Bu gün ilk Milli Konstitusiyamızın qəbul edilməsindən 21 il ötür. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin bilavasitə təşəbbüsü və müəllifliyi ilə hazırlanan və qəbul olunan ilk Milli Konstitusiya çağdaş dünyanın ən mütərəqqi konstitusiyalarından biri olmaqla, suveren dövlətçilik tariximizdə yeni mərhələ açdı. 1995-ci il noyabrın 12-də Azərbaycan xalqı çoxəsrlik dövlətçilik ənənələrini davam etdirərək ümumxalq səsverməsi - referendum yolu ilə özünün ilk Milli Konstitusiyasını qəbul edərək Ana Qanunumuzda qanunçuluğu ideya və dəyərlər sistemi kimi təsbit etmiş oldu. Konstitusiyanın qəbulundan sonra ölkəmizdə bütün sahələrdə, xüsusən də, hüquqi dövlət quruculuğu və insan haqlarının təmini sahəsində əhəmiyyətli dəyişikliklər baş verdi. Hakimiyyət bölgüsü prinsipinin daha ardıcıl həyata keçirilməsi üçün məhkəmə-hüquq islahatları aparıldı, respublikamız insan hüquqları sahəsində bir çox konvensiyalara qoşuldu, vətəndaşların hüquq və azadlıqlarının qorunması üçün ölkə daxilində yeni mexanizmlər yaradıldı.
Azərbaycan Respublikasının Əsas Qanunun qəbulu təkcə ölkədə yeni hüquqi bazanın yaradılması demək deyildi. Bu, mahiyyət etibarilə Azərbaycanda müstəqil dövlət quruculuğu tarixində keyfiyyətcə yeni səhifənin açılması idi. Müstəqilliyin ilk illərindən siyasi çəkişmələr, hakimiyyət böhranı, qiyam və çevriliş cəhdləri ilə silkələnən Azərbaycan üçün Yeni Konstitusiyanın qəbulu çoxdan gözlənilən daxili sabitliyin bərqərar olması demək idi.
Azərbaycan Respublikası Konstitusiyasının hazırlanması və qəbul edilməsi Ümummilli Lider Heydər Əliyevin dönməz iradəsi, gərgin əməyi, dərin düşüncəsi və siyasi uzaqgörənliyi nəticəsində mümkün oldu. Ulu Öndər Heydər Əliyev konstitusiyanın dövlətlə, hakimiyyətlə xalqın arasında olan münasibətləri özündə əks etdirən mühüm Sənəd olduğunu vurğulayırdı: "Hakimiyyət bölgüsü, qanunvericilik, ali icra, məhkəmə hakimiyyətləri - bunların hamısı xalqın iradəsinə söykənməli, seçkilər yolu ilə təmin olunmalıdır. Dövlət xalqın işi olmalıdır. Xalq dövlət üçün yox, dövlət xalq üçün olmalıdır və bu prinsiplər konstitusiyamızın əsasını təşkil etməlidir".
Bu ali sənəd ölkədə həyata keçirilən hüquqi-demokratik islahatlar üçün möhkəm təmələ çevrildi. 1996-cı il fevralın 6-da Ulu Öndər Heydər Əliyevin Sərəncamı ilə noyabrın 12-i Azərbaycan Respublikası Konstitusiya Günü elan edildi. Hər il 12 noyabr - Azərbaycan Respublikası Konstitusiyasının qəbul olunduğu gün ölkəmizdə rəsmi dövlət bayramı kimi qeyd olunur.
İlk ali Qanunu qəbul etməklə Azərbaycan xalqı bütün cəmiyyətin və hər kəsin firavanlığını, azadlığını və təhlükəsizliyinin bərqərar edilməsinə nail oldu. Beş bölmə, 12 fəsil, 158 maddə və keçid müddəalarından ibarət olan konstitusiyanın mühüm özəlliklərindən biri də vətəndaş hüquq və azadlıqlarına geniş yer ayırılması idi. 1996-1997-ci illərdə Azərbaycan insan hüquq və azadlıqlarının, demokratik təsisatların inkişafının təminatı ilə bağlı bir sıra beynəlxalq konvensiyalara qoşuldu. 1998-ci il fevralın 10-da Azərbaycanda ölüm hökmü ləğv edildi. Azərbaycan MDB məkanında və müsəlman dünyasında bu tarixi qərarı qəbul edən ilk dövlət idi. 14 iyul 1998-ci il tarixdə Azərbaycanda konstitusion müstəvinin ən vacib institutlarından biri - Konstitusiya Məhkəməsi fəaliyyətə başladı. 1998-ci il avqustun 6-da Ümummilli Lider Heydər Əliyev konstitusion hüququn təməl prinsiplərindən olan söz azadlığının təminatı ilə bağlı mühüm bir qərara imza atdı. Belə ki, mətbuat üzərində senzura tamamilə ləğv edildi. 1999-cu il dekabrın 12-də konstitusiyada təsbit olunmuş keçid müddəalarından daha birinə əməl olundu - ölkədə ilk bələdiyyə seçkiləri keçirildi, yerli özünüidarə institutu fəaliyyətə başladı. 2001-ci ilin yanvarında Avropa Şurasına tamhüquqlu üzv qəbul edilməsi ilə ölkəmiz bir sıra konvensiyalara qoşuldu, dövlətin hüquqi sisteminin demokratik dünya standartlara uyğunlaşdırılması davam etdi. 2002-ci ildə İnsan Hüquqları üzrə Müvəkkil - Ombudsman təsisatı fəaliyyətə başladı.
Sözsüz ki, həyat və zaman dəyişdikcə gələcəkdə də dövlətin hüquqi sistemində, onun konstitusiyasında təkmilləşmə, islahatlar yenə zəruriyyətə çevrilir. 1995-ci ildə qəbul edilən Azərbaycan Konstitusiyası nə qədər təkmil və mütərəqqi olsa da, ötən zaman müddətində ona əlavə və dəyişikliklərin edilməsi ilə bağlı dəfələrlə referendum keçirilib. 24 avqust 2002-ci il tarixində konstitusiyaya edilmiş əlavə və dəyişikliklər yeni dövrün çağırışlarını özündə ehtiva edirdi. 18 mart 2009-cu ildə ümumxalq səsverməsi nəticəsində konstitusiyaya bir sıra yeni əlavə və dəyişikliklər edildi. Bu dəyişikliklərin özü də konstitusiyanın bir çox müddəalarının təkmilləşdirilməsinə xidmət göstərirdi. Bütövlükdə isə, bütün bu əlavə və dəyişikliklərin hər biri konstitusiyanın təkmilləşməsinə xidmət etmiş oldu.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar ölkəmizin tərəqqisinə, inkişafının davamlı xarakter daşımasına, dövlət müstəqilliyinin möhkəmlənməsinə, idarəetmənin təkmilləşdirilməsi və demokratik inkişaf prosesinə əhəmiyyətli töhfələr verir. Prezident İlham Əliyevin ötən 13 ildə Azərbaycana rəhbərliyi ilə cəmiyyət həyatının bütün sahələrində uğurlar əldə edilib, ardıcıl olaraq sosial-iqtisadi islahatlar həyata keçirilib. Cəmiyyətin inkişafı, yeni ictimai-siyasi münasibətlərin meydana çıxması konstitusiyada islahatların aparılmasını zəruri etdiyindən 2016-cı ildə növbəti dəfə Azərbaycan Respublikası Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı ümumxalq səsverməsi keçirildi.
Konstitusiyaya edilən edilən əlavə və dəyişikliklər özündə kompleks məsələləri ehtiva edir. Onların bir hissəsi insan hüquq və azadlıqlarının müdafiəsinə həsr olunub. Bir sıra əlavə və dəyişikliklərdə insanların şərəf və ləyaqətinin qorunması, hüquqlarının müdafiə olunması, təhlükəsizliyinin təmin olunması, o cümlədən, müasir dövrdə informasiya-kommunikasiya texnologiyalarından istifadə etməklə fərdin hüquqlarının pozulmasının qarşısının alınması kimi məsələlər yer alıb.
Silahlı qüvvələrlə bağlı edilən dəyişikliklər də təqdirəlayiqdir. Əgər bu günə qədər Ali Baş Komandan statusu yalnız Ordu, Silahlı Qüvvələr üzərində idisə, artıq konstitusiyaya edilən dəyişikliklərə əsasən, bütün silahlı birləşmələr Ali Baş Komandanın əmrinə tabedir. Digər mühüm və vacib məqamlardan biri isə prezidentlik müddətinin 5 ildən 7 ilə artırılmasıdır. Bu, həm dövlət başçısına irəli sürdüyü proqram və layihələri daha məqbul zaman formasında icra etməyə imkan verəcək, həm də özündə dünya təcribəsini ehtiva edir. Dünyanın bütün demokratik dövlətlərində vitse-prezidentlik institutu var. Dünya təcrübəsində olan bu demokratik ənənənin Azərbaycan Konstitusiyasında da əks olunması müsbət haldır. Bütün bunlar çevik və səmərəli siyasət aparmağa, ölkənin siyasi nüfuzunu və iqtisadi-hərbi qüdrətini daim artırmağa, iqtisadi və siyasi səhnədə olduğu kimi, idarəetmədə də islahatlar keçirməyə imkan yaradacaq. Bu dəyişikliklər hazırlanan zaman dünyanın qabaqcıl ölkələrinin təcrübəsi nəzərə alınıb, Azərbaycanın özünəməxsus inkişaf yolunun vacib prinsipləri qorunub.
NƏZAKƏT ƏLƏDDİNQIZI