AMEA-nın Naxçıvan Bölməsinin əməkdar elm xadimi, fizika-riyaziyyat elmləri doktoru, professor Çingiz Qacarın rus dilində nəşr edilən "Naxçıvan dünyanın ən qədim şəhərlərindən biri" kitabının təqdimat mərasimi keçirilib.
Tədbiri giriş sözü ilə açan Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev Naxçıvan tarixinə həsr edilmiş kitabın əhəmiyyətindən danışıb. Bildirib ki, Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə həsr olunan və AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylinin elmi redaktorluğu ilə "Əcəmi" nəşriyyatında çap edilən dəyərli əsərdə Naxçıvanın tarixi, arxeologiyası, etnoqrafiyası, mədəniyyəti, eyni zamanda, görkəmli şəxsiyyətləri barəsində məlumatlar və foto-şəkillər öz əksini tapıb.
Daha sonra "Dünyanın qədim şəhərlərindən biri-Naxçıvan tarixinə həsr edilmiş dəyərli əsər" mövzusunda bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev geniş məruzə edib.
Tədbirdə bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Musa Quliyev, həmin institutun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Emin Şıxəliyev çıxış edərək, "Naxçıvan dünyanın ən qədim şəhərlərindən biri" kitabının rus dilində nəşr olunmasını Naxçıvan tarixinin dünyada təbliği istiqamətində böyük əhəmiyyət kəsb etdiyini bildiriblər.
ZÜMRÜD