formalaşmasına gətirib çıxarır. Sözsüz ki, bu uğurlar, Azərbaycanın iqtisadiyyatına və sosial rifahının yüksəlməsinə rəvac verir. Azərbaycan iqtisadiyyatının əsasını təşkil edən neft və bununla bağlı imzalanan beynəlxalq sazişlər, müqavilələr dövlətin maliyyə vəsaitinin yüksəlməsinə və bunun müqabilində ölkənin, bütövlükdə sferasının dəyişməsinə səbəb olub. Dövlət başçısı İlham Əliyevin neftdən gələn gəlirin bərabərində, eləcə də, ondan daha artıq bir şəkildə gəlir gətirə biləcəyi turizmin inkişafını zəruri hesab etməsi, əlbəttə ki, müəyyən faktorlara əsaslanır. Ölkənin yeraltı və yerüstü sərvətləri, mövcud iqlimin olması Azərbaycan turizmi üçün lazımi şəraitin olduğunu göstərir. Qeyri-neft sahələrinin yüksəlişi ilə davamlı iqtisadi inkişafın təmin edilməsi müasir dövrdə ölkəmizdə qarşıda duran mühüm vəzifədir.
AZƏRBAYCAN SAYSIZ TURİSTLƏRİN MƏKANIDIR
Bu gün Azərbaycan çoxsaylı turistləri qarşılamaq və lazımi səviyyədə yerləşdirmək imkanına malik olan turist ölkəsidir. Müasir dövrümüzdə Azərbaycanda fəaliyyət göstərən turizm şirkətləri və hotellər dünya standlartlarına uyğun qurulub. Turizm sahəsində beynəlxalq standartlara cavab verən mehmanxanalar tikilib, ölkəyə bir sıra aparıcı beynəlxalq investisiya şirkətləri cəlb olunub bununla da respublikamıza gələn turistlərin sayı artıb.
Turizmin inkişaf etdirilməsi üçün, ilk növbədə, əsas amillərdən biri də beynəlxalq aləmdə ölkənin tanıdılması və nüfuza sahib olmasıdır. Azərbaycan hökuməti ölkənin tanınması üçün beynəlxalq forumlarda və tədbirlərdə iştirak edib. Bununla yanaşı, son illər bir sıra beynəlxalq mədəni-kütləvi tədbirlərə ev sahibliyi etməsi də, buraya istirahətə gələnlərin sayını dəfələrlə artırıb. Azərbaycanda turizmin inkişafına təkan verən şərtlərdən biri kimi ölkədə keçirilən beynəlxalq tədbirlər, konfranslar, simpoziumlar və müxtəlif görüşlər ölkəmizin tanıdılması istiqamətində uğurlar sırasındadır. Dünya ölkələrinin mətbu orqanlarında dərc olunan məqalələr, eləcə də, xarici telekanallarda yayımlanan verilişlər ölkəmizin təsviri və təqdimatı baxımından önəmlidir. Həmin veriliş və məqalələrdə Azərbaycanın turizm potensialı, qədim tariximiz, zəngin mədəniyyətimiz və rəngarəng mətbəximiz haqqında ətraflı məlumatlar verilir. Bundan əlavə, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən hər il 20-dən çox müxtəlif ölkədə təşkil edilən turizm sərgiləri, yarmarkaları, birjaları və bazarlarında iştirak edir, ölkəmizin turizm potensialını təbliğ edir.
Ölkəmizdə uğurla keçirilən "Eurovision-2012" Mahnı Müsabiqəsi, "2015-Bakı" ilk Avropa Oyunları, V Qlobal Bakı Forumu, BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumu, "Formula 1" yarışlarını və s. beynəlxalq tədbirlər də Azərbaycanın turizm imkanlarının geniş məkanda tanınmasına böyük yollar açır. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, tədbirlərin də Azərbaycanın yeni bir turizm məkanı kimi tanıdılmasında müstəsna əhəmiyyəti var.
Son illər Mədəniyyət və Turizm Nazirliyinin apardığı təbliğat işlərinin gücləndirilməsi, ölkəmizin turizm potensialının daha geniş şəkildə təbliğ etdirilməsi məqsədilə xarici ölkələrdə təmsilçi ofislərin fəaliyyətə başlaması, eləcə də bir sıra xarici ölkə vətəndaşları üçün sadələşdirilmiş viza rejimindən istifadə imkanının yaradılması ölkəmizə gələn xarici turistlərin sayının artmasına təsir göstərmişdir.
Aparılan təhlillər zamanı məlum olmuşdur ki, 2016-cı ilin 9 ayı ərzində ölkəmizə gələn xarici turistlərin sayı 1 719 015 nəfərə çatmış, bununla da keçən ilin müvafiq dövrü ilə müqayisədə 169 430 nəfər (10,9%) çox olmuşdur.
Cari ilin 9 ayı ərzində təkcə BƏƏ-dən Azərbaycana səyahət edənlərin sayında keçən ilin müvafiq dövrü ilə müqayisədə 34 dəfə artım müşahidə edilmişdir. Digər tərəfdən, keçən ilin 9 ayı ilə müqayisədə cari ilin müvafiq dövrü ərzində Rusiya Federasiyası (7,6%), Qazaxıstan (17,2%), İran (62,9%) və s. ölkələrdən Azərbaycana gələn turistlərin sayında artım baş vermişdir.
Yay mövsümü ərzində ölkə daxilində istirahət edən turistlərin sayında da artım müşahidə edilmişdir. Belə ki, 2016-cı ilin yay mövsümü ərzində ölkəmizin regionlarında istirahət edən yerli və xarici turistlərin sayı 751 353 nəfər olmuş, bununla da 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 23,5% artmışdır.
Statistik məlumata nəzər salsaq, görərik ki, Azərbaycanın turizm coğrafiyası genişlənib. Hazırda Azərbaycan turizmi yüksələn xətt üzrə inkişaf etməkdədir. Azərbaycanda ən mühüm vəzifə olaraq qarşıda durur.
Azərbaycanda mövcud olan potensialdan səmərəli istifadə, həyata keçirilən layihələr, infrostrukturun qurulması turizmin sürətli inkişafına töhfələrini verəcək.
ZÜMRÜD