Oktyabrın 29-da Zəngilanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsinin 23 ili tamam olur. 1988-ci ildən 1993-cü ilin noyabrınadək yağı hücumlarına sinə gərən, yüzlərlə şəhid verən Zəngilan işğala məruz qalan ən sonuncu rayon oldu. Qonşu Qubadlı və Cəbrayılın işğalı nəticəsində mühasirəyə düşən rayon əhalisi çıxış yolunu Araz çayından İran ərazisinə keçməkdə gördü. Əks-təqdirdə ikinci bir Xocalı soyqırımının baş verməsi qaçılmaz olacaqdı.
Zəngilan inzibati rayon kimi 1930-cu ildə təşkil edilib. Şimaldan Qubadlı, şərqdən Cəbrayıl, cənubdan İran İslam Respublikası, qərbdən Ermənistan Respublikası ilə həmsərhəddir.
Zəngilan Birinci Qarabağ müharibəsində 188 şəhid verib, bu günədək rayonun 44 sakini itkin düşmüş sayılır.
Bakı-Culfa-Naxçıvan dəmiryolunun üzərində yerləşən bu rayon mühüm strateji əhəmiyyətə malikdir. Ərazisi 707 kvadrat km, əhalisi isə 35 min nəfərdən çox olub. Rayonun iqtisadiyyatının əsasını kənd təsərrüfatı - üzümçülük, tütünçülük və heyvandarlıq təşkil edib. İşğal olunmazdan əvvəl bir şəhər, bir qəsəbə və 83 kənddən ibarət olan Zəngilanda 9 məktəbəqədər müəssisə, 19 ibtidai məktəb, 15 orta məktəb, bir texniki peşə və musiqi məktəbi, 35 kitabxana, 8 mədəniyyət evi, 23 klub müəssisəsi və 22 kinoqurğu var idi.
Azərbaycanın dövlət başçısı İlham Əliyev dəfələrlə bəyan edib ki, biz heç vaxt indiki vəziyyətlə barışmayacağıq, ərazi bütövlüyümüzü istənilən yolla bərpa edəcəyik, öz ərazilərimizi işğalçılardan təmizləyəcəyik və orada yeni həyat yaradacağıq. Onu da qeyd edək ki, digər məcburi köçkünlər kimi zəngilanlılar da dövlət qayğısı ilə əhatə olunublar, onların həyat şəraitinin yaxşılaşdırılması üçün mühüm tədbirlər görülüb. Lakin bu diqqət zəngilanlılara doğma ocağa qayıtmaq arzusunu unutdurmayıb. Onlar inanırlar ki, Cənubi Qafqazın lider dövləti olan Azərbaycan öz torpaqlarını işğaldan azad edəcək və həmin vaxt çox da uzaqda deyil. Ali Baş Komandan, ölkə Prezidenti İlham Əliyevin dediyi kimi, Azərbaycan xalqı bu işğal faktı ilə barışmayacaq və silahlı yolla da olsa, öz torpaqlarımıza qovuşacağıq...
Ü.ƏSGƏROV