Mübaliğəsiz olaraq demək olar ki, bu gün bəşəriyyəti ən çox düşündürən məsələlərdən biri insanlar, cəmiyyətlər, dinlər və məzhəblərarası münasibətlərdir. Çünki bəşəriyyətin gələcəyi müəyyən mənada tolerantlıq prinsiplərinin necə və hansı səviyyədə bərqərar olmasından asılıdır. Dünyada yüzlərlə din, məzhəb, təriqət, minlərlə xalq və etnik qruplar olsa da, onlar bir planetdə - yer kürəsində yaşamağa məhkumdurlar. Deməli, dünyanın gələcəyi, müəyyən mənada, bu dinlər və insanlar arasındakı münasibətlərin nizamlığı ilə bağlıdır.
Tarixdə dini və milli zəmində zaman-zaman müharibələr, toqquşmalar baş vermişdir ki, nəticədə, milyonlarla insan bu qarşıdurmaların qurbanına çevrilmişdir. Bugünkü qloballaşan dünya isə belə məsələlərdə daha həssas olmağı tələb edir. Çünki müasir insan bütün dünyanı məhv edə biləcək güclü silaha - nüvə silahına malikdir. Bu səbədəndir ki, indi dünyamızın tolerantlığa, multukulturalizmə daha böyük ehtiyacı vardır.
Məlumdur ki, tolerantlıq ifadəsi latın sözü olub, hərfi mənada "dözümlülük, təmkinlik, səbr mənalarını, fəlsəfi termin kimi isə, digər dünya baxışına, həyat tərzinə, adət-ənənəsinə və bütünlükdə mədəniyyətlərə dözümlülük" kimi başa düşülür.
Hazırda elmi və siyasi ədəbiyyatda tolerantlıq ifadəsi daha çox "dini, milli və irqi müxtəlifliyə hörmətlə yanaşılması" kimi izah olunur. Bu söz Azərbaycan dilinə "dözümlülük" kimi tərcümə olunsa da, bəzən " xoşgörü, qarşılıqlı hörmət" kimi də başa düşülür. Əslində, tolerantlıq dini, milli və irqi mənsubiyyətindən asılı olmayaraq, insanlara hörmətlə yanaşmaqdır. Başqa sözlə, tolerantlıq insanın mədəni və əxlaqı ilə bağlı münasibətdir. Biz tolerant insan dedikdə, onun yalnız bir və ya bir neçə dinə deyil, bütün dinlərə və inanclara hörmətlə yanaşması kimi başa düşməliyik.
Tolerantlıq bir anlayış kimi orta əsrlərdən etibarən Avropada formalaşmağa başlamışdır. Belə ki, orta əsrlərdə Qərbi Avropada xristianlığın tərkibində protestantlıq təriqətinin meydana gəlməsi və getdikcə genişlənməsi katolik məzhəbini, xüsusilə də, Vatikanı ciddi narahat edirdi. Bir çox hallarda bu narahatlıq sərt və amansız toqquşmalarla müşayiət olunurdu. Düzdür, dünyada torelantlıq məfhumu meydana çıxana qədər də dini zəmində çoxsaylı münaqişələr olmuşdu. Lakin tarix boyu heç bir dini müharibə orta əsrlərdə Avropada məzhəblərarası mübarizədən daha amansız və daha böyük miqyasda baş verməmişdi. İnancına görə təqib və təzyiqlərə məruz qalmaq adi hal almışdı. 1572-ci ildə Parisdə Fransa kralının alqışları və Roma papası XIII Qriqorinin xeyir-duası altında on minlərlə protestantın qətlə yetirilməsi ilə nəticələnərək tarixdə "Varfolomey gecəsi" adını almış faciə və XVII əsrdə bütün Avropanı bürümüş dini zəmindəki çoxsaylı toqquşmalar torelantlıq münasibətlərnə yenidən baxılmasını zəruri edirdi. Amerika qitəsinin kəşfi ilə avropalıların yeni xalqlar, mədəiniyyətlər və dinlərlə tanışlığı və son olaraq , Avropada tədricən burjua münasibətlərinin formalaşması, elmi-mədəni tərəqqi, vicdan azadlığı sahəsində yeni dəyərlər və sairə tolerantlıq fəlsəfəsinin formalaşmasına səbəb oldu.
Əslində, tolerantlıq haqqında tam dolğun fikirlər XX əsrdə bütünləşdi. Belə ki, ikinci dünya müharibəsindən sonra beynəlxalq təşkilatların yaranması və beynəlxalq sənədlərin qəbulu tolerantlıqla bağlı fikirlərin təkmilləşməsinə təkan verdi. 10 dekabr 1948-ci ildə BMT Baş Assambleyası tərəfindən qəbul edilən Ümumdünya İnsan Hüquqları Bəyannaməsi, dolayısı ilə olsa da, tolerantlıqla bağlı yeni müddəaları özündə ehtiva etdi. Tolerantlıq sahəsində ilk beynəlxalq hüquqi sənəd isə 25 noyabr 1981-ci ildə BMT Baş Assambleyası tərəfindən qəbul olunan "Din və etiqada əsaslanan dözümsüzlüyün və ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması haqqında" Bəyannamə oldu. 1995-ci il noyabrın 16-da YUNESCO Baş Məclisinin qəbul etdiyi "Dözümlülük prinsipləri haqqında" Bəyannamə isə, bilavasitə tolerantlığa aid ən mükəmməl beynəlxalq sənəd oldu və həmin tarixdən hər il noyabrın 16-sı dünyada Beynəlxalq Tolerantlıq Günü kimi qeyd olunur. Bu Bəyannamədə, ilk dəfə olaraq, tolerantlığın yalnız dini baxışlarla deyil, daha geniş mənada başa düşülməsi konsepsiyası irəli sürülürdü. Bəyannamədə göstərilirdi ki, tolerantlıq irqi, cinsi və dil fərqliliyindən, milli mənsubiyyətindən, sağlamlıq durumundan asılı olmayaraq, bütün insanlara münasibətdə özünü göstərməli, etnik, dini və milli azlıqlara, qaçqın və məcburi köçkünlərə, miqrantlara və cəmiyyətdə sosial müdafiəsi zəif olan azlıqlara da şamil edilməli, müharibə mədəniyyətini sülh mədəniyyəti ilə əvəz edən fəaliyyətə istqamətlənməlidir.
Təhlillər göstərir ki, bəşəriyyətin elmi-texniki nailiyyətlər sahəsində son 50 il ərzində əldə etdiyi nəticələr tarixin bütün əvvəlki dövrünün birgə nəticələri ilə müqayisədə xeyli üstündür. Bununla belə, dünya iqtisadi və sosial böhranları yaşamaqda davam edir. Son dövrlərdə Sinergetika elmi ilə məşğul olan alimlərin böyük bir qismi dünyanın nizamlılıqdan xaosa doğru getdiyi barədə mühakimələrlə çıxış edirlər. Sanki nə elmin əldə etdiyi nailiyyətlər, nə də dini mühakimələr insanlar arasında qarşılıqlı hörmətin və dözümlülüyün qorunmasına yardım edə bilmir.
Dövlət müstəqilliyinin bərpasının 25 illiyini yenicə qeyd edən Azərbaycan Respublikası bütün bu qarşıdurmalardan qurtarmağın ən doğru yolunu tolerantlıq və multikultural münasibətlərin bərqərar olmasında görür. "Tolerant ölkədən tolerant dünyaya doğru" şüarının reallaşdırılmasını özünün başlıca hədəfi və şərəfli missiyası kimi müəyyənləşdirən ölkəmiz bu sahədə nümunəvi bir ölkəyə çevrilmişdir.
Azərbaycan xalqının Ümummili Lideri Heydər Əliyev qürurla deyirdi ki, "Azərbaycanda qədim dövrlərdən müxtəlif xalqların nümayəndələri birgə yaşamış, bir çox xalqların dinləri mövcud olmuşdur. Azərbaycan və onun xalqı həmişə dini dözümlülüyü ilə fərqlənmişdir".
Bu gün tolerantlıq və multikulturalizm, ölkə rəhbəri Cənab İlham Əliyevin dediyi kimi, Azərbaycanda həyat tərzi və dövlət siyasətidir. Azərbaycan xalqının xoşbəxtliyi ondadır ki, gələcəyinə ümid və inamla baxdığı kimi, keçmişinə də alnıaçıq və şərəflə baxır. Maraqlıdır ki, çoxsaylı etnosların Azərbaycanda yaşamasına və etnik tərkibin bu qədər müxtəlif olmasına baxmayaraq, minilliklər boyu heç bir etnik qrup buradan başqa bir əraziyə köçürülməyib. Bu tolerantlıq keyfiyyətinin Azərbaycan xalqının etnik tərkibindən irəli gəldiyini, eyni zamanda, min illər öncə bu ərazilərdə mövcud olmuş sivilizasiyanın bünövrəsində dözümlülük mədəniyyətinin dayandığını göstərir. Deməli, Azərbaycan ilk insan məskənlərindən biri olmaqla yanaşı, həm də dözümlülük mədəniyyətinin formalaşdığı ərazi və tolerantlığın beşiyidir. Bu fakt, onu deməyə əsas verir ki, Azərbaycanda min illər öncə formalaşmış tolerantlıq ənənələri, zaman keçdikcə, yeni xüsusiyyətlər qazanmış və bu coğrafiyada yaşayan insanların başlıca keyfiyyətinə çevrilmişdir.
Məlumdur ki, mədəniyyətlər, adətən, milli zəmində yaranır, formalaşdıqları bölgənin və xalqın sərhədlərini aşdıqdan sonra ümumbəşəri dəyərlər sisteminə daxil olurlar. Əslində, Azərbaycan xalqının min illər ərzində formalaşdırdığı mədəniyyətə də bu prizmadan yanaşılmalıdır.
Azərbaycandakı tolerantlığın və multikultural dəyərlərin özünəməxsusluğu onun etnik, coğrafi, iqtisadi-siyasi və dini-mədəni amillərlə formalaşaraq həyat tərzi olmaqla yanaşı, həm də dövlət siyasətinə çevrilməsi ilə əlaqədardır.
Reallıqlar təsdiq edir ki, Azərbaycan xalqının mütləq əksəriyyətini təşkil edən türklərin din anlayışı digər xalqlardan, hətta qonşu toplumlardan xeyli fərqlidir. Türklər tarixən xurafatçı və şəriətçi olmamışlar. Qədim dastan və əfsanələrdən, xüsusi ilə, "Kitabi-Dədəd Qorqud" eposundan göründüyü kimi, türklər üçün dinin şəriət tərəfi yox, həmişə vahid Tanrı-Allah inancı önəmli olmuşdur. Azərbaycan türkləri, o cümlədən, Azərbaycanın ruhaniliyi, heç vaxt dünyəviliyə qarşı çıxmamışdır. Dünyəviliyə bu cür münasibətin nəticəsi idi ki , Şərqdə ilk Demokratik Cümhuriyyəti də, məhz Azərbaycan xalqı qurmuşdur. Dünyəviliyə, müasirliyə, qadın təhsilinə və gender məsələlərinə yüksək dəyər verən bu xalq tolerant olmaya bilməzdi.
Məlumdur ki, Azərbaycan coğrafi baxımdan Şərqlə Qərbin, həm də mədəniyyətlərin qovuşduğu bir məkanda yerləşir. Azərbaycanın tarixi ərazilərində və qonşu ölkələrdə fərqli dinlərin, əsasən də, xiristianlığın və yəhudiliyin mənsubları yaşadığı üçün əhali arasında başqa inanca sahib insanlarla birgəyaşayış qaydaları və ənənələri formalaşmış və zaman keçdikcə, həmin qayda və ənənələr birgəyaşayış mədəniyyətinə çevrilərək onun bazisini təşkil etmişdir.
Azərbaycanın tarixi "İpək yolu"nun üzərində yerləşməsi də bu ərazidə tolerant mühitin formalaşmasında özünəməxsus rol oynamışdır.Tarixi qaynaqlar təsdiqləyir ki, həm Avropadan, həm Yaxın, həm də Uzaq Şərqdən gəlmiş tacirlər Azərbaycanda sərbəst ticarətlə məşğul olmuş, qarşılıqlı mədəni əlaqələr qurmuş, hətta onların burada yaşamaları üçün münbit şərait yaradılmış, ticarətlə məşğul olan katoliklərin, pravoslav və atəşpərəstlərin öz inanclarına uyğun ibadət yerləri – monastr, kilsə və atəşgahlar inşa edilmişdir.
Bu, bir həqiqətdir ki, dini tolerant olmayan xalqın özü də tolerant ola bilməz. Xalqımızın mütləq əksəriyyətinin sahib olduğu islam dini isə seçim azadlığına, bərabərliyə, insan ləyaqətinə , etiqad azadlığına, etnik fərqliliklərlə hesablaşmağa xüsusi önəm verir. İslama görə, bütün insanlar və millətlər bərabərdir və bu dində ali millət, ali irq anlayışı yoxdur.
Xalqın təkidli tələbi ilə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişi nəticəsində, Azərbaycan müstəqillik yolunda daha inamla inkişaf etməyə başladı. İlk növbədə, ölkədə sabitlik yarandı, siyasi, iqtisadi, sosial və hüquqi islahatlar həyata keçirildi. Ulu Öndərin hakimiyyətə gəlişi ilə milli-mənəvi dəyərlərə qayıdışın yeni dövrü başlandı. İnsan hüquq və azadlıqlarına, xüsusilə, vicdan və dini etiqad azadlığının bərqərar olmasına, insanların, xüsusilə də, gənclərin milli-mənəvi dəyərlərə sadiq yetişməsinə böyük önəm verildi.
Ümummilli Lider Heydər Əliyevin tolerantlıq və multikulturalizm sahəsindəki baxışları ən ümumi şəkildə onun müstəqil Azərbaycan dövlətinin quruculuğu konsepsiyasının təməl prinsiplərindən hesab olunan azərbaycançılıq ideologiyası kontekstində nəzərdən keçirilməlidir. Ulu Öndərin azərbaycançılıq mövqeyi cəmiyyətin mədəni, dini və etnik rəngarəngliyi zəminində vahid milli-siyasi toplumun formalaşmasını nəzərdə tuturdu. Bu ideologiya müxtəlif mədəniyyətlərin birgə yaşamasını nəinki mümkün sayır, habelə, onu müasir cəmiyyətin ayrılmaz mənəvi xüsusiyyəti hesab edir. Ulu Öndər Heydər Əliyev tolerantlığın, birgəyaşayış mədəniyyətinin Azərbaycan xalqı üçün xarakterik xüsusiyyət olduğunu göstərərək, Azərbaycanı mədəniyyətindən və dinindən asılı olmayaraq, müxtəlif xalqların nümayəndələrinin doğma vətəni adlandıraraq deyirdi: "Azərbaycan xalqı özlüyündə, təbiətinə görə, öz xarakterinə görə yüksək tolerantlıq hissinə malikdir. Azərbaycan Respublikasının ən böyük sərvəti, bəlkə də ən birinci sərvəti burada uzun əsrlər bir yerdə yaşamış, dostlaşmış, qardaşlaşmış müxtəlif xalqların birliyidir".
Bu gün dövlət başçısı İlham Əliyevin rəhbərliyi altında Ümummilli Lider Heydər Əliyevin yolu ilə gələcəyə doğru inamla və sürətlə irəliləyən Azərbaycan həm sosial-iqtisadi göstəricilərinə görə, həm də milli-mənəvi dəyərlərimizin yaşadılması, tarixi-dini abidələrimizin bərpası sahəsində regionun lider dövlətinə çevrilib, dünyada sürətlə inkişaf edən ölkələr sırasına daxil olub və dünya birliyinin layiqli hörmətini qazanıb. Dinindən, dilindən, milli mənsubiyyətindən asılı olmayaraq, Azərbaycanın bütün vətəndaşları ölkəmizdə mövcud olan söz, vicdan və dini etiqad azadlığından, dövlət-din münasibətlərindən lazımınca yararlanırlar. Əgər sovet dönəmində Azərbaycanda cəmi 17 məscid və bir kilsə fəaliyyət göstərirdisə, bu gün 2164 məscid, 13 kilsə , 6 sinaqoq tikilərək və ya əsaslı təmir edilərək insanların ixtiyarına verilmişdir.
Möhtərəm Prezidentimiz İlham Əliyevin müdrik siyasəti nəticəsində ölkəmizdə yaşayan bütün millətlərin, etnik azlıqların dini inancına, dilinə, mədəniyyətinə bərabər səviyyədə hörmət və ehtiramla yanaşılır, adət-ənənələrin, el şənlikləri və mərasimlərin həyata keçirilməsinə lazımi şərait yaradılır, hətta bir çox bayramlar birlikdə və hamılıqla keçirilir.
Azərbaycan Respublikasında dövlət-din münasibətlərini tənzimləyən və birbaşa vətəndaşların vicdan azadlığı ilə bağlı olan qanunvericilik bazası formalaşdırılarkən, eləcə də, mövcud qanunvericilikdə dəyişikliklərin layihəsi hazırlanarkən ölkə ərazisində yaşayan və fəaliyyət göstərən çoxmillətli və çoxdinli etnik qrupların vicdan azadlığı və tolerantlıq məsələlərinə xüsusi diqqət yetirilmişdir. Əsas məqsəd uzun dövrlər ərzində azərbaycanlılarla birgə harmoniya və qardaşlıq şəraitində yaşayan xalqların ən böyük nailiyyəti olan dini və milli dözümlülük ənənələrinin möhkəmləndirilməsi və onu yad təsirlərdən qorumaq olmuşdur.
Müstəqil Azərbaycan Respublikasının Konstitusiyasının 18-ci maddəsində dövlət-din münasibətləri öz hüquqi statusunu alaraq dinin dövlətdən ayrı olması, bütün dini etiqatların qanun qarşısında bərabərliyi elan edilir, insan ləyaqətini alçaldan və ya insanpərvərlik prinsiplərinə zidd olan dinlərin yayılması və təbliğinin qadağan olması göstərilir.
Konstitusiyanın "Bərabərlik hüququ" adlanan 25-ci maddəsində deyilir: "Dövlət irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, əqidəsindən, siyasi partiyalara və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir".
Konstitusiyanıın "Vicdan azadlığı" adlanan 48-ci maddəsində isə hər kəsin dinə münasibətlərini müstəqil müəyyənləşdirmək, hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, yaxud heç bir dinə etiqat etməmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək hüququ vardır".
Dini qurumlar arasında qarşılıqlı əməkdaşlığı və tolerantlığı genişləndirmək və dini fəaliyyət sahəsində dövlət siyasətinin həyata keçirməsinin müvafiq icra hakimiyyəti orqanlarının dini qurumlarla bağlı fəaliyyətinin əlaqələndirilməsini təmin etmək məqsədi ilə 21 iyun 2001-ci ildə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, 2014-cü ilin fevralında Millətlərarası, Multukulturalizm və Dini Məsələlər üzrə Dövlət Müşavirliyi, digər sahələrlə yanaşı dini maarifləndirmə işlərini aparmaq üçün 2014-cü ilin 7 mayında Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu yaradılmışdır.
2009-cu il 6-7 noyabr tarixində Bakıda keçirilən "Dinlərarası dialoq, qarşılıqlı anlaşmadan birgə əməkdaşlığa doğru" mövzusunda beynəlxalq konfrans , 2008-ci ilin 2 dekabrında Bakıda keçirilən " Mədəniyyətlərarası dialoq Avropa və onun qonşu regonlarında davamlı inkişafın və sülhün əsasıdır" mövzusundakı beynəlxalq konfrans, 2010-cu il 26-27 apreldə keçirilən Dünya Dini Liderlərinin Bakı Sammiti və Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumları belə tədbirlərdəndir.
Ölkə Prezidenti İlham Əliyevin vurğuladığı kimi, "Bakıda ənənəvi Humanitar Forumlar keçirilir. Mədəniyyətlərarası Dialoq Forumları bir neçə dəfə keçirilmişdir.Sivilizasiyalar Alyansının Qlobal Forumunun Bakıda keçirilməsi doğrudan da bizə verilən böyük qiymətdir, həm də bizim üçün böyük şərəfdir.
Azərbaycanda tolerantlıq və multikultural ənənələrin qorunub saxlanılması və inkişafı yolunda Heydər Əliyev Fondunun və onun rəhbəri, millət vəkili, hörmətli Mehriban xanım Əliyevanın xidmətləri danılmazdır. Heydər Əliyev Fondu fəaliyyətində milli-mənəvi dəyərlərimizin qorunmasına, tarixi-mədəni abidələrimizin bərpasına və tolerantlığın təşviqinə böyük önəm verir. Fondun Şərqdə, habelə, Avropa ölkələrində dini abidələrin bərpa və təmir olunması sahəsində gördüyü işlər Azərbaycan xalqı və hökumətinin dünya mədəni irsinə, dini dəyərlərə verdiyi töhfənin təcəssümüdür. Heydər Əliyev Fondu Azərbaycan həqiqətlərinin YUNESCO və İSESCO səviyyəsində təbliğ olunmasına, bu mötəbər beynəlxalq təşkilatların ölkəmizin təbliğatçısına çevrilməsinə nail olmuşdur. Bilavasitə, Heydər Əliyev Fondunun təşkilatçılığı ilə 2015-ci ilin sentyabrında Parisdə "Dini tolerantlıq: Azərbaycanda birgəyaşayış mədəniyyəti" mövzusunda keçirilən konfransda çıxışı zamanı Azərbaycanın Birinci Xanımı Mehriban Əliyeva haqlı olaraq demişdir: "Öz mədəniyyətinə, öz tarixinə,öz ənənələrinə və öz əməllərinə hörmətlə yanaşan xalq gərək eyni şəkildə fərqli mədəniyyətlərə də, fərqli tarixə də hörmətlə yanaşsın".
Tolerantlıq və multikulturalizm sahəsində aparılan işləri yüksək dəyərləndirən və ümumulikdə, Azərbaycanın gələcək inkişafının konturlarını uzaqgörənliyi ilə dəqiqliklə müəyyən edən ölkə Prezidenti İlham Əliyev 2016-cı ilin Azərbaycanda "Multikulturalizm ili" elan olunması ilə bağlı qərarı istər ölkəmizdə yaşayan xalqlar, istərsə də beynəlxalq ictimaiyyət tərəfindən rəğbətlə qarşılanmışdır.
Min illər boyu xalqımız tərəfindən yaşadılaraq bu günümüzə gəlib çıxmış və dövlətimizin siyasətindəki prioritet sahələrdən birinə çevrilmiş Azərbaycandakı tolerantlıq və multikulturalizm dünya üçün böyük sərvətdir.
Vidadi Rzayev,
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun əməkdaşı