PDF Oxu

Sosial

  • 540

"Azərbaycan multikulturalizmi və mədəniyyətlərin dialoqu" mövzusunda konfrans keçirildi

"Azərbaycan multikulturalizmi və mədəniyyətlərin dialoqu" mövzusunda konfrans keçirildi

Dünən AMEA-nın Fəlsəfə İnstitutunda bu elmi müəssisənin təşkilatçılığı ilə Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25 illiyinə həsr olunan "Azərbaycan multikulturalizmi və mədəniyyətlərin dialoqu" mövzusunda elmi konfrans keçirildi. Tədbiri giriş sözü ilə açan institutun direktoru, fəlsəfə üzrə elmlər doktoru, professor İlham Məmmədzadə Azərbaycanda tarixən müxtəlif millətlər arasında dostluq münasibətləri, sivilizasiyalararası və mədəniyyətlərarası dialoqun olduğunu söylədi. Prezident İlham Əliyevin 2016-cı ilin Azərbaycanda "Multikulturalizm ili" elan edilməsi haqqında imzaladığı Sərəncamın əhəmiyyətindən bəhs edən, multikulturalizmin dövlət siyasətinə çevrilməsinin Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğulayan İ.Məmmədzadə bildirdi ki, bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

"Fəlsəfəsiz multikulturalizm yalnız tarixi, sosioloji baxışdır" - söyləyən İ.Məmmədzadə multikuturalizm fəlsəfəsinin ümumi fəlsəfi baxış tələb etdiyini bildirdi. O, siyasət, iqtisadiyyat və müxtəlif sahələrdə multikulturalizmin fəlsəfi-hüquqi aspektlərinin tətbiqinin vacibliyini vurğuladı.

Sonra Bakıdakı Misir Mədəniyyət Mərkəzinin sədri Əhməd Sami Elaydi Azərbaycan multikulturalizm modelinin dünyaya nümunə olduğunu vurğulayaraq, konfransda irəli sürülən fikirlərin ölkələr arasında multikultural dəyərləri zənginləşdirəcəyini bildirdi.

Tədbirdə "XXI əsrdə multikulturalizmin tədqiq və təbliğinin bəzi problemləri", "Multikulturalizm mədəniyyətlərin dördbölümlü tipologiyası kontekstində və onun estetik aspektləri", "Qloballaşan dünyada multikulturalizm modelinin sosioloji məsələləri", "Multikuturalizmin insan hüquq və azadlıqları sistemində yeri", "Müstəqillik və müasirlik: dialoq fəlsəfəsindən baxış", "Müxtəlif ölkələrdə multikulturalizmə yanaşmalar" mövzularında məruzələr dinlənildi.

Mövzu ətrafında müzakirələr aparıldı, suallar cavablandırıldı.

NƏZAKƏT

Digər xəbərlər