"Vətən mənə oğlul desə nə dərdim,
Mamır olub qayasında bitərdim"
Bu sözləri vaxtilə Azərbaycanın vətənpərvər qəhrəman oğulları üçün Məmməd Araz demişdir. Oğullar ki, vətən uğrunda canlarını qurban vermiş, yüksəklərə ucalaraq, şəhidlik zirvəsinə qalxmışlar. Belə oğullardan biri də Laçın rayonu 40 nömrəli orta məktəbin məzunu olmuş İbrahimov Mahmud Azər oğludur. Cəbrayıl rayonunun Sarıcallı kəndində doğulub. Hazırda ailəsi məcburi köçkün kimi Bakı şəhərində yerləşmişlər.
Mahmud başqa sinif yoldaşları kimi tam orta məktəbi qurtardıqdan sonra hərbi xidmətə çağrılmışdır. Sərhəd bölgəsi Tərtər rayonunda xidmət edərkən bu ilin aprel ayının 2-5 tarixində gedən qızğın döyüşlərdə qəhrəmancasına şəhid olub. Döyüş yoldaşlarının və komandirinin dediyinə görə, o, yaralı olmağına baxmayaraq 50-yə yaxın əsgər yoldaşını döyüş bölgəsindən uzaqlaşdırmışdır və axırıncı yaralını götürərkən, azğın erməni gülləsi onu susdurmuşdur... Bu susmaqla yüksək bir zirvəyə qalxdı, əlçatmaz bir zirvəyə. Şəhidlik zirvəsinə. Bu adla o, tək Laçın rayonu 40 nömrəli məktəbin müəllim kollektivinin sevimlisi deyil, Azərbaycan xalqının da sevimlisinə çevrildi və əbədi bir ömür yaşadı. Bu igidlik qarşısında başəyir, ürəyimdən gələn bu sözləri ona ünvanlayacam.
On doqquz il yaşadım yüzə bərabər,
Sən hələ ölməyib yaşayacaqsan.
Mahmud, ölməzliyə qovuşdu adın,
Şəhidlik zirvəsin daşıyacaqsan.
Əziz şəhid dostum!
Sən sevərək yaşadın, sevilərək xalqın qəlbində əbədi iz qoydun. Evdə valideynlərini, məktəbdə müəllimlərini, yaxın dostlarını sevdin. Ömrünün19-cu baharında əlvida dedin öz gənc həyatına və şəhidlik zirvəsinə ucaldın. Bununla Azərbaycan xalqının sevimlisinə çevrildin. Elə bil torpaq uğrunda şəhid olmağını bilirdi. Mahmud - əsgərliyə gedərkən anasıyla görüşüb bu sözləri demişdi: "Ana, az vaxtda torpaqlarımız geri qaytarılmalıdır, lazım gələrsə torpaq uğrunda şəhid olmağa da hazıram". Bəli, mən bu gün şəhid anası tanıyıram. 19 yaşlı şəhid anası onu heç bir övladıyla əvəz etmir. Mahmud hər gün fəryad qoparır, bu fəryad anaya ürəyindən gələn sözləri ünvanlayır.
İki aprel son döyüş oldu, qardaş,
Doğma ananla son görüş oldu, qardaş.
Kimə verək təsəlli, atasına təsəlli, anasına təsəlli,
Ağlama şəhid anası, ağlama.
Qamətini uca tut, şəhid atası,
Vaxt gələcək Azərbaycanın üzərindən qara buludlar geri çəkiləcək. Günəş bir də doğacaq, qələbə bayrağı başımız üzərində dalğalanacaq. Bunu mən yox, Mahmud kimi şəhid qardaşımızın ruhu deyir.
Əziz şəhid qardaşımız, bir məktəbli kimi sənin və bütün şəhid qardaşlarımızın ruhu önündə baş əyirik. Allah sizə rəhmət eləsin! Qəbriniz nurla dolsun!
Şafa Musalı,
Səbail rayonu 162 saylı məktəbin 9-cu sinif şagirdi