Dünən AMEA Milli Azərbaycan Tarixi Muzeyində "Qadın geyim bəzəkləri" sərgisinin açılış mərasimi keçirildi.
Tədbiri giriş sözü ilə açan AMEA Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı bildirib ki, Milli Azərbaycan Tarixi Muzeyinin materialları əsasında təşkil olunan sərgi Azərbaycan ənənəvi qadın geyim bəzəklərinə həsr olunub. Sərgidə 200-dən artıq eksponat nümayiş olunur: "sərgidə baş bəzəkləri, düymə və piləklər, ətəklik, yaxalıq və əlcəklər, sancaqlar, kəmərlər, ayaq geyim bəzəkləri, tikmələr, toxuma bəzəklər yer alıb. Nümayiş olunan eksponatların bir qismi e.ə.XIII - b.e.VII əsrləri aiddir, əksər eksponatlar XVIII-XX əsrin əvvəllərinə aiddir.
Muzeyin direktoru qeyd etdi ki, əksər eksponatlar ilk dəfədir nümayiş olunur. Sərginin keçirilməsində məqsəd ulularımızın yaratdığı maddi dəyərləri düzgün təbliğ etmək, unudulmaq və yad əllərə düşmək təhlükəsindən xilas etmək üçün gənc nəslə, xarici tədqiqatçılara sağlam şəkildə çatdırmaqdır.
Tədbirdə çıxış edən muzeyin etnoqrafiya fondunun müdiri, "Qadın geyim bəzəkləri" albom-kataloqunun tərtibatçısı Gülzadə Abdulova Nailə Vəlixanlının rəhbərliyi və redaktorluğu ilə ərsəyə gələn adıçəkilən albom-kataloq haqqında məlumat verdi. Qeyd etdi ki, kitab-albom "Baş bəzəkləri", "Düymə və piləklər", "Ətəklik, yaxalıq və əlcəklər", "Sancaqlar", "Kəmərlər", "Ayaq geyim bəzəkləri", "Toxuma bəzəklər", "Tikmələr" adlı bölmələrdən ibarətdir.
Qonaqlardan çıxış edən AMEA müxbir üzvü N.Axundova sərgidə əməyi keçən işçi qrupuna və muzeyin rəhbərliyinə öz təşəkkürünü bildirdi. Sonda muzeyin direktoru, akademik Nailə Vəlixanlı sərginin dizaynı və təşkilatçısı elmi ekspozisiya və sərgilərin təşkili şöbəsinin müdiri Səbuhi Əhmədova, həmçinin, tərtibat işlərində fərdi kolleksionerlər Ruslan Hüseynov və Fuad Cəbrayılova xüsusi təşəkkürünü bildirdi və qonaqları sərgi ilə əyani tanışlığa dəvət etdi.
ZÜMRÜD