Dünən Bakı Ağır Cinayətlərə Dair Məhkəmədə hakim Eldar İsmayılovun sədrliyi ilə Xətai rayonu, Zığ yolu küçəsi 16 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğınla bağlı məhkəmə iclası keçirilib. SİA xəbər verir ki, məhkəmə iclasında şahid - Xətai rayonunun icra hakimiyyəti başçısının 1-ci müavini Quliyev Rafiq Çəpərxan oğlunun çıxışı dinlənilib.
Şahid hakimin suallarını cavablandırarkən deyib ki, yanan binanın oda həssas örtüklə üzlənməsinə baş idarə nəzarət edib.
Sonra hakim təqsirləndirilən şəxslərin şahidi tanıyıb-tanımadıqlarını soruşub. Onlar şahidi tanımadıqlarını bildiriblər.
Bunun ardınca, dövlət ittihamçısı və vəkillərin müxtəlif suallarını cavablandıran R.Quliyev bildirib ki, yanan binanın ərazisi 118 saylı MİS-in nəzarətindədir.
Hakim Eldar İsmayılov şahidə istintaq materiallarına onun tərəfindən binanın əhatəsinə vurulmuş Bakı Şəhər İcra Hakimiyyətinə məxsus lövhələrin şəkillərinin, eləcə də videoçəkilişinin verdiyini xatırladıb. R.Quliyev belə olduğunu təsdiq edib.
Dövlət ittihamçısı, R.Quliyevin növbəti məhkəmə iclasına da çağırılmasını təklif edib.
Məhkəmə iclasının sonunda hakim deyib ki, daha 4 nəfər şahid məhkəməyə çağırılıb və onlar bu iclasda iştirak etmədiklərinə görə, növbəti iclasın vaxtını 15 noyabr tarixinə, saat 10:30-a təyin edib.
Xatırladaq ki, hadisə ötən il aprelin 10-da Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi 16 saylı ünvanda baş verib. Həmin ünvanda "TNH" şirkəti tərəfindən fasadında "poliuretan" materialla üzləmə işləri aparılan doqquzmərtəbəli yaşayış binasında ağır nəticələrə səbəb olan yanğın qeydə alınıb. Faktı üzrə Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. Cinayət işi üzrə aparılan baxış, axtarış, götürmə istintaq hərəkətləri ilə "TNH" şirkətinin fəaliyyətinə, istehsal etdiyi "poliuretan" məmulatının keyfiyyət və istehsal texnologiyasına dair zəruri materiallar, həmçinin, iş üçün əhəmiyyət kəsb edən digər sənədlər müvafiq qaydada maddi sübut kimi götürülüb. Ağırlaşdırıcı hallarda vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə yanğın təhlükəsizliyi qaydalarını kobud surətdə pozaraq Xətai rayonu ərazisində yerləşən - qeyd edilən yaşayış binasına və bina sakinlərinə külli miqdarda maddi ziyan vurulmasına səbəb olan əməllərinə görə "TNH" şirkətinin fəaliyyətinə və görülən işlərə faktiki rəhbərliyi həyata keçirən Fərid Sadıqov, şirkətin direktoru Zaur Əşrəfov, şirkət direktorunun tikinti işləri üzrə müavini Nüsrət Muxtarov Cinayət Məcəlləsinin 225.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, barələrində Nəsimi Rayon Məhkəməsinin qərarları ilə 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Sonradan həbs-qətimkan tədbirinin müddəti artırılıb.
R.RƏSULOV