Ölkənin dinamik inkişafı bütün sahələrdə ardıcıl, sistemli tədbirlərin həyata keçirilməsinə geniş imkanlar açıb. İqtisadiyyatda həyata keçirilən köklü dəyişikliklər ölkədə iqtisadi sabitliyi təmin etməklə bərabər, mütərəqqi sosial siyasəti həyata keçirməyə, vətəndaşların sosial müdafiəsinin gücləndirilməsinə möhkəm zəmin yaradıb.
Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasi kurs çərçivəsində sosial məsələlərin həlli, vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi hər zaman diqqət mərkəzindədir. İnsanların yaşayış səviyyəsinin yaxşılaşdırılması, maaşların, pensiyaların artırılması, yeni sosial obyektlərin tikintisi dövlətimizin sosial siyasətinin prioritet istiqamətlərindəndir. Əhalinin imkansız təbəqələrinə ünvanlı sosial yardımların verilməsi minlərlə ailənin sosial vəziyyətinin yaxşılaşmasına səbəb olub.
Bütün bunlarla yanaşı, şəhid adlarının əbədiləşdirilməsi, şəhid ailələrinin, milli qəhrəmanların, müharibə əlillərinin və veteranların sosial təminatının yaxşılaşdırılması, sosial-hüquqi müdafiəsinin gücləndirilməsi məqsədilə dövlət tərəfindən bir sıra tədbirlər həyata keçirilir. Torpaqlarımızın azadlığı uğrunda vuruşan bu kateqoriyalı insanların sosial müdafiəsinin daha da gücləndirilməsi istiqamətində sistemli tədbirlər davam etdirilir. Dövlət başçısının bu istiqamətdə müvafiq fərman və sərəncamlar imzalaması əlil və şəhid ailələrinin, milli qəhrəmanların sosial müdafiəsinin gücləndirilməsinə müstəsna töhfələr verir. Prezident İlham Əliyevin imzaladığı müvafiq fərman və sərəncamlara əsasən, onlara ödənilən pensiya və müavinətlərin məbləği davamlı olaraq artırılır. "Sosial müavinətlərin məbləğinin artırılması haqqında", "Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların uşaqlarının təhsil xərclərinin ödənilməsi haqqında", "Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü"nün təsis edilməsi haqqında" və digər Azərbaycan Respublikası Prezidentinin fərmanları bu kateqoriyadan olan insanların rifah halını yaxşılaşdırmaq və onlara göstərilən dövlətin dəstək və davamlı qayğısının bariz nümunəsidir.
Onu da qeyd edək ki, torpaqlarımız uğrunda gedən döyüşlərdə böyük şücaət göstərərək, milli qəhrəman adına yüksəlmiş şəxslərə də dövlət tərəfindən göstərilən diqqət və qayğının miqyası da kifayət qədər böyükdür. Hazırda Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş hər bir şəxsə Azərbaycan Respublikası Prezidentinin təqaüdü verilir.
Prezident İlham Əliyevin "Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxslərin sosial müdafiəsinin gücləndirilməsi haqqında" bu günlərdə imzaladığı müvafiq Fərman respublikamızda milli qəhrəmanlara və onların ailə üzvlərinə dövlət tərəfindən göstərilən yüksək qayğının növbəti ifadəsidir. Dövlət başçısının Fərmanı ilə Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda mübarizədə misilsiz vətənpərvərlik nümunəsi göstərərək, milli qəhrəman adına layiq görülmüş şəxslərin Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği artırılaraq, 1300 manat müəyyən edilib. Fərman bir daha təsdiqləyir ki, xalq, dövlət və Vətən üçün xüsusi xidmət göstərən insanların sosial müdafiəsinin gücləndirilməsinə Azərbaycan dövləti tərəfindən daim yüksək iradə nümayiş etdirilir.
Prezident İlham Əliyevin imzaladığı Fərmanla Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxslərin və ailə üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi çox mühüm addımdır.
Bu, bir daha göstərir ki, milli qəhrəmanlarımıza, bütövlükdə, şəhidlərimizə böyük ehtiram, qayğı və diqqət göstərilir, eyni zamanda, yetişən nəslin və gənclərin vətənpərvərlik ruhunda böyüməsinə də bir stimuldur.
Nəzakət ƏLƏDDİNQIZI