Bu kateqoriyadan olan soydaşlarımızın yeni evlər və mənzillərlə təmin olunması istiqamətində son illər əhəmiyyətli tədbirlər görülür
Son 13 ildə həyata keçirilən siyasi-iqtisadi idarəçilik modeli nəticəsində ölkəmizdə bütün sahələrdə uğurlar və yeniliklər əldə edilib, yaradılan təkmil Azərbaycan modeli dünyanın əksər ölkələri üçün nümunədir. Həmçinin, ölkənin əsas sərvəti olan Azərbaycan xalqının inkişafına hesablanmış siyasətdən qaçqın və məcburi köçkünlər də faydalanırlar. Məhz ölkə əhalisinin ən həssas hissəsi olan qaçqınların və məcburi köçkünlərin problemlərinin həllinə Ulu Öndər Heydər Əliyevin yanaşmasının davamı olaraq, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyilə həyata keçirilən hərtərəfli dövlət siyasəti, müvafiq dövlət proqramlarının qəbulu və onların icrası nəticəsində 6,2 milyard manatdan çox vəsait sərf olunub. Ondan 2,8 milyard manatı dövlət büdcəsinin, 2 milyard manatı Dövlət Neft Fondunun, 1,4 milyard manatı isə beynəlxalq maliyyə qurumları və ölkəmizdə fəaliyyət göstərən beynəlxalq humanitar təşkilatların vəsaitidir.
Eyni zamanda, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində doğma yurdlarından qovularaq qaçqın və məcburi köçkünə çevrilən soydaşlarımızın yeni evlər və mənzillərlə təmin olunması istiqamətində son illər əhəmiyyətli tədbirlər görülür. 2007-ci ildə ölkədəki 12 çadır düşərgəsinin ləğv edilməsi ilə başlanan proses nəticəsində qaçqın və məcburi köçkünlər üçün indiyədək 2,9 milyon kvadratmetr yaşayış sahəsi olan 95 müasir qəsəbə və çoxmərtəbəli binalardan ibarət yaşayış kompleksi salınıb. İndiyədək 50 min ailə və ya 250 min qaçqın və məcburi köçkünün mənzil şəraiti yaxşılaşdırılıb. Qaçqın və məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılmasına 2,3 milyard manat vəsait sərf olunub. Bu kateqoriyadan olan insanların sosial problemlərinin həlli üçün son 23 ildə 6,1 milyard manat vəsait xərclənib. Son 13 ildə məcburi köçkünlərə aylıq yemək xərci üçün verilən müavinətin məbləği 4 dəfə, kommunal xidmətlərə görə vəsaitin məbləği isə 4,5 dəfə artırılıb. Son 13 ildə 2 min nəfərdən çox məcburi köçkün sahibkarlıq subyektinin investisiya layihələrinin maliyyələşdirilməsinə Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə 40 milyon manat güzəştli kredit verilib. Məcburi köçkünlər arasında yoxsulluq həddi son 13 ildə 75 faizdən 12 faizə düşüb.
Yalnız bu ilin on ayında Sabirabad rayonunda fin tipli qəsəbələrdə müvəqqəti məskunlaşmış 440, Qazaxdakı 304, Zaqataladakı 135 məcburi köçkün ailəsinin həmin rayonlarda yeni salınmış qəsəbələrə və Bakının Ramana qəsəbəsində inşa edilmiş beşmərtəbəli binaya 50 məcburi köçkün ailəsinin, Sumqayıt şəhərinin Hacı Zeynalabdin Tağıyev qəsəbəsində 50 hərbçi ailəsinin yeni yaşayış binasına köçürülməsi təmin edilib. Prezidentin ehtiyat fondundan ayrılan vəsait hesabına Abşeron rayonu ərazisində 44 hazır mənzil alınıb, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərdəkandakı əlillər üçün pansionatında müvəqqəti məskunlaşan məcburi köçkünlərin bu ilin noyabrında buraya köçürülməsi təmin ediləcək.
İndi Bakı da daxil olmaqla, Tərtər, Beyləqan, Şirvan, Sumqayıt, Kürdəmir və Ucarda qəsəbə, məhəllə və yaşayış komplekslərinin layihə-smeta sənədləri hazırlanır. Bundan əlavə, Gəncə, Goranboy, Bərdə və Ağcabədidə yeni layihələndirmə işləri üçün müvafiq torpaq sahələri ayrılıb. Bu ilin proqramına əsasən, Horadizdə 400 məcburi köçkün ailəsi üçün yeni qəsəbə salınıb. 417 hektar sahəni əhatə edən yeni qəsəbədə 400 ev, məktəb, uşaq bağçası, inzibati bina, tibb məntəqəsi, klub-icma mərkəzi, poçt binası tikilib. Bu qəsəbəyə ölkə üzrə mövcud olmuş 16 fin tipli qəsəbədən və Füzuli rayonunda olan sonuncu fin tipli qəsəbədə müvəqqəti məskunlaşmış məcburi köçkünlər köçürüləcəklər.
Qeyd edək ki, bu kateqoriyadan olan soydaşlarımız üçün yaradılan mənzil şəraiti yüksək səviyyətə təchiz olunur. Bunu noyabrın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Füzuli rayonunun Horadiz şəhərində məcburi köçkünlər üçün salınan yeni qəsəbədə yaradılan şəraitlə tanış olarkən də müşahidə etdik.
Belə ki, bütün zəruri sosial-texniki infrastruktur obyektləri ilə birlikdə salınan qəsəbədə 400 evin ümumi yaşayış sahəsi 21 min 511 kvadratmetrdir. Mənzillərdən 20-si birotaqlı, 200-ü ikiotaqlı, 168-i üçotaqlı, 12-si isə dördotaqlıdır. Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun sifarişi ilə aparılan tikinti işləri zamanı zəruri infrastrukturun yaradılmasına xüsusi diqqət göstərilib. Qəsəbədə 120 yerlik uşaq bağçası da salınıb. İkimərtəbəli bağça hər cür avadanlıqla təchiz olunub.
Bağçada uşaqların əyləncəsi və istirahəti üçün yüksək şərait yaradılıb. Burada balacaların təlim-tərbiyəsi üçün bütün tələblər nəzərə alınıb. Bağçanın musiqi zalında da hər cür şərait mövcuddur.
Qəsəbədəki məktəb isə 320 şagird yerlikdir. Binanın foyesində Ümummilli Lider Heydər Əliyevin büstü qoyulub. Bundan başqa, burada Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin qaçqın və məcburi köçkünlərə qayğısını və onlarla görüşlərini əks etdirən fotostendlər yaradılıb. Burada aprel döyüşlərində ordumuzun qələbəsini əks etdirən fotolardan ibarət guşə, həmçinin, indiyədək istifadəyə verilmiş yeni qəsəbələrin fotostendləri də var. Məktəbin hərbi kabineti əyani vəsaitlərlə zənginləşdirilib. Akt zalında müxtəlif tədbirlərin keçirilməsi üçün bütün imkanlar var. Kompüter otağında isə şagirdlər informasiya texnologiyalarının sirlərinə yiyələnəcəklər.
Bir daha qeyd edək ki, Prezident İlham Əliyevin təhsilin inkişafına göstərdiyi diqqət və qayğı təsdiqləyir ki, bu sahə dövlət siyasətinin mühüm prinsipləri sırasındadır. Bu siyasət təkcə paytaxtı deyil, bölgələri də əhatə edir, doğma yurdlarından didərgin düşən soydaşlarımızın təhsilinin yüksək səviyyədə qurulmasına xidmət göstərir. Heydər Əliyev Fondunun dövlət səviyyəsində həyata keçirilən bu fəaliyyət proqramına verdiyi dəstək isə öz nadirliyi ilə seçilir.
Əlavə edək ki, qəsəbənin elektrik, qaz, içməli və suvarma suyu ilə təchizatı yüksək səviyyədə qurulub. Bütün zəruri infrastruktura malik qəsəbədə yol-küçə şəbəkələrinin tikintisi də uğurla yerinə yetirilib. Bu yaşayış massivi respublika üzrə qaçqın və məcburi köçkünlər üçün salınan 95-ci qəsəbədir.
"Səs" Analitik Qrupu