Bu mövzuda Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatında tədbir keçirilib
Dünən Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatı aparatında 18 oktyabr Dövlət Müstəqilliyi Günü münasibəti ilə təşkilatın Gənclər Birliyi "Azərbaycanın Müstəqillik Günü onun milli sərvətidir" mövzusunda tədbir keçirmişdir.
Tədbiri giriş sözü ilə YAP Masallı rayon təşkilatı gənclər birliyinin sədri Məmmədhüseyn Hüseynov açaraq Dövlət Müstəqilliyi Günü münasibəti ilə tədbir iştirakçılarını təbrik etmişdir. Məmmədhüseyn Hüseynov çıxış edərək bildirmişdir ki, müstəqil yaşamaq, taleyinin sahibi olmaq, öz dövlətini qurmaq hər bir xalqın arzusudur: "Azərbaycan xalqı da həmişə bu istəklə yaşamışdır.Tarixdə zaman-zaman müxtəlif adlar altında müstəqil Azərbaycan dövlətləri mövcud olmuşdur. Buna misal kimi müxtəlif dövrlərdə tarixi Azərbaycan torpaqlarında yaradılmış Şirvanşahlar, Eldəgizlər, Ağqoyunlu, Qaraqoyunlu və Səfəvilər dövlətlərinin adını çəkə bilərik. Şah İsmayıl Xətainin dövründə Səfəvilər dövləti bütün Azərbaycan torpaqlarını birləşdirmiş və Azərbaycan dili dövlət dili səviyyəsinə yüksəldilmişdi".
YAP Masallı rayon təşkilatı aparatının rəhbəri Fəxrəddin Eyvazov çıxcış edərək bildirdi ki, indi müstəqilliyimizin siyasi və iqtisadi sütunları getdikcə möhkəmlənir. Xalqın öz dövlətçiliyi sarıdan heç bir narahatçılığı yoxdur. Müstəqilliyin taleyini müəyyənləşdirən əsas amillər qorunub-saxlanır və inkişaf etdirilir. Dövlətçiliyin möhkəmləndirilməsinə, iqtisadiyyatın inkişafına, milli-mənəvi dəyərlərin qorunub-saxlanılmasına eyni dərəcədə diqqət yetirilir. Azərbaycan bu gün həm siyasi, həm də iqtisadi cəhətdən dünyanın qüdrətli dövlətlərindən birinə çevrilib. İqtisadi artım tempinə görə ölkəmiz nəinki regionda, həm də dünyada lider mövqeyə çatıb.
"Dahi Öndər Heydər Əliyevin müstəqil dövlət konsepsiyası və onun ayrılmaz tərkib hissəsi olan azərbaycançılıq ideologiyasının həyata keçirilməsi müstəqil Azərbaycan dövlətinin bugünkü varlığının və gələcək inkişafının əsasını təşkil edir" deyən F.Eyvazov Ulu Öndər Heydər Əliyevin siyasi xəttini davam etdirən Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin də, ölkəmizin firavan gələcəyinin təmin edilməsində Ulu Öndər Heydər Əliyevin müstəqil dövlət təliminin və azərbaycançılıq ideologiyasının alternativsiz bir yol olduğunu bildirdiyini vurğuladı.
YAP Masallı rayon təşkilatı gənclər birliyinin üzvü Nemət Abdullayev çıxış edərək, 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyevin yenidən müstəqilliyini itirmək təhlükəsi qarşısında qalan Azərbaycanı, sözün həqiqi mənasında, xilas etdiyini bildirmişdir. O, qeyd etmişdir ki, Ulu Öndər hakimiyyətdə olduğu illərdə cəbhədə atəşkəsə nail olunub, 1994-cü ildə "Əsrin kontraktı" imzalanıb və bütün sahələrdə islahatların keçirilməsinə start verilib.
Sonra YAP Masallı rayon təşkilatı gənclər birliyinin sədr müavini Cəlal Əliyev, gənc YAP üzvlərindən Lalə Seyidova, Günay Mehrəliyeva, Rafiq Abbasov və başqaları çıxış edərək, dövlət müstəqilliyimizin əbədi, daimi və dönməz olmasında Ulu Öndər Heydər Əliyevin müstəsna xidmətlərindən, bu siyasi kursun möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən danışdılar.
Nəzakət Bayramova