"Bu Fərman vətəndaş cəmiyyəti institutlarının fəaliyyəti və inkişafı üçün çox ciddi addımdır"
Məlum olduğu kimi, Prezident İlham Əliyev xarici donorlar tərəfindən Azərbaycan ərazisində qrantların verilməsi barədə "bir pəncərə" prinsipin tətbiq edilməsi haqqında Fərman imzalayıb. Təbii ki, bu Fərman vətəndaş cəmiyyəti institutlarının inkişafına göstərilən növbəti dövlət dəstəyidir. Söhbət etdiyimiz müsahiblərimizdə Fərmanın QHT-lərin fəaliyyətində şəffaflığın və hesabatlılığın artırılmasının mühüm rol oynayacağını bildirdilər.
Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin rəhbəri Rufiz Qonaqov:
- Bu Fərman Azərbaycanda vətəndaş cəmiyyəti təsisatlarının inkişafına yönəlmiş dövlət siyasətinin davamıdır. İki il öncə QHT-lərin fəaliyyətində hesabatlılıq və şəffaflığın artırılması məqsədilə qanunvericiliyə dəyişiklik edilmişdi. Heç kəsə sirr deyildi ki, Azərbaycanda fəaliyyət göstərən, xüsusilə də, xaricdən maliyyələşən bir sıra QHT-lərin fəaliyyətində şəffaflıq və hesabatlılıqla bağlı ciddi problemlər vardı. Bu iki il ərzində həmin təşkilatlar saf-çürük edildi, müəyyənləşdi və bəzilərinin barələrində hüquqi tədbirlər görüldü. Bəzi QHT-lərin qrant vəsaitlərini təyinatı üzrə istifadə etməmələri, dövlət və milli maraqlara zidd, xarici dairələrin mənafelərinə uyğun fəaliyyət göstərmələri ötən müddət ərzində bir daha aşkara çıxarıldı. Bununla belə iki il əvvəlki dəyişikliyin praktikada meydana çıxara biləcəyi problemlərin öyrənilməsi məqsədiylə Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası yanında QHT nümayəndələrindən ibarət Hüquq və Monitorinq Komissiyası yaradılıb. Komissiya QHT-lərin və beynəlxalq təşkilatların təkliflərini toplayaraq, beynəlxalq donorların Azərbaycandakı fəaliyyətilə bağlı qaydaların sadələşdirilməsi üçün təkliflər hazırladı. Bütün bunlar QHT-lərin inkişafına və fəaliyyətlərinin şəffaflaşdırılmasına yönəlmiş addımlar idi. Nəhayət, Azərbaycanda vətəndaş cəmiyyəti institutlarının gücləndirilməsi və fəaliyyətlərinin dəstəklənməsi, xarici donorlar tərəfindən Azərbaycan Respublikasının ərazisində qrantların verilməsi prosedurunun asanlaşdırılması məqsədilə "bir pəncərə" prinsipinin tətbiqi barədə Azərbaycan Respublikasının Prezidenti tərəfindən Fərman imzalandı. Bu Fərman vətəndaş cəmiyyəti institutlarının fəaliyyəti və inkişafı üçün çox ciddi addımdır. Hesab edirəm ki, QHT-lər Prezidentin bu addımını layiqli qiymətləndirməlidirlər. Çünki dövlət onların qaldırdıqları problemlərin həllinə adekvat reaksiya verib. Bu günə qədər QHT-ləri narahat edən bir sıra məsələlər vardı ki, bu Fərmanda onlar öz əksini tapıb. Fərman Azərbaycan vətəndaş cəmiyyəti ilə hökumət arasında dialoqun bariz nümunəsidir. Fərmanda QHT-lərin xarici donorlardan maliyyələşməsinin hüquqi proseduru göstərilib. Nazirlər Kabineti nəzərdə tutulan müddətdə qaydaları hazırlayıb, aidiyyəti üzrə təqdim edəcək. Hesab edirəm ki, yaradılmış hüquqi mexanizm, qaydalar QHT-lərin yaradılan imkanlardan sui-istifadəsinin qarşısını alacaq. Burada narahatlığa ciddi əsas görmürəm.
"Şəmsi Əsədullayev" xeyriyyə ictimai birliyinin nümayəndəsi Cəsarət Hüseynzadə:
- Bu Fərman ölkə başçısının siyasi iradəsinin və vətəndaş cəmiyyətinə verdiyi diqqətin təzahürüdür. Məlum olduğu kimi, xarici donorlar vasitəsi ilə maliyyələşən bəzi QHT-lərin fəaliyyətində şəffaflıqla bağlı bəzi problemlər var idi. Məsələni tam aydın ifadə etsək, bəzi QHT-lərin qrant aldığı mövzular ilə bağlı deyil, siyasi fəaliyyət ilə, həmçinin, milli maraqlarımıza zərbə vura biləcək fəaliyyətlərlə məşğul olmuşlar. Bu baxımdan, xarici donorların verdiyi qrantlarla bağlı qanunvericilikdə müəyyən dəyişikliklər oldu. Fərman məhz bu qrantların "bir pəncərə" prinsipi ilə qeydiyyata alınmasını nəzərdə tutur. Hesab edirəm ki, xarici donorların Azərbaycanın və cəmiyyətimizin inkişafı naminə fəaliyyətləri üçün imkanlar xeyli genişləndi. Bu, yerli QHT-lərin fəaliyyəti üçün də müsbət rol oynayacaq. İlk növbədə, yeni-yeni layihələrin icra olunması, QHT-lərin maliyyə və institusional inkişafına xidmət edəcəkdir. Ümumilikdə, son vaxtlar dövlət və QHT münasibətləri yeni mərhələyə qədəm qoyub. Ölkədə aparılan islahatlar prosesinin şəffaf aparılması baxımından QHT-lər bu proseslərə cəlb olunur. QHT-lərin yeni qurulan Açıq Hökumətin Təşviqinə Dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platformasından da gözləntiləri böyükdür.
"Demokratik Azərbaycan Naminə" Gənclərin İctimai Birliyinin sədri Elməddin Behbud:
- Heç kimə sirr deyil ki, müəyyən QHT-lərin fəaliyyətində şəffaflığın və hesabatlılığın təmin edilməsi ilə bağlı nəinki problemlər vardı, hətta konkret ciddi qanun pozuntuları mövcud idi. Bir çox QHT-lər xarici donorlardan əldə etdikləri qrant vəsaitlərini təyinatı üzrə istifadə etmək əvəzinə, şəxsi və müəyyən qaranlıq siyasi məqsədlərin həyata keçirilməsi üçün sərf edirdilər. Bu hal, bütövlükdə, QHT sektorunun fəaliyyətini kölgə altına alırdı. Bu cəhətdən düşünürəm ki, QHT-lər qanunvericliyin onlara verdiyi imkanlardan effektiv şəkildə istifadə etməklə yanaşı, şəffaflığın qorunub-saxlanılmasında və inkişaf etdirilməsində də cəmiyyət qarşısında məsuliyyətlərini unutmamalıdırlar. Doğrudur, mövcud qanunlarımız ölkə QHT-lərinə xarici donorlarla əməkdaşlıq etmək üçün bütün imkanları yaradır. Ancaq buna baxmayaraq, vətəndaş cəmiyyəti institutlarının bu qaydaların daha da sadələşdirilməsi ilə bağlı müraciətləri nəzərə alaraq, belə bir sənəd imzalanıb. Cənab Prezidentin imzaladığı Fərmana müvafiq olaraq, 2017-ci il yanvarın 1-dən xarici donorlar tərəfindən Azərbaycan Respublikasının ərazisində qrantların verilməsi prosedurunda "bir pəncərə" prinsipi tətbiq olunacaq. Eyni zamanda, qrantın maliyyə-iqtisadi məqsədəmüvafiqliyi ilə bağlı rəyin əldə olunması prosedurunun sadələşdirilməsi üçün də müvafiq addımlar atılacaq. Fərmanda qeyd olunan müddətdə Nazirlər Kabineti bunun mexanizmlərini hazırlayaraq təqdim edəcək. Normativ akt hazır olduqdan sonra QHT-lər yaradılmış imkanlardan rahatlıqla yararlana biləcəklər.
GÜLYANƏ