PDF Oxu

Sosial

  • 43

"Azərbaycan mühacirət ədəbiyyatı: reallıqlar, problemlər, vəzifələr" mövzusunda beynəlxalq konfrans

"Azərbaycan mühacirət ədəbiyyatı: reallıqlar, problemlər, vəzifələr" mövzusunda beynəlxalq konfrans

Dünən AMEA-nın Mərkəzi-Elmi Kitabxanasında Nizami adına Ədəbiyyat İnstitutunun təşkilatçılığı ilə "Azərbaycan mühacirət ədəbiyyatı: reallıqlar, problemlər, vəzifələr" mövzusunda II Beynəlxalq Elmi Konfrans işə başlayıb.

Tədbirdə AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli Azərbaycan mühacirət ədəbiyyatının çoxcəhətli əhəmiyyətindən, onun tədqiq olunmasını zəruri edən amillərdən, bu sahədə ədəbiyyatşünaslığın qarşında duran mühüm vəzifələrdən danışıb. Bildirib ki, mühacirət ədəbiyyatına həsr olunan I Beynəlxalq Konfrans 25 il öncə ədəbiyyatşünas-alim Yaşar Qarayevin təşəbbüsü ilə keçirilib və ölkəmizdə mühacirət ədəbiyyatına daha sistemli, əsaslı şəkildə yanaşmanın əsası qoyulub. Akademik İsa Həbibbəyli I Beynəlxalq Konfransın Azərbaycanın ictimai və ədəbi fikrində mühacirət anlayışını dərinləşdirdiyini qeyd edib.

Bildirib ki, Prezident İlham Əliyevin "Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi haqqında" 2013-cü il 22 noyabr tarixli Sərəncamınına əsasən, AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutu tərəfindən "Azərbaycan mühacirət ədəbiyyatı kitabxanası" adlı kitablar seriyasının nəşrinə başlanılıb.

Akademik İsa Həbibbəyli hazırda "Azərbaycan ədəbiyyat tarixi" kitabının yeddinci cildinin hazırlandığını və nəşrin Azərbaycan mühacirət ədəbiyyatının inkişaf yoluna həsr olunduğunu diqqətə çatdırıb.

Konfransda AMEA-nın Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimli, İctimai Elmlər Bölməsinin akademik-katibi, AMEA-nın müxbir üzvü Nərgiz Axundova, Azərbaycanda Atatürk Mərkəzinin müdiri, AMEA-nın müxbir üzvü Nizami Cəfərov, professor Ramiz Abutalıbov, türkiyəli alim- professor Yavuz Akpinar Azərbaycan mühacirət ədəbiyyatının ideya mahiyyətindən və yaradıcılıq prinsiplərindən danışıblar.

Bölmə iclaslarında "Azərbaycan mühacirət ədəbiyyatının tədqiqi perspektivləri"", "Məhəmmədəli Rəsulzadə və Azərbaycan klassik ədəbiyyatı"", "Səməd Vurğun və Azərbaycan mühacirət poeziyası"", "Səlim Rəfiqə görə divan ədəbiyyatında məhəlli və ictimai problemlər"" və digər mövzularda məruzələr dinlənilib və müzakirələr aparılıb.

Tədbir çərçivəsində Azərbaycan mühacirət ədəbiyyatı kitabxanası" kitablar seriyasının "Məhəmməd Əmin Rəsulzadə"" cildinin təqdimatı da olub.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər