PDF Oxu

Sosial

  • 5 688

9 Noyabr Dövlət Bayrağı Günüdür

9 Noyabr Dövlət Bayrağı Günüdür

"Gərək hər bir evdə Azərbaycan bayrağı olsun, hər bir ailə Azərbaycan bayrağına itaət etsin. Bu bayraq gərək hər bir ailənin həyatının əziz bir hissəsi olsun".

Heydər Əliyev

Dövlət rəmzləri dövlətçilik əlaməti olmaqla, ölkənin tarixi keçmişlərindən gələn və gələcəyə istiqamətlənən özünəməxsusluğunu əks etdirir. Çünki atribut xalqın mübarizə simvoludur. Azərbaycan Respublikasının Konstitusiyasında qeyd olunduğu kimi, "Azərbaycan Respublikasının dövlət rəmzləri - Azərbaycan Respublikasının Dövlət bayrağı, Azərbaycan Respublikasının Dövlət gerbi və Azərbaycan Respublikasının Dövlət himnidir".

Azərbaycan Respublikasının dövlətçilik rəmzləri sırasında yer alan Dövlət Bayrağı siyasi-ideoloji və mənəvi baxımdan əhəmiyyətlidir. Yaşıl, qırmızı, göy rənglərdən, ağ aypara və səkkizguşəli ulduzdan ibarət üçrəngli bayraq Azərbaycan dövlətinin suverenliyinin rəmzidir. Hər bir rəng Azərbaycan xalqına məxsus dəyərləri özündə ehtiva edir. Göy rəng Azərbaycan xalqının türk mənşəli olmasını, türkçülük ideyası ilə bağlıdır. Qırmızı rəng müasir cəmiyyət qurmaq, demokratiyanı inkişaf etdirmək, bir sözlə, müasirləşməni, inkişaf istəyini ifadə edir. Yaşıl rəng isə islam sivilizasiyasına, islam dininə mənsubluğun göstəricisidir. Demək, bayrağımız üzərindəki hər bir rəng Azərbaycan tarixinindən danışır. Azərbaycan xalqının türk milli mədəniyyətinin, müsəlman sivilizasiyasının və müasir Avropa demokratik əsaslarının simvoluna çevrilən, azadlıq eşqimiz olan üçrəngli Azərbaycan bayrağı bu gün göylərə yüksəlib və ölkəmizdə qürurverici bir haldır ki, Dövlət Bayrağı Günü qeyd olunur. Azərbaycan Prezidenti İlham Əliyevin 17 noyabr 2009-cu il Sərəncamı ilə Dövlət Bayrağı Günü ölkəmizdə 9 noyabr tarixində qeyd olunmağa başladı. Qeyd edək ki, Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan indiki dövlət bayrağı 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin iclasında qəbul edilib. 1920-ci il aprelin 28-də Azərbaycan Xalq Cümhuriyyətinin süqut etməsi və sovet hakimiyyətinin qurulması ilə üçrəngli bayrağımızın yüksəklikdə dalğalanmasına sədd qoyulsa da, bu, xalqın təfəkküründə dərin iz salmışdır. Hər kəs bu böyük amalla Azərbaycan bayrağının vətən torpağında dalğalanması arzusu ilə yaşamışdı. İllər uzunu müstəqilliyə doğru gələn yolda Azərbaycan Respublikasının üçrəngli bayrağı ikinci dəfə 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sessiyasında Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə qaldırılıb. Ulu Öndər Heydər Əliyev deyirdi:"Gərək hər bir evdə Azərbaycan bayrağı olsun, hər bir ailə Azərbaycan bayrağına itaət etsin. Bu bayraq gərək hər bir ailənin həyatının əziz bir hissəsi olsun".

Ulu Öndər Heydər Əliyev Azərbaycan Respublikasının bayrağının Azərbaycan dövlətinin müstəqilliyini təcəssüm etdirən müqəddəs rəmzlərdən biri kimi dəyərləndirirdi: "Vətəndaşlarımıza, xüsusən, gənclərimizə dövlət atributlarına dərin ehtiram hisslərinin aşılanması cəmiyyətdə vətənpərvərlik ruhunun möhkəmləndirilməsi işinə, bilavasitə xidmət edir. Dövlət atributlarının mahiyyətinin və əhəmiyyətinin əhali arasında geniş təbliğ olunması, gənc nəslin Azərbaycanın bayrağına, gerbinə və himninə hörmət ruhunda tərbiyə edilməsi vətəndaş cəmiyyətinin yaradılmasının mühüm amillərindən biridir".

Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra Dövlət Bayrağı milli suverenliyin simvolu kimi təsdiq olunub, Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında çoxsaylı normativ aktlar qəbul edilib. Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev dövlət rəmzlərinə böyük diqqət göstərir. Belə ki, Azərbaycan Respublikasının 2004-cü il 8 iyun tarixli Qanunu ilə Azərbaycan Respublikası Dövlət Bayrağının istifadəsi qaydaları müəyyənləşdirilib. Bu qanunla Dövlət Bayrağının qaldırılmalı və yerləşdirilməli olduğu yerlər müəyyən edilmişdir. Azərbaycan Prezidentinin "Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində Dövlət bayrağı meydanının yaradılması haqqında" 2007-ci il 17 noyabr tarixli Sərəncamına əsasən, Bakının Bayıl qəsəbəsində dünyanın ən hündür bayraq dirəyi inşa edilib və Dövlət Bayrağı Meydanı salınıb. Meydan üçün seçilmiş yer dövlət bayrağının paytaxtın müxtəlif nöqtələrindən görünməsinə imkan yaradır. Hündürlüyü 162 metr, bünövrəsinin diametri 3,2, bünövrənin üst hissəsinin diametri 1,09 metr olan Dövlət Bayraq Meydanı Ginnes Dünya Rekordları Təşkilatı tərəfindən 2010-cu il mayın 29-da dünyada ən hündür bayraq dirəyi olduğunu təsdiq edib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə Bakı şəhərində açılışı olan və dünyaya səs salan Dövlət Bayrağı Meydanı bayrağımıza, dövlətçilik tariximizə olan ehtiramın təntənəsidir. Meydanda qurulmuş Azərbaycan Respublikasının gerbi, dövlət himninin mətni və ölkəmizin xəritəsi qızıl suyuna salınmış bürüncdən hazırlanıb. Bütün bunlarla yanaşı, Meydanda Dövlət Bayrağı Muzeyi də yaradılıb. Bu gün ən yüksək zirvələrdə dalğalanan üçrəngli bayrağımız Azərbaycan dövlətinin gücünü və xalqımızın milli birliyini nümayiş etdirir. Paytaxt Bakı şəhərilə yanaşı, ölkəmizin bir çox bölgələrində də yaradılan bayraq meydanları da dövlət atributlarımıza ölkə başçısının olan sevgi və hörmətinin göstəricisidir. "Bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir", - deyən Prezident İlham Əliyev bu gün Azərbaycanın hər bir yerində dalğalanan Dövlət Bayrağının Azərbaycan ərazi bütövlüyünü bərpa edəndən sonra işğal altında olan torpaqlarda qaldırılacağına əminliyini bildirib: "Bizim bayrağımız Dağlıq Qarabağda, Xankəndidə, Şuşada dalğalanacaqdır. O günü biz hər an öz işimizlə yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq".

Müasir dövrümüzdə Dövlət Bayrağımız dünya ölkələrində dalğalanır. Respublikamızın dövlət qurumlarının və diplomatik nümayəndəliklərinin binaları üzərində ucalır. Mötəbər mərasimlərdə, yarışlarda Azərbaycan Bayrağının dalğalanması hər kəsə qürur verir.

NƏZAKƏT

Digər xəbərlər