Dünən AMEA İnformasiya Texnologiyaları İnstitutunda keçirilən "Plagiatçılıq və onunla mübarizə" mövzusunda respublika elmi-praktiki seminarının məqsədi də plagiatçılığın qarşısının alınması ilə bağlı müzakirələr aparmaq və dünyada bu sahədə əldə edilmiş təcrübələri bölüşmək idi.
Tədbiri giriş sözü ilə AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev açıb. Plagiatçılıq və onunla mübarizə mövzusuna həsr olunmuş tədbirin əhəmiyyətindən, mövzunun aktuallığından danışan alim bildirib ki, bu sahədə ən maraqlı qurumlardan biri ölkədə elmi fəaliyyəti koordinasiya edən AMEA-dır. Akademiya, ümumilikdə, ölkənin intellektual mülkiyyətinin qorunmasına elmi dəstək göstərir və müntəzəm maarifləndirmə işləri aparır.
Sonra İngiltərənin Koventri (Coventry) Universitetinin professoru Dr. Tomas Lankaster "Ali təhsildə plagiatçılıq" mövzusunda məruzə ilə çıxış edib. O, ali təhsil müəssisələrində plagiatçılıqla bağlı ortaya çıxan problemlər və onların həlli yollarından danışıb. Bildirib ki, cəmiyyətin bütün sferalarında uğurların əldə edilməsi məqsədilə qısa yollar axtarmaq və qeyri-qanuni hərəkətlərə yol vermək, plagiatçılıqla məşğul olmaq geniş yayılmışdır.
AR Dövlət Neft Şirkəti Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov "Turnitin antiplagiat sisteminin Bakı Ali Neft Məktəbində tətbiqi" mövzusunda məruzəsini təqdim etdi. O, rəhbərlik etdiyi ali məktəblə "Turnitin" arasında imzalanmış bu şirkətin təcrübəsinin öyrənilməsi və Ali Neft Məktəbində tətbiqini nəzərdə tutan əməkdaşlıq müqaviləsi haqqında məlumat verdi. Həmçinin, "Turnitin" sistemi haqqında qısa statistik məlumat, sistemin əsas imkanları, tədrisdə plagiat problemi və Bakı Ali Neft Məktəbində plagiatçılığa qarşı tətbiq olunan qaydalar barədə məlumatları diqqətə çatdırıb.
Sonra çıxış edən Bakı Ali Neft Məktəbinin Elektron təhsil şöbəsinin rəisi Şərif Xurşudov bu təhsil ocağında "Turnitin"" sisteminin tətbiqi nəticəsində əldə edilən praktiki nailiyyətlərdən danışdı. İstifadəçi profilinin yaradılması, sinfin (class) yaradılması, tapşırıqların (assignments) tipləri, işlərin (submit/resubmit) yüklənməsi, işlərin (OriginalityCheck) orijinallığı haqqında hesabat, resenziya yazma, işlərin (PeerMark) redaktəsi və s. barədə məlumat verib.
Seminarda, həmçinin, İngiltərənin "Turnitin" şirkətinin mütəxəssisi Katya Levçenko "Müasir antiplagiat texnologiyaları" mövzusunda məruzəsini təqdim edib. O, Azərbaycanda bu sahə ilə bağlı elmi fəaliyyəti yüksək qiymətləndirdi və təmsil etdiyi qurumun plagiatçılıqla mübarizədə elmi dəstəyə əhəmiyyət verdiyini bildirib.
Sonda məruzələr ətrafında geniş fikir mübadiləsi aparılıb, çoxsaylı suallar cavablandırılıb.
NƏZAKƏT