PDF Oxu

Sosial

  • 591

"Məktəblinin dostu" pilot layihəsi üzrə təlimlərə başlanılıb

"Məktəblinin dostu" pilot layihəsi üzrə təlimlərə başlanılıb

Dünən "Məktəblinin dostu" pilot layihəsi üzrə təlimlərə başlanılması ilə bağlı tədbir keçirilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva "Məktəblinin dostu" layihəsinin müəllim, şagird və valideyn münasibətlərinin möhkəmləndirilməsində mühüm rol oynayacağını vurğulayıb. Namizədlərin ilkin vəzifələrini diqqətə çatdıran M.Vəliyeva qeyd edib ki, bu layihə üzrə seçilmiş şəxslər Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi "Ümumtəhsil Məktəbinin Nümunəvi Nizamnaməsi" əsasında fəaliyyət göstərəcəklər.

Tədbirdə bildirilib ki, bir ay ərzində davam edəcək təlimlər Təhsil Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Səhiyyə Nazirliyinin əməkdaşları tərəfindən aparılacaq. Namizədlərə fövqəladə hallarda davranış qaydaları, fərdi mühafizə vasitələrindən istifadə ilə bağlı məlumatlar veriləcək. Eləcə də namizədlər təcili tibbi yardım xidməti hadisə yerinə çatanadək ilkin müayinələrin aparılması və müdaxilənin edilməsi haqqında məlumatlandırılacaqlar.

Daha sonra 5 nömrəli Bakı Peşə Liseyində təlimlərə start verilib.

Təhsil Nazirliyinin "ASAN xidmət"lə birgə həyata keçirdiyi "Məktəblilərin dostu" layihəsi müəllim və şagirdlər üçün təhlükəsiz mühit yaratmaq, ilk tibbi və psixoloji yardım göstərmək, mütəmadi olaraq, təlim-tərbiyə müəssisələrinin kollektivi və rəhbərliyi ilə maarifləndirmə və diaqnostik işlər aparmaq məqsədini daşıyır.

"Məktəblinin dostu" hər bir yaş mərhələsində uşaqların hərtərəfli şəxsi keyfiyyətlərinin və intellektual inkişafının təmin olunması, onlarda özünütərbiyə və özünüinkişaf bacarığının formalaşdırılmasında iştirak edəcək.

İmtahanların test mərhələsi oktyabrın 2-də keçirilib. Bir saat yarım davam edən imtahanda namizədlərə Azərbaycan tarixi, coğrafiyası, mədəniyyəti, məntiqi düşünmə qabiliyyəti sahələri üzrə 50 sual təqdim edilib.

Təlimin sonunda qiymətləndirmə nəticələrinə əsasən, müəyyən edilən namizədlər "Məktəblinin dostu" seçiləcəklər.

Layihə ilk mərhələdə Bakı şəhərindəki 30 ümumi təhsil müəssisəsində həyata keçiriləcək. Gələcəkdə layihənin əhatə dairəsinin genişləndirilməsi nəzərdə tutulur.

NƏZAKƏT

Digər xəbərlər