PDF Oxu

Sosial

  • 83

Yasamalda YAP-ın yaradılmasının 24 illiyi qeyd olundu

Yasamalda YAP-ın yaradılmasının 24 illiyi qeyd olundu

Dünən Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatında partiyanın yaradılmasının 24-cü ildönümü münasibətilə tədbir keçirilib. Tədbir iştirakçıları öncə Ulu Öndər Heydər Əliyevin büstü önünə çiçək dəstələri qoyublar. Daha sonra İncəsənət Gimnaziyasının şagirdlərinin hazırladığı rəsm əsərlərindən ibarət sərgiyə baxış keçirilib. Tədbiri giriş sözü ilə açan YAP Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov Yeni Azərbaycan Partiyasının çətin şəraitdə yaradılması haqqında tədbir iştirakçılarına məlumat verib: "Bu, həmin ərəfə idi ki, Azərbaycanda xaos hökm sürürdü, dövlət büdcəsi talan olunmuşdu, ölkədə hər addımbaşı cinayətlər törədilirdi. Müstəqil respublika elan olunsaq da, ancaq bu müstəqilliyi qoruyub-saxlamaq qeyri-mümkün bir hala çevrilmişdi. Azərbaycan xalqının çıxılmaz durumda olmasına baxmayaraq, o vaxt iqtidarda olanlar ancaq öz şəxsi niyyətlərinə, şəxsi arzularına xidmət edirdilər. Cəmiyyət ümumxalq inamına malik olan və ilk növbədə, milli birliyə, vətəndaş həmrəyliyinə əsaslanaraq ölkəni böhrandan xilas etməyə qadir olan yeni siyasi qüvvəyə ehtiyac duyurdu. Bu səbəbdən də Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında yeni siyasi partiya yaratmaq istəyi ilə 1992-ci ilin oktyabrında ziyalılar Ona müraciət ünvanladılar. 21 noyabr 1992-ci ildə Naxçıvanda YAP-ın təsis konfransı keçirildi və Ulu Öndər Heydər Əliyev partiyanın Sədri seçildi. Konfransda Azərbaycanın əksər rayonlarından cəmiyyətin bütün təbəqələrini təmsil edən 550 nümayəndə iştirak edirdi. 550 nəfər nümayəndə heytəi ilə təsis konfransı keçirən YAP-ın bu gün 750 min üzvü var. YAP-a üzv olan insanların hamısı Ulu Öndər Heydər Əliyevin işığına yığışanlar və Prezidentimiz İlham Əliyevin apardığı uğurlu siyasəti qəlbən dəstəkləyənlərdirlər". Təşkilat sədri çıxışında onu da bildirdi ki, ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanda vəziyyət dözülməz idi, buna görə də ziyalılar, "91-lər" Ulu Öndər Heydər Əliyevə müraciət etdilər. Bu müraciət "SƏS" qəzetində dərc olundu: "İndi demək asandır, ancaq həmin vaxt "SƏS" qəzetinin belə bir addım atması olduqca cəsarətli bir addım idi. Çünki Ulu Öndərin Azərbyacana qayıdışını istəməyən qüvvələr hakimiyyətdə idilər və vətənini, dövlətini ağır durumdan çıxarmaq istəyənlərə qarşı əsl terror siyasəti həyata keçirirdilər. Buna baxmayaraq xalqımızın iradəsi güc gəldi, xalqımız gözəl bilirdi ki, Azərbyacanı bu bəladan ancaq Ulu Öndər Heydər Əliyev xilas edə bilər. Ümummilli Lider Heydər Əliyevin Azərbaycana qayıdışı, Prezident seçilməsi ermənilərə də böyük zərbə oldu. Erməni Dəmirçiyan deyirdi ki, ermənilər hələ sevinməsinlər, çünki azərbaycanlıların Heydər Əliyev kimi siyasətçisi, dahisi var".

Çıxış edən Yasamal rayon icra hakimiyyətinin başçısı İbrahim Mehdiyev maraqlı faktlara toxunub. O bildirib ki, bu gün özlərini müxalifətçi kimi təqdim edənlər vaxtilə iqtidarda olanda, Ulu Öndər Heydər Əliyevi dəstəkləyən insanları dəyənəklə döyürdülər: "Mənim yadımdadır ki, İsgəndər Həmidov televiziya vasitəsilə xalqımıza barmaq silkələyirdi və bütün idarə, təşkilat, müəssisə rəhbərlərinə demişdi ki, kim YAP-ın iclaslarına qatılsa, iclasların keçirilməsinə yer versə, həmin şəxslər dərhal işdən azad olunacaqlar və həbsə göndəriləcəklər. Ancaq Ulu Öndəri sevənlər bu hədələrdən qorxmadılar, sinələrini qabağa verdilər və o vaxt hakimiyyətdə olanlara zamanla başa saldılar ki, Azərbaycanın nicat yolu Dahi Öndər Heydər Əliyev yoludur. Zaman hər şeyi sübut etdi, bu gün Azərbaycan ən qüdrətli dövlətlərdən birinə çevrilib".

BDU-nun rektoru, akademik Abel Məhərrəmov çıxışında bildirib ki, dünyada 5 min xalq, millət var: "Bunların içərisində isə cəmi 200 xalqın müstəqil dövləti var. Biz də bu 200 dövlətin içindəyik. Eyni zamanda, Azərbacan iqtisadi gücünə, dinamik inkişafına görə dünyanın qabaqcıl dövlətlərdən biridir. Qısa bir müddətdə, cəmi 24 il ərzində bu qədər böyük nailiyyətlər əldə etmək asan məsələ deyil".

Digər çıxış edənlər də Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında göstərdiyi əvəzsiz xidmətlərdən danışıblar. Qeyd olunub ki, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan uğurlu siyasətin layiqli davamçısı Prezident İlham Əliyevin atdığı addımlar, reallaşdrıdığı işlər nəticəsində Azərbaycan günbəgün çiçəklənir, inkişaf edir.

Tədbirdə bir sıra şəxslər fəxri fərman və diplomlarla təltif olunublar.

Tədbir bədii hissə ilə davam etdirilib.

Samir

Digər xəbərlər