PDF Oxu

Sosial

  • 526

"Müstəqilliyin 25 ili - Müstəqilliyin yaşıdları" mövzusunda konfrans keçirilib

"Müstəqilliyin 25 ili - Müstəqilliyin yaşıdları" mövzusunda konfrans keçirilib

Oktyabrın 15-də Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünə həsr olunmuş "Müstəqilliyin 25 ili - Müstəqilliyin yaşıdları" mövzusunda konfrans keçirilib.

Konfrans öz işinə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Tədbirdə çıxış edən Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP Sədrinin müavini - İcra katibi Əli Əhmədov 18 Oktyabr Dövlət Müstəqilliyti Günü münasibətilə konfrans iştirakçılarını təbrik edib. Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümü münasibətilə Prezident İlham Əliyevin imzaladığı Sərəncamı xatırladan İcra katibi bu tarixi hadisənin ölkəmizdə yüksək səviyyədə qeyd olunacağını diqqətə çatdırıb. Əli Əhmədov 25 il bundan əvvəlki tarixə nəzər salaraq, 18 Oktyabr Müstəqillik Gününün Azərbaycan xalqının müasir tarixində ən əlamətdar hadisələrdən biri olduğunu bildirib: "1918-ci ildə müstəqilliyini elan edən xalqımıza qarşı həyata keçirilən bütün zorakılıqlara baxmayaraq, Azərbaycan 1991-ci ildə yenidən öz müstəqilliyini bəyan etdi. XX əsrin sonlarında beynəlxalq aləmdə və Sovet İttifaqında yaranan əlverişli vəziyyət xalqımıza qəlbində yaşatdığı müstəqillik arzularını yenidən reallaşdırmaq imkanı verdi. Bu, xalqımızın siyasi tarixində həmin əsrdəki ikinci parlaq qələbəsi idi. Xalqımızın müstəqil dövlət quruculuğu yolu heç də hamar olmamışdır. 1991-ci ildə sovet imperiyasının süquta uğraması nəticəsində Azərbaycan özünün dövlət müstəqilliyinə nail oldu. Artıq Azərbaycan 25 ildir müstəqil dövlət kimi yaşayır və inkişaf edir".

YAP Sədrinin müavini tədbirdə 25 yaşa qədər olan gənclərin iştirakının rəmzi məna daşıdığını vurğulayaraq bu gənclərin, məhz müstəqil Azərbaycan Respublikasında dünyaya göz açdıqlarını diqqətə çatdırıb. Əli Əhmədov onların müstəqil dövlətin vətəndaşları kimi formalaşdıqlarını, müstəqil dövlətin qanunları, prinsipləri ilə yaşadıqlarını və yüksək vətənpərvərlik ruhunda tərbiyə aldıqların bildirib. Belə bir mühitdə, ölkədə yaşayan müstəqil Azərbaycan gəncləri müstəqiliyimizin qorunması üçün hər bir fədakarlığa hazırdırlar.

Əli Əhmədov tarixi dövrə nəzər salaraq, 25 illik müstəqilik tariximizi üç mərhələdə xarakterizə edib. Birincisi, 1991-1993-cü illər, ikincisi, Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi 1993-2003-cü illər, üçüncü mərhələ isə Azərbaycan Prezidenti İlham Əliyevin respublikamıza rəhbərlik etdiyi dövrdür. YAP Sədrinin müavini diqqətə çatdırıb ki, müstəqilliyimizin birinci mərhələsində ölkəmizdə xaos, anarxiya hökm sürürdü ki, bu da Azərbaycanı məhv olmaq təhlükəsi ilə üz-üzə qoymuşdu: "Müstəqilliyin ilk illərində hakimiyyətdə olan qüvvələr Konstitusiya Aktının prinsiplərinə əməl edə bilmədilər. O zamanlar hakimiyyətdə olan siyasi dairələrin səriştəsizliyi az qala bu müstəqilliyin də məhv olmasına gətirib çıxaracaqdı. 1991-1993-cü illərdə hakimiyyətdə olanlar yeni yaranan müstəqil dövlətçiliyin möhkəmlənməsi üçün nəinki bir iş görmədilər, əksinə, ölkəni dünyada gedən proseslərdən uzaq salaraq təklənməsinə, təcrid olunmasına xidmət göstərdilər. Bütün bunlar isə nəticə etibarilə dövlət müstəqilliyinin məhvinə aparırdı. Hakimiyyət çəkişmələrinin məntiqi nəticəsi kimi cəbhədəki uğursuzluqlar və daxildə separatçı meyillərin güclənməsi dövlətçiliyimizin və müstəqilliyimizin məhvini qaçılmaz edirdi. Əgər xalqın tələbi ilə Ulu Öndər Heydər Əliyev 1993-cü ilin iyun ayında hakimiyyətə qayıtmasaydı, xalqımızın və dövlətimizin taleyi sual altında olardı".

Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra qısa müddətdə ölkəmizdə ictimai-siyasi sabitliyi bərpa edildiyini bildirən Əli Əhmədov qeyd edib ki, hakimiyyət boşluğu aradan qaldırıldı, separatçı qüvvələr zərərsizləşdirildi, vətəndaş müharibəsi təhlükəsinin qarşısı alındı: "Azərbaycanın dövlətçiliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə qəsdlər hazırlayan cinayətkar dəstələr cəmiyyətdən təcrid edildi. Ümummilli Lider Heydər Əliyevin uzaqgörənliyi ilə mütərəqqi dövlət quruculuğuna start verildi, dövlətçiliyimizin başlıca prinsipləri formalaşdırıldı, vətəndaşla dövlətin qarşılıqlı mənəvi məsuliyyətinə əsaslanan sosial sabitliyin təməli qoyuldu və dövlət cəmiyyətin bütövlüyünün tam təminatçısına çevrildi. Azərbaycanda iqtisadi tənəzzülün qarşısı alındı və respublikanın inkişaf strategiyası müəyyən olundu. Ulu Öndərin rəhbərliyi ilə başlanan islahatlar nəticəsində dövlət idarəçiliyinin bütün sahələri dünya standartlarına uyğunlaşdırıldı. 1994-cü ildə "Əsrin müqaviləsi"nin imzalanması isə ölkəmizin inkişafının əsaslarının qoyulmasında müstəsna əhəmiyyət kəsb etdi və xalqımız öz sərvətlərinin sahibi oldu. Eləcə də, ilk Milli Konstitusiyanın qəbul olunması böyük əhəmiyyət kəsb etdi".

Əli Əhmədov vurğulayıb ki, məhz Dahi Öndər Heydər Əliyevin uzaqgörən və qətiyyətli siyasəti nəticəsində müstəqilliyimizin dönməzliyi təmin olundu.

Azərbaycanın məhz Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət əsasında inkişaf etdiyini deyən Əli Əhmədov bu gün Prezident İlham Əliyevin bu siyasəti uğurla davam etdirdiyini diqqətə çatdırıb: "Ulu Öndər tərəfindən qorunub-saxlanılan müstəqilliyimiz bu gün Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə daha da möhkəmləndirilir, onun əbədiliyi təmin edilir. Aparılan alternativsiz, məqsədyönlü, gələcəyə hesablanmış siyasət nəticəsində ölkəmiz artıq dünya dövlətləri arasında söz sahibinə çevrilmişdir. 2003-cü ildən keçən dövr ərzində ölkə iqtisadiyyatı dəfələrlə inkişaf edib, ölkəmizin siması dəyişib, modernləşib, Azərbaycan regionun lider dövlətinə çevrilib, respublikamızın beynəlxalq müstəvidə mövqeyi möhkəmlənib. Ölkəmizin haqq səsi dünyanın aparıcı beynəlxalq təşkilatlarından, birliklərindən dünya ictimaiyyətinin diqqətinə çatdırılır. Bütün bunlar, bir daha deməyə əsas verir ki, Azərbaycanın müstəqilliyi əbədi, dönməz və sarsılmazdır. Azərbaycanın dövlət müstəqilliyinin elə bir möhkəm təməli yaradılıb ki, Azərbaycan dövləti bu təməl üzərində müstəqil dövlət olaraq uzun illər yaşayacaq və xalqımız bu müstəqilliyin bəhrələrini dərk edəcək".

Qazanılan uğurlarla yanaşı Azərbaycanın qarşısında gələcək hədəflərin də dayandığını diqqətə çatdıran Əli Əhmədov ölkəmizin iqtisadiyyatının daha da güclənməsinin, əhalinin rifah halının daha da yüksəlməsinin, Azərbaycanın regionda və beynəlxalq miqyasda mövqelərinin daha da gücləndirilməsinin qarşıda dayanan əsas vəzifələr sırasında olduğunu vurğulayıb. Yeni iqtisadi modelin ortaya qoyulması, yeni islahatların həyata keçirilməsinin ölkəmizin gələcək inkişafı üçün çox etibarlı zəmin olacağını diqqətə çəkən Əli Əhmədov ötən 25 ildə Azərbaycanın böyük inkişaf mərhələsi keçdiyini bildirib. Qeyd edib ki, bu dövr Azərbaycan tarixinin "qızıl əsri" hesab oluna bilər: "Bir çox xalqlar öz tarixlərində "qızıl əsr" tapa bilmədiyi halda, Azərbaycan xalqının "qızıl əsri" bizim yaşadımız bu günlərdir. Qətiyyətlə deyə bilərik ki, bu "qızıl əsr" uzun illər davam edəcək. Azərbaycan iqtisadiyatı daha da inkişaf edəcək və möhtəşəm nailiyyətlər əldə ediləcək. Qarşıdakı illərdə Azərbaycan öz dövlət müstəqilliyini yeni-yeni naliyyətlərlə, daha güclü Azərbaycanla qeyd edəcək".

Konfransda çıxış edən YAP Gənclər Birliyi ofisinin koordinatoru Əli Qənbərli 25 il bundan əvvəl Azərbaycan xalqının iradə nümayiş etdirərək, öz mənəvi haqqı olan müstəqilliyini əldə etdiyini bildirərək, əsrin dörddə birinə bərabər olan bu zaman kəsiyində keçdiyi inkişaf yoluna nəzər salıb: "Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə milli-mənəvi dəyərlərimiz bərpa edilmiş, Onun qətiyyəti, apardığı uğurlu daxili və xarici siyasət sayəsində ölkəmiz xaosdan xilas olmuş, sivil demokratik inkişaf yolu ilə inamla irəliləyərək, böyük nailiyyətlər qazanmışdır. Onun inkişaf strategiyası Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və ölkəmiz sürətli və dinamik inkişaf yolu ilə inamla irəliləyir".

YAP Nərimanov rayon təşkilatı gənclər birliyinin üzvü Günay İmanova bir zamanlar daxili ziddiyyətlər, vətəndaş müharibəsi və xaosun burulğanında boğulmaq təhlükəsiylə üz-üzə qalan Azərbaycan dövlətinin bu gün çiçəklənmə, inkişaf dövrü yaşadığını bildirib: "Ölkəmizin iqtisadi qüdrəti daha da artıb və dünyanın inkişaf etmiş ölkələri sırasında özünəməxsus yeri vardır. Siyasi, iqtisadi, mədəni və idman kimi sahələrdə əldə edilən uğurlar ölkəmizə dünya miqyasında böyük şöhrət qazandırıb".

Tədbirdə çıxış edən YAP Nizami rayon təşkilatı gənclər birliyinin üzvü, 2016-cı ildə ali məktəbə 700 bal toplayaraq qəbul olmuş Elvin İsayev öncə təhsil sahəsində qazandığı uğura görə dövlət başçısına təşəkkür edib. O bildirib ki, məhz təhsilə yüksək dövlət qayğısı nəticəsində gənclərimiz bu sahədə böyük uğurlara imza atırlar. Bu gün hər gəncin borcu müstəqil dövlətimizi qorumaqdır, - deyərək gənclərin anti-Azərbaycan qüvvələrin, onların ölkəmizdəki "beşinci kolon"unun toruna düşməməyi bildirdi:"Bu səbəbdən də, hər birimiz dövlətimizə, vətənimizə qarşı çıxanlara, ona qara yaxmağa çalışanlara həm real, həm də virtual aləmdə, elə sosial şəbəkələrdən də cavablarını verməliyik". E.İsayev bu salonda nəsillərin vəhdəti - müstəqillik uğrunda mübarizənin canlı şahidləri və onu kitablardan öyrənən nəsilin nümayəndələri, Ulu Öndərlə canlı təmasda olanlar və Dahi Heydər Əliyevi əfsanə kimi görənlərin olduğunu bildirib:"Nəsillərin ziddiyyəti yox, vəhdəti var. Bu vəhdət Heydər Əliyev yolu - İlham Əliyev Liderliyidir. Bu vəhdət Yeni Azərbaycan Partiyasıdır. Biz gənclər tam əminik ki, yalnız bu vəhdət bizi yeni möhtəşəm qələbələrə aparacaq. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Qarabağımızı azadlığa qovuşduracaq".

YAP Binəqədi rayon təşkilatı gənclər birliyinin üzvü Leyla Quliyeva çıxış edərək, əldə olunmuş müstəqilliyin təməlinin möhkəmlənməsinin Ümumilli Liderin hakimiyyətə qayıdışı ilə bağlı olduğunu vurğulayaraq, həmin illərdəki tarixi şəraitə nəzər salıb:"Azərbaycanda hökm sürən xaos, hərc-mərclik, anarxiya ölkəni acınacaqlı vəziyyətə gətirib çıxarmışdır. Heydər Əliyevin müdrik siyasəti tarixi bir missiyanı - xilaskarlıq missiyasını həyata keçirdi. Xalqın tələb və təkidi ilə hakimiyyətə gələn Ümummilli Lider böyük siyasi tərcübəsini ortaya qoyaraq, böyük təhlükələr zəminində yaşayan xalqın xilaskarına çevrildi".

Konfransda çıxış edən YAP Suraxanı rayon təşkilatı gənclər birliyinin sədri Kənan Kərimov müstəqil Azərbaycanı yeni-yeni uğurlara aparan güclü liderimizin olduğuqnu bildirib: "Bayraqlar içində bayrağımızı, imzalar içində imzamızı qoruyan rəhbərin ətrafında birləşmişik. Bu gün burdayıq, amma bir sabah Ali Baş Komandanımızın rəhbərliyi ilə Qarabağın azadlığı uğrunda mübarizəyə hazırıq".

YAP Nəsimi rayon təşkilatı gənclər birliyinin üzvü Gülnar Xəlilova isə, müsətqil Azərbaycanın beynəlxalq müstəvidə böyük uğurlar qazandığını, eləcə də, nüfuzlu beynəlxalq tədbirlərə ev sahibliyi etdiyini diqqətə çatdırıb: "Bu gün dünyanın möhtəşəm idman saraylarında, konsert və iclas salonlarında üçrəngli ay-ulduzlu bayrağımızın dalğalandığını görəndə, Azərbaycan Himnin səsləndiyini eşitdikdə hər birimiz qürur hissi keçirir və qəlbimizdə həmvətənlərimizə qarşı böyük rəğbət və məhəbbət oyanır. Mən də müstəqil dövlətin bir gənci kimi bu gün vətənimə olan borcumu oxumaqla, sabah isə müstəqil Azərbaycanın mədəni-siyasi həyatının müxtəlif sahələrində çalışmaqla verəcəyəm!"

Konfrans bədii hissə ilə özişini davam etdirib.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər